“Facebook” və “WhatsApp” Azərbayacandan gedə bilər
946 dəfə baxılıb
Azərbaycanda internet üzərində nəzarət gücləndirilir. Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov jurnalistlərə açıqlamasında bildirib ki, rabitə xidmətləri göstərən “Skype”, “Facebook” , “WhatsApp” lisenziyalaşdırılmalıdır.
“Azərbaycanda fəaliyyət göstərən rabitə xidmətlərinin bir neçəsi lisenziyalaşdırılmış xidmətlərdir. Hesab edirik ki, bu rabitə xidmətlərini göstərən “Skype”, “Facebook”, “WhatsApp” da lisenziyalaşdırılmalıdır. Lisenziyalaşdırma istifadəçilər üçün heç bir problem yaratmayacaq. Ancaq tənzimləyici orqanlarla həmin şirkətlər arasında müqavilələr imzalanacaq”.
“Sələf Xəbər” Avropa.infoya istinadən bildirir ki, nazirin bu açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb. Narahatlığa səbəb isə lisenziyalaşdırma nəticəsinədə internetə girişdə bəzi məhdudiyətlərin yaranaması ehtimalıdır. Həmçinin vergi məsələsinin gündəmə gəlməsi rabitə xidmətləri göstərən “Skype”, “Facebook”, “WhatsApp” Azərbaycanda öz fəaliyyətini yenidə gözdən keçirməsi ilə nəticələnə bilər.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib:
“Sosial medianın lisenziyalaşdırılması anlayışı Azərbaycan qanunvericiliyində yoxdur. Qanunvericilikdə lisenziyalaşdırılan rabitə xidmətlərinin adları var ki, nazirin sadaladıqları xidmətlərin adı orada yoxdur. Əgər beynəlxalq rabitə əlaqəsinin lisenziyalaşdırılmasından söhbət gedirsə, bu artıq lisenziyalaşdırılıb. Düşünürəm ki, internet üzərindən olan hansısa fəaliyyətin lisenziyalaşdırılması qeyri-dəqiq yanaşmadır”.
Onun sözlərinə görə, Rusiya, Türkiyə, Belarusda hökümətin internetə qarşı qadağaları var ki, bu zaman tam başqa addımlardan istifadə edilir. Xüsusilə, Rusiyada fərdi informasiyaların qorunması, uşaqların qorunması pərdəsi altında internetə qarşı müxtəlif məhdudlaşdırıcı addımlar atılır.
Osman Gündüz bildirib: “Sosial medianın imkanları, zəng funksiyalarının genişlənməsi ciddi narahatçılıq yaradıb. Sosial media telefon və mobil danışıq xidmətləri üçün ciddi rəqibə çevrilib. Amma bütün hallarda düşünürəm ki, informasiya mübadiləsi üçün qanunsuz süni əngəllər yaratmaq yolverilməzdir. Nazirlik və ya kommersiya qurumları xidmətlərini, tariflərini əlçatan, ucuz və keyfiyyətli etsinlər”.
Rabitə və Yüksək Texnologiyalar nazirinin müşaviri Müşviq Əmirov bildirib ki, nazirlik sosial şəbəkələrin işini məhdudlaşdırmaq istəmir, sadəcə onların fəaliyyətinin nizama salmasını qaydaya salmağa hazırlaşırıq.
“Sadəcə, bu şirkətlərlə biz danışıqlar aparmaq və Azərbaycanda onların fəaliyyətini müzakirə etmək niyyətindəyik. Bu sənəd nazirlik tərəfindən hazırlanıb və tezliklə Milli Məclisə göndəriləcək”.
Nazirlik rəsmisi bildirib ki, bu şirkətlər Azərbaycan bazarında çoxlu pul qazanır, buna görə də vergi qoyma məsələlərini onlarla müzakirə etmək lazımdır.
Müştərilər həmişə ucuz qiymət axtarışındırlar. Son vaxtlar isə insanlar daha sərfəli xidmət təklif edən “Skype”, “Facebook”, “WhatsApp” vasitəsi ilə bir-biri ilə əlaqə saxlamağa başlayıblar. Ümid edirik ki, lisenziyalaşdırılması onsuz da baha olan mobil tariflərə təsir etməyəcək və müştərilərin məmnunluğuna xidmət edəcək.