Nazirlik internet istifadəçilərinə xəbərdarlıq edir
957 dəfə baxılıb
“Sələf Xəbər” ictnews.az-a istinadən bildirir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Elektron Təhlükəsizlik Mərkəzi (ETM) Azərbaycandakı internet istifadəçilərinə növbəti xəbərdarlığını elan edib.
Mərkəzin rəsmi internet ünvanında yerləşdirilən məlumatda bütün dünya üzrə elektron ticarətin geniş yayılmasına diqqət çəkilərək bildirilir ki, bu gün bir sıra troyanlar məhz internet mağazalardan gələn e-poçtlar vasitəsilə yayılır.
Eyni təhlükə ilə bağlı beynəlxalq şirkət olan “ESET” yeni və internet mağazalardan gələn e-poçt örtüyü altında yayılan troyan haqqında istifadəçiləri xəbərdar edib. Şirkət qeyd edir ki, sözügedən zərərli proqram təminatı spam mesajlar vasitəsilə yayılır. Elektron poçtda qeyd olunur ki, istifadəçinin sifarişi uğurla həyata keçirilib və daha ətraflı məlumatı əlavə fayldan əldə etmək olar. Faktiki olaraq isə bu fayl “ESET NOD32” tərəfindən “Win32 / TrojanDonloader.Elenoocka” kimi aşkar olunan zərərli proqramın olduğu “exe” genişlənməsi olan fayldır.
ETM bildirir ki, sözügedən troyan kompüterə quraşdırıldıqdan sonra internet vasitəsilə digər zərərli proqramları yükləyir. “Elenoocka” koduna fayl yükləmək üçün 6 (altı) URL-ünvan və Kryptik ailə Troyanları (Kryptik family Trojans) daxildir. “Win32/Kryptik.CKEY zərərli fayllar yaradır, onları sistem faylları arasında gizlədir və kompüterə digər zərərli proqramların yoluxmasına yol açır”.
“ESET” şirkətinin analitikləri istifadəçilərə e-poçta daxil olan spam mesajlardakı əlavə faylları açmamağı və kompüteri müntəzəm olaraq antivirus proqramları vasitəsilə yoxlamağı tövsiyə edir.