Facebook istifadəçiləri “baş kəsmə” görüntülərinə qarşıdır
944 dəfə baxılıb
“Sələf Xəbər” “Turkiye” xəbər agentliyinə istinadən xəbər verir ki, son aylarda yayılan “baş kəsmə” foto və videolarının Facebook sosial şəbəkəsində də tez-tez yerləşdirilməsi istifadəçilərin narazılığına səbəb olub. Çoxsaylı şikayətlərə cavab olaraq Facebook rəhbərliyi yeni qərar qəbul edib.
Yeni qaydaya əsasən, bu cür fotoşəkillər əvvəlcə qaraldılacaq, daha sonra isə fotoşəkilin məzmunu barədə istifadəçiyə xəbərdarlıq ediləcək.
Facebook-un zorakılıq məzmunlu fotoşəkil və ya video paylaşmalarına dair siyasəti aşağıdakı kimidir: “Zorakılığı və sadist meyllərini artıran paylaşmalar qadağandır. Lakin zorakılığı qınamaq və vacib bir məsələyə diqqəti yönəltmək məqsədini güdən paylaşmaların qarşısı alınmır.”
BBC-yə açıqlamasında Facebook rəsmisi istifadəçilərdən zorakılığı qınamağı və müvafiq qaydada səhifədə bu barədə şikayət etməyi xahiş edib: “Lakin, eyni zamanda, insanlar dünyada baş verən vəhşiliklərdən xəbərdar olmalıdır. Bunların arasında bir orta yol tapmalıyıq.”
Sayı 1,3 milyarda çatan istifadəçilərini belə paylaşmalardan qorumaq üçün Facebook-un daha sərt tədbirlər görməli olduğunu hesab edənlər çoxdur.
Oksford Universitetinin sosial media mütəxəssisi Berni “Reddit” sosial şəbəkəsini misal gətirərək deyir: “Digər sosial media saytları bu problemi çoxdan həll edib. Məsələn, “Reddit” istifadəçilərdə mənfi fikirlər yarada biləcək linklərə “İş yeri üçün uyğun deyil” qeydini əlavə edir”.