“Dərsliklər şagirdlərin başa düşəcəyi dildə hazırlanmalıdır”
838 dəfə baxılıb
Dərsliklərin dilində rast gəlinən norma pozuntuları açıqlanıb.
“Sələf Xəbər”in APA-ya istinadən xəbərinə görə, “Orta məktəb dərsliklərinin dili: norma və üslub problemləri” mövzusunda keçirilən tədbirdə bildirilib ki, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsi tərəfindən aparılan monitorinqlər zamanı dərsliklərin dilində fonetik, leksik və qrammatik normaların pozulması hallarına tez-tez rast gəlinir. Qeyd olunub ki, dərsliklərdə durğu işarələri bəzi hallarda buraxılır, söz sırası pozulur, sözlər yerində düzgün işlədilmir: “Bundan başqa, dərsliklərdə morfoloji əlamət və sintaktik vasitələrdən düzgün istifadə olunmaması, fikir mücərrədliyi və s. rast gəlinən əsas norma pozuntularıdır”.
Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu bildirib ki, 8-ci sinif “Azərbaycan dili”, 7-ci sinif “Tarix” və 8-ci sinif “İnformatika” dərslikləri monitorinqə cəlb olunub. Direktor əlavə edib ki, dərsliklər şagirdlərin başa düşəcəyi dildə hazırlanmalıdır.
Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli qeyd edib ki, “İnformatika” dərsliyində dolaşıq cümlələrdən istifadə olunur. Şöbə müdiri bildirib ki, monitorinq zamanı həyəcan verici faktlar aşkarlanıb.
Sələf Xəbər: Uca Allah buyurur: “Yaradan Rəbbinin adı ilə oxu! O, insanı qan laxtasından yaratdı. Oxu! Sənin Rəbbin (müqayisəsiz) səxavətə malikdir. O, qələmlə (yazmağı) öyrətdi. İnsana bilmədiklərini öyrətdi”. (Qurani-Kərim, “Ələq” surəsi, 1-5-ci ayələr)