Dondurmalardakı təhlükə
1. 051 dəfə baxılıb
Havalar isindikcə çoxunun tez-tez yada saldığı bir çərəz olur – dondurma. Elə ki, istilər düşdü, dondurmaya tələbat da çoxalır və o, ən çox satılan qida məhsullarından birinə çevrilir. Havalar artıq kifayət qədər isinib. Dükanlarda 1 aydan artıqdır ki, dondurmalara rast gəlinir. Ölkədə iki devalvasiyadan sonra bu il də dondurmaların qiymətində dəyişiklik olacağı inkar edilməz məsələdir. Amma dondurmaların keyfiyyəti onun qiymətindən daha artıq şəkildə narahat edən bir amilə çevrilir. Qiymətini bahalaşdırmamaq üçün dondurmaların keyfiyyətini aşağı salan şirkətlər dolayısı ilə insanların səhhəti ilə oynayır. Ekspertlərin fikrincə ölkədə bu sahədə ciddi boşluqlar var”.
“Sələf Xəbər” Milli.Az-a istinadən bildirir ki, pediatr Səbinə Nurəliyeva deyib ki, neqativ məsələləri nəzərə almasaq dondurma və ümumiyyətlə süd məhsulu çox faydalıdır: “Dondurma məlum olduğu kimi, süd məhsullarından hazırlanır. Əslində süd məhsulu insan orqanizmi üçün lazım olan qida məhsuludur. Süd məhsulunun düzgün şəraitdə saxlanılması, əldə edilməsi ən önəmli məsələdir. İndi fermalarda inəklərdən daha çox süd almaq üçün müəyyən hormonal dəyişiklik yaradan peraparatlar verilir. Bu cür süddən hazırlanan məhsulları qəbul edən şəxslərdə ciddi hormonal dəyişiklik yarana bilər. Amma bu neqativ məsələləri nəzərə almasaq dondurma və ümumiyyətlə süd məhsulu çox faydalıdır. Amma ölkə reallığını nəzərə alsaq dondurmalar o qədər də güvənli bir məhsul deyil. Uşaqlar dondurmaya daha çox meyil edirlər. Bu baxımdan uşaqlar üçün müəyyən miqdar var ki, ona riayət edilməlidir. Uşaq gün ərzində qəbul etdiyi südün miqdarı 400 ml keçməməlidir. Uşaqların bu miqdardan artıq süd məhsulu qəbul etməsi qan azlığının yaranmasına səbəb ola bilər. Eyni zamanda mədə-bağırsaq pozuntusu, problemi olan uşaqlara da dondurma qəbulu yasaq edilməlidir. Ümumiyyətlə diqqət etmək lazımdır ki, gigiyenik sertfikata malik olan şirkətin dondurmaları alınsın”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edib ki, dondurmalar bir süd məhsulu olaraq təhlükəli məhsullar sırasına daxildir: “Yay ayında ən ciddi gəlir gətirən sahələrdən biri də dondurma ticarətidir. Nəzərə alaq ki, dondurmalardan əsasən uşaqlar istifadə edir. 2011-ci ildə ABŞ İnkişaf Agentliyi USAİD Azad İstehlakçılar Birliyinə müraciət etdi. Ölkədə məhsulların rəqabətə davamlılığı üçün Azərbaycan istehlakçılarının qida təhlükəsizliyi nişanını təsis etməyi təklif etdi. Bizim əməkdaşlarımız ilə müəyyən treninqlər keçirtdi. Bizə qiymətləndirmə alqoritmi öyrətdilər və biz ölkədə yalnız bir dondurma istehsalçısına qida təhlükəsizliyi nişanı təqdim etdik. Nəzərə alsaq ki, ölkədə 50-dən çox dondurma istehsal ilə məşğul olan şirkət mövcuddur, onda real durum göz önünə gələ bilər. Hər il dondurma mövsümündə bizim təşkilata çoxlu sayda şikayət daxil olur. Düşünürəm ki, yerli dondurma istehsalçıları standartlara cavab verən məhsul hazırlasalar, onda xaricdən gətirilən dondurmaları tam məhdudlaşdırmaq olar. Amma bütün bunlarla eyni zamanda ölkədə inhisarçılıq aradan qaldırılsa ciddi rəqabətli mühüt yarana bilər. Bu da məhsulların qiymətinin kifayət qədər ucuz və keyfiyyətli olmasına səbəb olar”.
Sələf Xəbər: İnsanları, sağlamlıq nemətinin qədrini bilməyə çağıraraq hədislərin birində Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu onların qədrini bilməz. Bunlar səhhət və asudə vaxtdır”. (Buxari)