Enerji içkiləri hansı təhlükələrə yol açır
1. 179 dəfə baxılıb
Qida Standartları Agentliyinin qaydalarına əsasən, tərkiblərindəki yüksək şəkər səbəbilə bu içkilərin ¾-ü “qırmızı” xəbərdarlıq nişanı almalıdır.
“Sələf Xəbər” www.dailymail.co.uk saytına istinadən xəbər verir ki, yeniyetmələr arasında populyar olan enerji içkilərinin tərkibində, təqribən, 20 qaşıq şəkər var.
Bu barədə sağlamlığın mühafizə naminə həyata keçirilən kampaniyaların hesabatında bildirilib. Onlar bu içkilərin 16 yaşdan kiçik uşaqlara satılmasının qadağan edilməsinə çağırıb. Tərkibində, həmçinin, yüksək miqdarda kaffein olan bu içkilər bir çox yeniyetmələr, xüsusilə, oğlanların gündəlik rasionunun bir hissəsinə çevrilib. Lakin bu içkilər piylənmə böhranına və məktəblilərin pis davranış nümayiş etdirməsinə səbəb olmaqda günahlandırılır.
Şəkər əleyhinə Aksiya kampaniyası Rockstar, Monster və Red Devil kimi içkilərin şəkər asılılığı yaratdığı barədə xəbərdarlıq edib. 197 bu cür içki üzərində aparılmış araşdırma nəticəsində məlum olub ki, Qida Standartları Agentliyinin qaydalarına əsasən, tərkiblərindəki yüksək şəkər səbəbilə bu içkilərin ¾-ü “qırmızı” xəbərdarlıq nişanı almalıdır. “Yeni tütün” adlanan şəkər istehlakı ilə əlaqəli narahatlıqlar, öz qidalanma vərdişlərini dəyişməyə çalışan bir çox yaşlı istehlakçılara da sirayət edib.
Buna baxmayaraq, enerji içkilərinin satışı gənclər arasında geniş yayılıb və supermarketlər bu içkilərin ucuz versiyalarını istehsal etməklə pul qazanmağa çalışır. Gənclər inanır ki, içkilər onların idmanda nəaliyyətlərini artıra və hətta, təhsildə uğurlara səbəb ola bilər. Lakin bəzi məktəblər bu içkilərin uşaqların davranışına mənfi təsirindən narahatdır. Gənclər daha səs-küylü olur, diqqətlərini cəmləyə bilmir və odur ki, bəzi məktəblərin ərazisində onların satışı qadağan olunub.
Şəkər əleyhinə Aksiyanın verdiyi məlumata əsasən, bu içkilərin zərəri o qədər ciddidir ki, hökumət 16 yaşdan kiçik uşaqlara bu içkilərin satışına dərhal qanuni qadağa qoymalıdır. 197 içki üzərində aparılmış araşdırmanın nəticələrinə əsasən, 78% içkilər tərkibində yüksək şəkər miqdarına görə “qırmızı” etiket ala bilər. Bu içkilərin, təqribən, yarısı Coca-Colanın tərkibindəki qədər və ondan daha artıq şəkərə malikdir.
Ən zərərli içkilər Rockstar Punched Energy + Guava Tropical Flavour içkisidir – bu içkinin hər 100 ml-nə 15,6 mq şəkər düşür. Bu o deməkdir ki, cəmi 500 ml-lik qablaşdırmada, təqribən, 20 qaşıq şəkər var. Rockstar Juiced Energy + Juice Mango Orange Passion Fruit Flavour içkisinin tərkibində isə hər 100 ml-ə 15, 2 qram şəkər düşür. Ən yüksək şəkər faizi hər 100 ml-nə 15, 9 qram şəkər düşən Sainsbury’s Orange Energy Drink içkisidir. Bu içki 1 litrlik qablaşdırmalarda satılır.
