Müsəlmanların tarixi dəyişən kəşfləri
1. 698 dəfə baxılıb
“Sələf Xəbər” www.huffingtonpost.com saytına istinadən, müsəlmanların tarixin gedişatını dəyişmiş və bu günə qədər bütün dünyanın faydalandığı kəşf və icadlarını təqdim edir.
Minlərlə “vətənpərvər avropalının” “Qərbin islamlaşmasına” etiraz olaraq Drezdendə küçələrə çıxmasının səbəbi təkcə hiddətləri və qorxuları deyil, həm də nadanlıqlarıdır. Xoşbəxtlikdən, bizim mərkəzi Avropa mədəniyyətimiz yüz illər boyunca İslamdan faydalanıb.
Bazar ertəsi axşamı Drezdendə etirazçılardan biri eynəyini düzəldərək öz nitqinə başladıqda çox güman ki, əlində Ərəb dünyasından gəlmiş bir kəşfi tutduğundan xəbərsiz olur. “Huffington Post” qəzeti müsəlman mədəniyyətinə borclu olduğumuz 6 kəşfi təqdim edir:
1.Cəbr
Bir çox qərblilər, xüsusilə, almanlar, öz texnologiyaları və mühəndislik bacarıqları ilə qürur duyurlar. Bəs, cəbr olmasa idi mühəndislər nə edərdi? XII əsrdə Britaniyalı ərəbşünas Çesterli Robert ərəb alimi əl-Xarəzminin əsərlərini tərcümə etdikdən sonra Avropada riyazi sistem yayıldı. Alqoritmlər məhz müasir cəbrin qurucusu sayılan əl-Xarəzminin adı ilə adlandırılıb.
2. Diş fırçaları
İslam bədən gigiyenasını xüsusi vurğulayan ilk dinlərdəndir. Müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimdə yuyunma barədə təlimlər mövcuddur. Təəccüblü deyil ki, İslam yayıldıqca, diş gigiyenası da geniş yayılıb. Qədim misirlilərin dişlərini təmizləmək üçün “diş fırçası ağacının” budaqlarını çeynədikləri güman edilir. Lakin Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) “misvak” kimi tanınan budaqcıqlarla müntəzəm şəkildə dişlərini sürtməyə başladıqdan sonra bu üsul geniş kütlələrə məlum oldu. Quranda misvak budaqcıqlarının adı çəkilməsə də, hədislərdə və müsəlman alimlərinin əsərlərində dəfələrlə xatırlanıb.
3. Böyüdücü şüşələr/eynək
Ərəb dünyası riyaziyyat elmində inqilaba səbəb olmaqla bərabər, həmçinin, optika sahəsində yenilik etdi. İslam alimi Alhazen (Bəsrəli Həsən) gözümüzün necə qurulduğunu təsvir edən ilk alim olub. O işığı əks etdirən materiallarla təcrübələr həyata keçirərək sübut edib ki, göz, ətraf mühiti heç də o dövrə qədər alimlərin fərz etdiyi kimi, “görmə şüaları” vasitəsilə hiss etmir. O, həmçinin, əyilmiş şüşə səthlərin böyüdülmə üçün istifadə oluna biləcəyini kəşf edib. Onun şüşə “oxuma daşları” ilk böyüdücü şüşələr olub. Daha sonra bu şüşələrdən eynəklər düzəldilib. Bundan əlavə, Bəsrəli Həsən astronomiya və meteorologiyaya dair mühüm əsərlər qələmə alıb.
4. Qəhvə
Qəhvə müsəlman dünyasından ixrac edilən məhsullardan ən məşhurudur. İlk olaraq Efiopiyada becərilən qəhvə, qısa müddət ərzində Qırmızı dəniz vasitəsilə Ərəb yarımadasına gətirilib və bu yolla məşhurlaşıb. XVII əsrdə Osmanlı tacirinin qəhvə dənələrindən ibarət içkini Londona gətirdiyi güman edilir. Venesiyada ilk qəhvə evi 1645-ci ildə açılıb. Almaniya isə 1683-cü ildə türklərin Avstriyadan geri çəkilməsindən sonra bu içki ilə tanış olub. Rəvayətə görə, sultanın əsgərləri ölkəni tərk etdikdə geridə kisələrlə qəhvə qoyublar.
5. Xəstəxanalar
Dünyanın tibb bacılarına və təlim mərkəzinə malik ilk müasir xəstəxanası Qahirədə olub. 872-ci ildə təsis edilmiş Əhməd ibn Tulun xəstəxanasında (Tulunidlər sülaləsinin banisinin adı ilə adlandırılıb) İslam ənənəsinə müvafiq olaraq bütün xəstələrə pulsuz tibbi qulluq göstərilirdi. Bundan əvvəl daha sadə xəstəxanalar Bağdadda mövcud idi. Lakin dünyadakı bütün xəstəxanaların əsasını təşkil edən nümunə Qahirə modeli olub.
6. Cərrahi innovasiyalar
Andalusiyada (Əndəlus) dünyaya göz açmış həkim Albukasis (Əbu əl-Qasim) Orta Əsrlərin ən mühüm tibbi şəxsiyyətlərindən biri idi. 30-dan çox çoxcildli kitabında X əsr ərəb alimi müsbət xəstə-həkim münasibətlərinin necə vacib olduğunu təsvir etmiş və sosial təbəqəsindən asılı olmayaraq hər bir kəsə tibbi qayğının eyni səviyyədə göstərilməsini bəyan etmişdir. O, həmçinin, sidik kanalı, qulaq və qida borusu xəstəliklərinin cərrahi yolla aradan qaldırılması üçün metodlar icad edib və ektopik (uşaqlıqdan kənar) hamiləliyi təsvir edən ilk həkim olub. Onun tibb elminə təsiri o qədər böyük olub ki, 16-cı əsrin məşhur Avropa həkimləri ona istinad edirdilər. Müasir cərrahiyyənin təməli onun ideyaları əsasında qoyulub.
Sələf Xəbər: Uca Allah buyurur: “(Ey İnsanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)