Günəş enerjisi ilə çalışan təyyarənin növbəti uçuşu – FOTO
810 dəfə baxılıb
Dünya ətrafındakı səyahətini günəş enerjisi ilə reallaşdıran “Solar Impulse 2” təyyarəsi tarixi dünya turunun yeddinci dayanacağı olan Havaya çatmaq üzrə növbəti uçuşuna başlayıb.
“Sələf Xəbər” Ulusinfo.com-a istinadən xəbər verir ki, 5 gün davam edəcəyi gözlənilən uçuş Sakit okeanın üzərindən həyata keçiriləcək.
“Solar Impulse 2” tarixi dünya turuna 9 martda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidən başlayıb. Dünya turu boyunca Oman, Hindistan, Birma və Çinə uçan “Solar Impulse 2” pis hava şərtləri ilə əlaqədar səyahətinə 2 aylıq fasilə vermişdi. 17 min günəş paneli ilə çalışan “Solar Impulse 2” təyyarəsi 5 günlük səyahəti zamanı 8 min 175 kilometr uçacaq.
Təyyarə Abu-Dabiyə qayıtmadan əvvəl Avropa və ya Şimali Afrikada son fasiləsini verəcək. “Solar Impulse 2” dünya turunun tamamlanması ilə dünyanın ətrafında yalnız günəş enerjisi ilə səyahət edən ilk təyyarə olacaq.
Sələf Xəbər: Uca Allah buyurur: “O, gecəni və gündüzü, günəşi və ayı sizə xidmət etməyə yönəltdi. Ulduzlar da Onun əmri ilə ram edilmişdir. Sözsüz ki, bunlarda anlayan insanlar üçün əlamətlər vardır”. (Qurani-Kərim, “Nəhl” surəsi, 12-ci ayə)
“Allah-Təala istəmişdir ki, gecə və gündüz, günəş və ay və həmçinin ulduzlar sizə xeyir versin və sizin mənafelərinizə xidmət etsin. Bu isə o deməkdir ki, siz onlarsız keçinə bilməzsiniz. Günəş və ay sizi işıq və şüaları ilə təmin edir və onların əsasında ağaclar gül açır, meyvələr yetişir, otlar və kollar boy atır, həm yerə və həm də məxluqlara ziyan vuran nəmişlik yox olur və soyuqlara son qoyulur. Yer üzündə həyatın onlarsız mümkün olmayacağı bu və çoxlu digər proseslər günəş və ayın varlığına möhtacdır. Bu iki səma cismi və habelə çoxsaylı ulduzlar göylərin yaraşığıdır və yerə qaranlıq çökəndə onlar insanlara quruda və dənizdə doğru yol göstərirlər. Onların sayəsində insanlar vaxtı dəqiq təyin edir və tarixi bilirlər. Bu məxluqlarda böyük sayda əlamətlər tapmaq olar ki, Allah onları anlayan insanlar üçün dəlillər adlandırmışdır. Belə insanlar, ağıllarını öz varlığının mənası üzərində və ətraflarında gördüklərinin, eşitdiklərinin üzərində düşünmək üçün istifadə edirlər. Onlar ətraf aləmə ağıldan məhrum olan heyvanların gözü ilə baxan laqeyd cahillərə bənzəmirlər”. (Bax: “Təfsir Əs-Saadi”)