Mobil nömrələrin daşınmasında dəyişikliklər ediləcək
824 dəfə baxılıb
Mobil nömrələrin daşınması sistemi ilə bağlı yeni qaydalar tətbiq olunacaq.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən sellülar (mobil) nömrə daşınması xidməti ilə bağlı təkliflər hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub. Təkliflərə görə, bu xidmətin istifadə qaydalarına dəyişikliklər ediləcək.
“Sələf Xəbər” Xəzərxəbər.com-a istinadən bildirir ki, bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, mobil rabitə operatorlarının sistemindəki servis xidməti ilə bağlı bəzi hallarda problemlər yaranır. Operatorlar tərəfindən yaradılan əngəllərin və istifadəçilərin sistemdən həddən artıq sui-istifadə etmə hallarının qarşısını almaq üçün qaydalara dəyişikliklər ediləcək. Mobil nömrələrin daşınması sisteminin tətbiqi istifadəçilərə seçim azadlığı vermək üçün yaradılıb. Bu prosedurlar son dərəcədə asanlaşdırılacaq. Yaxın zamanda yeni qaydalar tətbiq olunacaq.
Xidmətin əsas məqsədi mövcud telekommunikasiya bazarında rəqabətin artırılmasına, operatorlar tərəfindən abunəçilərə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsinə, nömrə resurslarından səmərəli istifadənin təmin edilməsinə, istehlakçı hüquqlarının qorunmasına, abunəçilərin daha səmərəli xidmət təklifi təqdim edən operatorun şəbəkəsinə maneəsiz keçməsinə şərait yaratmaqdan ibarətdir.