Misir dünyanın 7-ci möcüzəsini bərpa edəcək
762 dəfə baxılıb
Misirdə dünyanın 7-ci möcüzəsini yenidən ucaltmaq istəyirlər. Söhbət hələ 14-cü əsrdə dağıdılmış məşhur İsgəndəriyyə mayakından gedir.
“Sələf Xəbər” Trend-ə istinadən xəbər verir ki, Misir hökuməti 7 əsr əvvəl tam dağılmış tarixi abidəni bərpa etməyi planlaşdırır.
Bərpaçılar hesab edirlər ki, möhtəşəm abidənin tikintisinə mayakın əvvəlki yerinin yaxınlığında, Aralıq dənizindəki Faros adasında başlamaq lazımdır.
Hazırda bu məsələ ilə Misirin qədim abidələr üzrə komitəsi məşğul olur. Onlar İsgəndəriyyə şəhərinin qubernatoruna müvafiq plan təqdim ediblər və plan artıq təsdiq edilib.
Qeyd edək ki, İsgəndəriyyə mayakı dünyanın “Yeddi möcüzəsi”ndən sonuncusu – 7-cisi hesab edilir. Möhtəşəm mayak, təxminən bizim eradan əvvəl (b.e.ə) III əsrin sonlarında, Misir çarı II Ptolomeyin hakimiyyəti dövründə ucaldılıb. Onun yaradıcısı memar Knidli Sostrat olub. Mayakın tikintisi, təxminən 5 il davam edib. Müxtəlif mənbələrdə onun hündürlüyünün 120-135 metrə çatdığı bildirilir. Bu göstəriciyə görə, İsgəndəriyyə mayakı yüzillər boyu dünyada ən hündür tikili hesab olunub. Mayak 1500 il mövcud olub. Baş vermiş bir neçə zəlzələdən sonra mayaka ciddi zərər dəyib. Ərəblərin işğalından sonra isə abidə VII əsrdə “gündüz mayakı”na çevrilib. XIII əsrdə Məmlüklər dövründə dəniz limanı qumla örtülüb. XIV əsrin əvvəlində isə baş vermiş zəlzələdən sonra mayak tam dağılıb. Bundan sonra onun qalıqlarından istifadə edilərək yerində orta əsr qalası tikilib.
Sələf Xəbər: Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)