Dırnaqlarınız xəstəliyinizdən xəbər verir!
1. 834 dəfə baxılıb
“Sələf Xəbər” internethaber.com saytına istinadən, dırnaqlarınızın hansı xəstəliklərdən xəbər verdiyi barədə məlumatları təqdim edir.
Solğun dırnaqlar
Sağlam dırnaqlar açıq çəhrayı, dırnaq dibi isə ağ rəngdə olmalıdır. Əgər dırnaqlarınız solğundursa və ya digər rəngə çalırsa, deməli səhhətinizdə ciddi problemlər var.
Yaşıl rəngdə dırnaqlar bakterial infeksiyanın göstəricisidir. Qırmızı cizgilər ürəklə bağlı problemlərə, maviyə çalan dırnaqlar qanda oksigenin səviyyəsinin aşağı olmasına, ağ rəngli dırnaqlar qaraciyərdə nasazlıq olduğuna və tünd rəngli cizgilər isə ürək xəstəliklərinə və yaşlanmaya işarə edir.
Qalın dırnaqlar
Çox qalın dırnaqlar normal sayılmır. Həddən artıq qalın dırnaqlar ağciyərdə problem olduğuna, göbələk infeksiyalarına, tiroid və qan dövranı sistemi xəstəliklərinə dair xəbərdarlıq edir.
Çatlamış dırnaqlar
Çatlamış dırnaqlar adətən lay-lay soyulur. Dırnaqlarınız tez-tez çatlayırsa, ola bilsin ki, orqanizminiz fol turşusu və C vitamini çatışmazlığından əziyyət çəkir. Bundan əlavə, bu dırnaqlar xroniki yanlış qidalanmadan da xəbər verə bilər.
Qaşıqvari dırnaqlar
Dırnaqlar daxili xəstəliklərlə əlaqəli olaraq, geriyə doğru qatlanır və qaşığa bənzər bir şəklə düşür. Adətən dəmir çatışmazlığı, hemoxromatoz, ürək xəstəlikləri və hipotiroidin xəbərdarçısı da ola bilər.
Çöküntülü dırnaqlar
Dırnaqlarınızdakı kiçik çöküntülər və ya nöqtəvari dəliklər dırnaqlarınıza yaxşı qulluq etmədiyinizin göstəricisi ola bilər. Lakin, sədəf xəstəliyi, sink çatışmazlığı və ya “Alopecia areata” adlı saç tökülməsi xəstəliyinə səbəb olan bir avtoimmun nasazlığının da göstəricisi ola bilər.
Dalğalı dırnaqlar
Dırnaqların təbii səthi hamar olur. Dırnaqlarınızda dalğalar nəzərə çarpırsa, bu dəmir çatışmazlığı, artrit və ya lupus xəstəliyinin göstəricisi ola bilər.
Quru, qırılan dırnaqlar
Dırnaqlarınız tez-tez qırılırsa, hormon səviyyəsini yoxlatdırmağınız tövsiyə olunur. Çünki bu, tiroid və ya göbələk xəstəliyinin göstəricisi ola bilər.
Yumru dırnaqlar
Əgər dırnaqlarınızın ətrafındakı dəri şişirsə, ağciyər xəstəlikləri, bağırsağın iltihabi xəstəlikləri və ya qaraciyərdə problemlərin göstəricisi ola bilər.