500 ml içki içən insan 20-dən çox qaşıq şəkər istehlak edir. Digər, nisbətən yüksək miqdarda şəkərli içkilər Red Devil Energy Drink içkisidir ki, hər 100 ml-də 15 qram və Lucozade Energy içkisinin hər 100 ml-də 14 qram şəkər mövcuddur.20 qaşıq şəkər istehlakı, gün ərzində böyük insanın bu növ emal edilmiş qidadan və ya içkidən qəbul etməsi tövsiyyə olunan miqdardan 3 dəfə artıqdır. Araşdırmaçılar üzə çıxarıb ki, bəzi içkilərin tərkibində, 2 fincan qəhvədə olduğundan daha çox şəkər var. Lakin bəziləri etiketin üzərində göstərilən faizi tələffüz etməkdə də acizdir. 170 ml qəhvədə, təqribən, 71 mq kaffein var, bu isə yüksək şəkər tərkibli iki Rockstar məhsulunda olan 160 mq kaffeinin yarısından da azdır. Həmçinin, Monster Energy və Monster Khaos Energy içkilərinin 500 ml-lik qablaşdırmalarında da 160 mq kaffein var. 473 ml-lik Red Bull içkisinin tərkibində 151 mq, 500 ml-lik Mountain Dew Energy içkisinin tərkibində isə 90 mq şəkər var.
Queen Mary London Universitetinin Ürək-damar Təbabəti şöbəsinin professoru və Şəkər əleyhinə Aksiyanın rəhbəri Qrehem Makqreqor bildirib: “Uşaqlar məktəbdə, idmanda və ya gecə əyləncələri zamanı performanslarının yüksələcəyinə aldanaraq çoxlu miqdarda bu içkilərdən içir. Əslində isə, onların piylənmə və ya ikinci dərəcəli şəkər xəstəliyi riski artır, bu isə həyatlarının sonunacan onların sağlamlığına mənfi təsir göstərə bilər. İkinci dərəcəli şəkər korluğa, ətrafların amputasiyasına və böyrəyin dializinə gətirib çıxara bilər – bu heç də sağlam, fəal insan imici deyil”.
Həkim-dietoloq Kövsər Haşim isə deyib: “Adi bir içki qablaşdırmasında şəkərin səviyyəsi utancvericidir və biz uşaqları və gəncləri bu içkiləri içməkdən qorumalıyıq. Bəzi istehsalçılar şəkərsiz içkilər təklif edir, lakin xəbəriniz olsun ki, o içkilərin tərkibində də yüksək kaffein və ya digər stimulyatorlar var, odur ki, onlar heç də “sağlam” seçim hesab olunmur”.
Bazarın araşdırılması ilə məşğul olan Mintel şirkətinin həyata keçirdiyi araşdırma nəticəsində məlum olub ki, əhalinin yarısı (46%) şəkər istehlakına nəzarət edir. 4 nəfərdən biri (26%) bildirib ki, öz qida rasionlarında dəyişiklik ediblər.
Mintel şirkətinin analitiki Emma Klifford bildirib: “2014-cü ildə həddən artıq çox şəkər istehlak etməklə əlaqəli təhlükələr əsas məsələyə çevrilib. İstehlakçılar qida sənayesinin buna cavab verməsini gözləyir, bu isə o deməkdir ki, şirkətlərin bu məsələdə önə çıxması üçün çoxlu imkanları var.
Qeyri-spirtli içkilər sənayesi, içkilərin üzərində uşaqlar üçün münasib olmadığına və 16 yaşdan kiçik fərdlərə reklam edilməsinin və satışının qadağan olduğunu göstərən etiketlərin vurulmasını tələb edən könüllü məcəllə tətbiq edib. Morrisons supermarketlər şəbəkəsi 2013-cü ildə bəzi mağazalarında 16 yaşdan kiçik uşaqlara bu içkilərin satışını müvəqqəti olaraq qadağan etmişdi. Lakin bu qadağa ilin sonlarında aradan qalxdı.
Sələf Xəbər: İnsanları, sağlamlıq nemətinin qədrini bilməyə çağıraraq hədislərin birində Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu onların qədrini bilməz. Bunlar səhhət və asudə vaxtdır”. (Buxari)
Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) insan sağlamlığına böyük əhəmiyyət vermiş və bizə öz həyatından misal olaraq sağlam həyat tərzinin qaydalarını göstərmişdir. Hədislərə müraciət etsək görərik ki, sağlamlığa ziyan verə biləcək qida və içkilərin qəbulu dinimizdə qadağan edilmiş, səhhətimizi möhkəmləndirəcək, xəstəliklərimizə dərman olacaq faydalı qida və içkilər isə, hətta, adları və istifadə qaydası ilə birlikdə çatdırılmışdır.