Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Dəstəmazın profilaktik və müalicəvi möcüzələri

Noyabr 10
15:42 2014

“Sələf Xəbər” www.onislam.net saytına istinadən gün ərzində 5 dəfə dəstəmaz almağın təkcə bədənin həyati orqanlarını tozdan və çirkdən təmizləməklə bərabər, həmçinin onları “yumşaltdığını” və təravətləndirdiyini bildirir.

“O, öz istəyi ilə danışmır. Bu, ona təlqin edilən bir vəhydir” (Müqəddəs Quran, “Nəcm” surəsi, 3-4-cü ayələr). Bir etiraf etmək istəyirəm. Mən heç vaxt layiqli şəkildə dəstəmaz almamışam. “Layiqli” şəkildə dedikdə, Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) təfsilatlı şəkildə təşviq etdiyi dəstəmazı nəzərdə tuturam. Lakin, bu məqaləni yazmaq üçün araşdırma apardıqda, özümü səfeh kimi hiss etdim.

Həm mükəmməl şəkildə dəstəmaz almağa görə daha çox savab qazanmaq şansını itirmiş, həm də sağlamlığımı və ümumi rifahımı yaxşılaşdırmaq şansını puça çıxarırmışam.

Gündəlik ayin 14 əsr bundan əvvəl, gəzən ensiklopediya olaraq təsvir etdiyim Peyğəmbərimiz sağlamlığımızı yaxşılaşdırmaq üçün bizə gün ərzində 5 dəfə 26 yuyucu hərəkəti, ümumilikdə isə gün ərzində 130 yuyucu hərəkəti yerinə yetirməyi tapşırıb.

“Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı (yuyun). (Yaxınlıq edib) natəmiz olmuşsunuzsa, qüsl edin. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlara toxunmusunuzsa (cinsi əlaqədə olmuşsunuzsa), su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz” (Müqəddəs Quran, “Maidə” surəsi, 6-cı ayə).

Müsəlman namazlarını qılmazdan əvvəl, yuxarıdakı göstərilmiş və Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) əlavə etdiyi dəstəmaz hərəkətlərini yerinə yetirir. Beləliklə, dəstəmaz əlləri, dirsəklərlə birlikdə qolları, üzü, ağzı, burun dəliklərini və topuqlarla birlikdə ayaqları 3 dəfə yumaqdan ibarətdir. Qulaqların içi və arxasına, həmçinin başa isə bir dəfə məsh çəkilir. Gün ərzində 5 dəfə dəstəmaz almaq, təkcə bədənin həyati orqanlarını tozdan və çirkdən təmizləmir, həmçinin onları “yumşaldır” və təravətləndirir.

1. Maraqlısı ondadır ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) yatmağa getməzdən əvvəl də dəstəmaz almağı təşviq edib. Bu ayin həmçinin yoqa mütəxəssisləri tərəfindən təşviq edilir. Onlar yuxudan əvvəl əllər, qollar, gözlər, ayaqlar və cinsi orqanlar kimi mühüm motor və sensor orqanların sərin su ilə yuyulmasının dərin yuxuya getməyə hazırlaşan bədəni yüngülləşdirdiyini deyir.

2. Bioloji ritmləri stimullaşdırır “Müsəlman ayinləri və onların insan sağlamlığına təsiri” adlı məqalədə, Dağıstan Dövlət Tibb Universitetinin İnsanın Ümumi Gigiyenası və Ekologiya  şöbəsinin müdir müavini doktor Maqomed Maqomedov dəstəmazın, Çin refleksoterapiyasında olduğu kimi bədənin bioloji ritmlərini və xüsusilə Bioloji Aktiv Nöqtələri stimullaşdırdığını bildirib.

Hal-hazırda bizə məlumdur ki, insan elektromaqnit sahələr, meridianlar, bioloji ritmlər və s.-dən ibarət mürəkkəb bir sistemdir. İnsanın daxili orqanları isə öz növbəsində mürəkkəb bioenergetik məcmudan ibarətdir; onlar hamısı dəri ilə ayrılmaz çoxkanallı, ikitərəfli əlaqəyə malikdir. Onlar özündə, funksiyaları ayrı-ayrı orqanlar üçün məsul olan xüsusi nöqtələri birləşdirir. Bu nöqtələr bioloji aktiv nöqtələr adlanır.

3. Dəstəmaz və Çin refleksologiya elmi arasındakı bənzərlikləri göstərən bu möhtəşəm məqalədə, Doktor Maqomedov həmçinin əsas müxtəlif məsələləri qeyd edir. O deyir ki, refleksologiya üzrə doktorluq dərəcəsi olmaq üçün, dəstəmazın sadə texnikaları ilə müqayisədə insan 15-20 il təhsil almalıdır.

