Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Cari ilin sonunadək buraxılacaq ən yeni texnoloji məhsullar

İyul 14
12:34 2014

Business İnsider xəbər verir ki, aşağıdakı ən yeni texnoloji məhsullar, cari ilin sonunadək ictimaiyyətə təqdim olunacaq:

iOS 8 İPhone-a Androidlə ayaqlaşmağa kömək edəcək
Apple şirkətinin iPhone və İpad-lər üçün işləyib hazırladığı yeni əməliyyat sistemi olan iOS8 səthi cəhətdən hal-hazırda işlətdiyiniz əməliyyat sistemindən çox da fərqlənmir (iOS 7 istifadə etdiyinizi güman edirik). Lakin, Apple, yeni əməliyyat sisteminə, Android istifadəçilərinin illərdir zövqlə işlətdiyi xassələr də daxil olmaqla, bir qrup rahat xassələr əlavə edib. Məsələn, siz fərdi klaviatura yükləyə, mesaj tətbiqini açmadan mətn mesajlarına cavab verə və Bildiriş Mərkəzinə vidcetlər əlavə edə bilərsiniz. iOS 8 bu payız mövsümündə pulsuz yükləmə şəklində buraxılacaqdır.

Google yeni Nexus telefonu və ya yeni “Android Silver” proqramını buraxa bilər
Son bir neçə il ərzində, Google təmiz Android versiyalarına malik Nexus telefonlarını buraxıb. Adətən, Samsung kimi istehsalçılar, Android əməliyyat sistemini çətinliklə dəyişir. Nexus proqramı istifadəçilərə, Androidi Google şirkətinin ilk nəzərdə tutduğu şəkildə istifadə etmək imkanı verir.

Lakin, The Information nəşrinin verdiyi xəbərə əsasən, bu il hər şey fərqli ola bilər. Google şirkəti digər istehsalçılarla birgə Android Silver adlı proqram üzərində işləyəcək. Verilən məlumata əsasən, Android Silver istehsalçılara, təmiz Android versiyaları ilə işləyən telefonlar istehsal edərək onları Google vasitəsilə satmağa imkan verəcək. Həmçinin Google şirkətinin HTC şirkəti ilə yeni tablet üzərində çalışdığı bildirilir.

Androidin yeni versiyası telefonunuzun batareya müddətini uzadacaq
Google bu yaxınlarda yeni zərif dizayna malik Android əməliyyat sistemi olan Android L-i təqdim edib. Android L də, smartfonunuzun batareya müddətini əhəmiyyətli dərəcədə artıracaq Project Volt adlanan xassəyə malikdir. Android L bu payız mövsümündə Google şirkətinə məxsus Nexus smartfonları və tabletlərində təqdim olunacaq.

Nexus 7 Tableti
Bir il olar ki, Google son Nexus 7 tabletini ictimaiyyətə təqdim edib. Lakin, ola bilsin ki, istifadəçilər növbəti versiya üçün hələ çox
gözləməli olsunlar. @evleaks Twitter hesabı kimi mənbələrdən əldə edilən xəbər və şayiələrə əsasən, HTC və Google yeni tablet buraxmağa hazırlaşır. Yeni cihazın 8.9 dyümlük ekrana malik olacağı bildirilir, odur ki, əksər insanlar onu Nexus 9 adlandırır. Nexus 9 tabletinin Android L proqramı ilə təxminən eyni vaxtda, bu ilin sonuna yaxın debüt edəcəyi gözlənilir.

Yeni iPad-lərdə yeniliklərin az olacağı güman edilir
Apple iPad Air-lə iPad-in dizaynını əhəmiyyətli dərəcədə dəyişdiyi üçün, bir çoxları iPad-lərdə yeniliklərin az olacağını təxmin edir. iPad-lərin eyni görünüşə sahib olacağı ehtimal olunsa da, onların iPhone 5S-də debüt etmiş Touch ID barmaq izi sensoruna malik olacağı güman edilir. Apple şirkəti yeni i-Pad-ləri adətən Oktyabr ayında buraxır.

Böyük ekranlı iPhone 6 gəlir
İndiyə qədər Apple şirkətinin böyük ekranlı iPhone 6 telefonu barədə bir çox şayiələr gəzir. Odur ki, bu deyilənləri sadəcə şayiə və ya fərziyyə hesab eləmək olmaz. Apple şirkətinin növbəti iPhone-unun iki ölçüdə buraxılacağı ehtimal olunur: biri 4.7 dyüm ekranlı, digəri isə 5.5 dyüm ekranlı. iPhone 5S telefonunun ekranı, günümüzdə mövcud olan əksər smartfonlarla müqayisədə
çox kiçik, cəmi 4 dyümdür. Apple şirkətinin yeni iPhone telefonunun sentyabr ayında ictimaiyyətə təqdim edəcəyi gözlənilir.

Samsung şirkətinin yeni fableti üçün hazır olun
Samsung öz Galaxy Note seriyalı telefonları ilə fabletləri populyarlaşdırdı. Bu payız mövsümündə, şirkətin 4-cü nəsil Galaxy Note, Galaxy Note 4 qadcetini təqdim edəcəyi gözlənilir. Yeni cihaz barədə təfsilatlar çox azdır, lakin onun bu ilin sentyabrında Berlində keçiriləcək IFA konfransında təqdim olunacağı təxmin edilir.

Microsoft şirkəti Surface Mini tabletini buraxa bilər
Microsoft şirkəti, öz Surface tabletinin daha kiçik versiyasını buraxmaq barədə fikrini son anda dəyişməli olmuşdu.Lakin, ümid hələ də var. Məhsullar barədə dəqiq xəbərlər sızdıran @evleaks Twitter hesabından əldə edilən məlumata əsasən, Surface Mini bu yay təqdim oluna bilər.

Windows əməliyyat sisteminin növbəti versiyasını tezliklə görə bilərik
Microsoft şirkətinin Windows 8 əməliyyat sistemi üçün çəkdiyi əziyyətlər lazımi bəhrəsini vermir. Məsələ burasındadır ki, yeni əməliyyat sistemi ənənəvi desktop (masaüstü) və ləptop (dizüstü) fərdi kompüterlərdə yaxşı işləmir. Lakin, bütün bu problemlərin Windows-un növbəti versiyası olan Windows 9-da çözüləcəyi güman edilir. Microsoft məhsulları üzrə mütəxəssis Meri Co Folinin verdiyi məlumata əsasən, Microsoft bu payız mövsümündə Windows 9-u ictimaiyyətə təqdim edə bilər.

Apple şirkətinin yeni Mac əməliyyat sistemi bu payız mövsümündə buraxılacaq
Apple şirkətinin OS X Yosemite Mac əməliyyat sistemləri üzrə yeniləmələri, bu payız mövsümündə bir çox modellər üçün pulsuz yükləmə şəklində təqdim olunacaqdır. Yosemite, iOS 7 modelinin “yastı” (“hamar”) dizaynına cüzi şəkildə bənzəyən yeni dizayna malikdir. Yeni model həmçinin istifadəçilərə artıq kompüterə yüklənmiş məlumatlarla yanaşı internetdə axtarış aparmağa imkan verən yeni Spotlight axtarış xassəsinə malikdir.

Amazonun yeni Kindle Fire tabletləri buraxacağı ehtimal olunur
Amazonun planları barədə əsaslı məlumat əldə edə bilməsək də, yeni Kindle Fire tabletinin bu payız buraxılacağı ehtimalı böyükdür. Amazon adətən yeni tabletlərini payız mövsümünün sonunda, bayramlar ərəfəsində təqdim edir.

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930