“Google” və “Wikipedia” maliyyə böhranlarını proqnozlaşdırır
1. 000 dəfə baxılıb
Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi saytı “Hi-TecNews”ə istinadən yazır ki, “Google” axtarış sisteminin məlumatlarından dünya fond birjasının gözlənilən uğursuzluğunun təhlükəli əlamətlərini aşkar etmək üçün istifadə oluna bilər. Belə ki, 2004-2012-ci illər üçün informasiya təhlilindən məlum olub ki, fond birjasının uğursuzluğuna axtarış sorğularının sayının artması səbəb olub.
Uorik və Boston universitetlərinin tədqiqat qrupu nümayəndələrinin sözlərinə görə, iqtisadi vəziyyəti istifadəçilərin internetdə davranışına görə proqnozlaşdırmaq mümkündür. İqtisadçılar iqtisadiyyatın müxtəlif sahələrində işgüzar mühitin dəyişmə tendensiyalarını aşkar etmək məqsədilə mürəkkəb irihəcmli internet trafikinin təhlili kompüter sistemini hazırlayıblar.
“Google” tipli axtarış sistemləri axtarılan hər şeyi qeydə alır. Axtarış tarixçəsi bizə insanların real dünyada qərar qəbul etməzdən əvvəl onlayn necə informasiya toplamasını öyrənməyə imkan verir. Bununla da axtarış məlumatlarından böyük insan qruplarının hərəkətinin proqnozlaşdırılması üçün istifadə etmək olar. İnsanların istədikləri şeyi axtara bildiyinə görə onların davranışını müəyyən edən sözləri seçmək lazımdır. Bu barədə “Proceedings of the National Academy of Sciences” jurnalında dərc edilən məqalədə deyilir.
Əvvəl aparılan tədqiqatlar göstərib ki, istifadəçilərin “Google” axtarış sisteminə və “Wikipedia” onlayn ensiklopediyasına müraciətləri haqqında informasiya ilə fond bazarındakı vəziyyəti proqnozlaşdırmaq mümkündür. Lakin tədqiqatçılar bu qənaətə yalnız maliyyə mövzusuna aid əsas sözlərin seçiminə əsaslanaraq gəliblər.
Bu dəfə tədqiqatçılar qrupu “Wikipedia”da hər sözün mənasını nəzərə alaraq alqoritmləri avtomatik olaraq istifadəçinin real dünyada davranışı ilə üst-üstə düşəcək axtarış aktivliyini tanımağa yönəldib. Onlar sözləri geniş mövzu diapazonu üzrə elə qruplaşdırıblar ki, məsələn, “Biznes” kateqoriyasında “biznes”, “idarəetmə” və “bank” kimi sözlər olsun.
Sonra tədqiqatçılar bu sözlərin ABŞ istifadəçiləri tərəfindən 2004-2012-ci illər ərzində axtarışa tez-tez verilməsini öyrənmək üçün “Google Trends” alətindən istifadə ediblər. Onlar axtarışın nəticələrini sadə “S&P 500” ticarət strategiyasına tətbiq edərək müəyyən ediblər ki, fond bazarlarının uğursuzluğuna daha çox biznes və siyasətə aid sözlər üzrə axtarış sorğularının həcminin artması səbəb olub. Bu məlumatları əldə edən alimlər biznes və siyasət mövzusu üzrə axtarış aktivliyinin artması ilə fond birjasının sonrakı uğursuzluğu arasında tarixi əlaqənin olmasını müəyyən ediblər.
Tədqiqatçıların sözlərinə görə, bu, maliyyə böhranının proqnozlaşdırılması üçün əsas sözlərin müəyyən edilməsində yeni yanaşmadır.