Digər bir fərq isə ondadır ki, refleksoterapiya əsasən xəstəlikləri müalicə eləmək üçün və çox nadir hallarda profilaktika üçün istifadə olunur, dəstəmazın isə bir çox profilaktik faydaları vardır. O həmçinin deyir ki, refleksoterapiyanın dəstəmazdan olmayan mənfi tərəfləri vardır; dağlama üsulundan istifadə edildiyi üçün xəstə travmaya məruz qalır.

“Ən güclü Bioloji Aktiv Nöqtələrin əksəriyyəti müsəlman ayini zamanı yuyulur. Bunu edən isə illərdir araşdırma aparan bir həkim yox, hər bir müsəlman özüdür. Bundan əlavə, gün ərzində 5 dəfə namaz qılmaq, müsəlmanı xəstəliklərə qarşı əvvəlcədən profilaktik tədbirlər görməyə mükəlləf edir.

4. Doktor Maqomedovun sözlərinə əsasən, Çin təbabətində 700-dən çox bioloji aktiv nöqtə var və onlardan 66-sı cəld refleks terapiyası təsirlərinə malikdir və qəti (və ya aqressiya və ya qədimi və ya sadə elementlər) nöqtələr adlanır. 66 nöqtədən 61-i dəstəmaz tələb edən nahiyədə, digər 5-i isə topuq və diz arasında (Sünnəyə əsasən yuyulması bəyənilən nahiyələr) yerləşir.

Beləliklə, dəstəmaz bioloji aktiv nöqtələrin hidromassajı, termal və fiziki stimulyasiyasını özündə birləşdirən müalicə kompleksidir.

5. Üzdəki bioloji aktiv nöqtələr (dəstəmaz zamanı yuyulan) bağırsaqlar, mədə və sidik kisəsi kimi orqanları “yenidən doldurur” və bundan əlavə sinir və reproduktiv sistemlərə müsbət təsir göstərir – Doktor Maqomedov öz tapıntılarında bildirir və əlavə edir ki, sümük sistemi, bağırsaqlar, sinir sistemi, bel nahiyəsi, mədə, mədəaltı vəzi, öd kisəsi, qalxanvari vəz, günəş kələfinə görə cavabdeh olan bioloji aktiv nöqtələr və digərləri dəstəmaz zamanı yuyulan digər nahiyədə, sağ ayaqda yerləşir.

Sol ayaqda endokrin vəzilərin funksiyasını tənzimləyən və böyüməyə nəzarət edən beyin orqanı hipofiz vəzinin işinə görə cavabdeh olan bioloji aktiv nöqtələr yerləşir. Qulaq ilbizində “demək olar ki, bütün orqanların işini ahəngdarlaşdıran, yüksək qan təzyiqini aşağı salan və diş və boğaz ağrısını yüngülləşdirən yüzlərlə bioloji aktiv nöqtə yerləşir”. Qulağın yuyulması Sünnə (Peyğəmbər ənənəsi) hesab edilir.

Doktor Maqomedovun qeyd etdiyi digər bir məqam isə, Sünnənin dəstəmaz zamanı yuyulan nahiyələri masaj etməyin və sıxmağın mühümlüyünü vurğulamasıdır. Bunun isə elmi izahı var. Doktor Maqomedov bildirir ki, onu tədqiqatlara həvəsləndirən  müsəlmanların qıldığı gündəlik 5 namazın sadəcə “mübahisəsiz mənəvi təsiri” yox”, həmçinin “sırf fiziki müalicə effektinin” olduğuna inanmasıdır.

Əvvəllər Sovet İttifaqında bioaktiv nöqtələrlə bağlı həyata keçirilmiş araşdırmanın nəticələri hesaba alınmayıb. Onlar “insanın ruhu və ya energetik bədəni olduğunu hesab etmirdilər”, çünki bunun əksi o dövrlərin materialist (ateist) ideologiyasına zidd idi” – Doktor Maqomedov deyir.

Profilaktiki təmizlənmə
Qeyri-alternativ tibb nöqteyi-nəzərindən, Muxtar Salem öz “Namazlar: bədən və ruh üçün idman” kitabında, dəstəmazın hər aspektinin sağlamlıq üçün faydalarından danışır. O insan bədənindəki bioloji aktiv nöqtələrdən danışmır, lakin, dəstəmazın profilaktik faydalarından bəhs edir. O deyir ki, dəstəmaz dəri xərçənginin qarşısını almağa kömək edir. Onun izahı budur: dəstəmaz zamanı yuyulan nahiyələr, bədənin çirklənməyə ən çox məruz qalan hissələridir. Fərqi yoxdur, çirklənmə tər kimi bədənin daxili sekresiyalarından yoxsa xaricdən dəri səthinə çıxır.

Dəstəmaz gündə 5 dəfə bu “çirki” təmizləyir və dərinin xarici təbəqəsi təmiz qaldığı üçün, dəri altındakı hüceyrələr lazımi qaydada fəaliyyət göstərir. Həmçinin su ilə yuyunma, qan damarlarını, dəri səthinə yaxın sinirləri və vəziləri gücləndirir və beləliklə onlara effektiv şəkildə fəaliyyət göstərməyə kömək edir.

6. Salemin sözlərinə əsasən, araşdırma sübut edib ki, dəri xərçənginin əsas səbəblərindən biri dərinin kimyəvi maddələrin, xüsusilə neft kimyası məhsullarının təsirinə məruz qalmasıdır və dəri xərçənginin qarşısını almağın ən yaxşı yolu bu kimyəvi maddələri daim təmizləməkdir.

Salem bildirir ki, dəstəmaz zamanı ağzı yumağın səbəbi, diş və diş əti problemlərinə gətirib çıxaran qida hissəciklərini təmizləməkdir. Bu həmçinin dəstəmazdan əvvəl dişi misvakla təmizləməyin təşviq edilməsinin əsas səbəbidir. İnsan burun dəliklərini yuduqda (mənim üçün bu çox çətindir, lakin öz üzərimdə çalışıram) həmçinin profilaktik tədbir görür, çünki burun dəliklərində toplaşmış mikrob və bakteriyalar təmizlənir və tənəffüs sisteminə keçmir. Aleksandriya Universitetində doktorlardan ibarət heyətin həyata keçirdiyi araşdırmaya əsasən, burun dəliklərinə su alıb daha sonra axıtmaqla burnu təmizləmək Sünnəsi burun dəliklərinin daxili örtüyünə müsbət təsir göstərir. Yuyunmanı düzgün həyata keçirən insanların burun dəlikləri təmiz, parlaq olub və burun dəliklərindəki kiçik tükcüklərə toz yapışmayıb.

Lakin, dəstəmazı düzgün şəkildə yerinə yetirməyənlərin burun dəlikləri yağlı olub və burun dəliklərindəki tüklər asanlıqla qopub.
“Üzün dəfələrlə yuyulması üzdəki dəri hüceyrələrini gücləndirir və erkən qırışların əmələ gəlməsinin qarşısını alır, həmçinin gözün daxili tərəfi yuyulduğu üçün göz infeksiyalarının qarşısı alınır” – Salem deyir. Qulağı yumaq qulaq infeksiyalarına səbəb olan, həmçinin daxili qulağa təsir edən və tədricən bədəndə natarazlığa səbəb olan mum yığılmasının qarşısını alır.

“Ayaqları yuyan zaman barmaqların arasını da yumağın təşviq edilməsi də həmçinin çox mühüm Sünnədir” – Salem deyir, “çünki o, müasir dövrdə günün çox hissəsi ayaqqabının içinə pərçimlənmiş ayağın mikoza yoluxmasının qarşısını alır”. Bütün bunlardan əlavə, dəstəmaz zamanı yuyulan nahiyələrdəki əzələlər məşq edir, beləliklə o əzələlərin gündə 5 dəfə və daha artıq stimulyasiya edilməsinə səbəb olur.

Qəzəb alovunu söndürür
Dəstəmazla bağlı sünnə həmçinin təbiətlə dostdur, çünki Peyğəmbər hətta axar çayda dəstəmaz aldıqda belə, suyun israf edilməməsini dəfələrlə təşviq edib.

İbn Macədən nəql olunur ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Dəstəmaz zamanı insana vəsvəsə verən, acgöz mənasına gələn “vəlhən” adlı şeytan vardır. Odur ki, suyu israf etməkdən çəkinin”.

7. Müsəlmanlar təkcə namazdan və yatmağa getməzdən əvvəl yox, həmçinin məscidə daxil olduqda, namaza çağırdıqda, xütbə verdikdə, qəbiristanlığı ziyarət etdikdən sonra, meyidə toxunduqdan və ya daşıdıqdan sonra və Quran oxumazdan əvvəl dəstəmaz almalıdır.

8. Bizə həmçinin qəzəbləndikdə suyun sərinlədici və təravətləndirici  təsirləri səbəbilə dəstəmaz almaq təşviq edilir, çünki qəzəb alovdan yaradılmış şeytandandır və su ilə yatırıla bilər.  Bu məqalənin dəstəmazın faydalarını anlatmaqdan əlavə, mənəvi-əxlaqi nəticəsi var. İnsan bu cür dəyərlərə səthi yanaşmamalı və Allahın buyurduğu bütün hökmlərin arxasında bizim bildiyimiz və bilmədiyimiz hikmətlərin durduğuna güclü etiqad etməlidir.  “Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də (iman gətirdilər). Hamısı Allaha, Onun mələklərinə, kitablarına və  elçilərinə iman gətirdilər. (Onlar dedilər): “Biz Onun elçiləri arasında  fərq qoymuruq!” Onlar dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 285-ci ayə).

Bu məqalə ilk dəfə 2005-ci ildə IslamOnline saytında dərc edilib.

Digər xəbərlər

ARXİV

Mart 2019
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
25262728293031