Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Növbəli iş beyni qocaldır

Noyabr 07
15:46 2014

“Sələf Xəbər” BBC Azərbaycanca-ya istinadən yeni araşdırmaların nəticələrini təqdim edir.

Alimlər xəbərdarlıq edir: növbəli iş beyni vaxtından əvvəl qocalda və zehni bacarıqları korlada bilər.

İşçilərin sağlamlığı ilə əlaqəli bir jurnalda yayımlanmış araşdırmaya əsasən, 10 il ərzində növbəli işdə çalışmaq, insan beynini ən az 6 il qocalda bilər. Araşdırmada “asosial iş saatları” olaraq adlandırılan növbəli işin ağıl zəifliyi, yuxu pozuntusu və digər bir çox xəstəliyə səbəb olduğu kimi, beynin funksiyalarına da təsir etdiyi vurğulanır. Bəs bədən saatımız bizdən nə istəyir?

Bioloji saatımız əslində gün ərzində aktiv olmağa, gecə isə yuxuya getməyə proqramlaşdırılıb. Bədən saatının bu planına qarşı gəldikdə isə, döş xərçəngindən tutmuş piylənməyə qədər bir sıra xəstəliklər meydana çıxa bilər.

Bu yaxınlarda həyata keçirilmiş araşdırma növbəli işin bu xəstəliklərdən əlavə zehin və hafizəyə də təsir göstərdiyini nümayiş etdirib. Svansi Universiteti və Tuluza Universitetinin həyata keçirdiyi araşdırma çərçivəsində Fransada 3 min insan hafizə, sürətli düşünmə və ümumi idraki fəaliyyətləri araşdıran testlərdən keçirilib.

Biz yaşlandıqca beynimiz təbii olaraq zəifləyir, lakin araşdırmanı həyata keçirən alimlər asosial iş saatlarının beyindəki bu yaşlanmanı və zəifləməni sürətləndirdiyini iddia edir.

Məsələn, 10 ildir növbəli işdə işləyən insanların test nəticələri, özlərindən 6,5 yaş böyük insanlarla eyni nəticəni göstərir. Yenə də araşdırmanın nəticələri o qədər də bədbin deyil. İnsan asosial iş rejimindən çıxdıqda, beynin normal hala dönməsi mümkündür; lakin, beynin yaxşılaşması üçün təqribən 5 il lazımdır.

Cəmiyyət növbəli işin zəruri olduğunu hesab edir
Svansi Universitetinin araşdırma heyətinin əməkdaşı Doktor Filip Teyker BBC kanalına verdiyi açıqlamada bildirib: “Beynin funksiyaları nöqteyi-nəzərindən bu mühüm bir geriləyişdir. İnsanlar daha qarışıq idraki fəaliyyətlərlə məşğul olmağa çalışdıqda, daha çox xətaya yol verə bilərlər. Lakin, gündəlik həyatımızda bunun nə qədər böyük bir fərqliliyə səbəb ola biləcəyini demək çətindir”.

Teyker mümkün olduğu halda gecə növbəsində əsla çalışmayacağını, lakin gecə növbələrinin müasir cəmiyyətin zəruri meyarlarından biri hesab edildiyini deyib.

Doktor Teyker “Növbəli işin təsirlərini iş saatlarını yenidən planlaşdıraraq və müntəzəm tibbi müayinələri həyata keçirərək yüngülləşdirmək mümkündür…təhlükə əlamətlərini görə bilmək üçün idraki performans testləri də həyata keçirilməlidir”, deyib. İngiltərə Tibbi Araşdırmalar Şurasının əməkdaşı Doktor Maykl Hastinqs də BBC-yə verdiyi açıqlamada “Beynin normala qayıda bildiyi tapıntısı sevindirici bir nəticədir, çünki daha əvvəllər heç kim bunu nümayiş etdirməmişdi. İnsanın vəziyyəti nə qədər təhlükəli olursa olsun, sağalma ümidi həmişə ola bilər”, ifadələrini işlədib.

Gecə işləməyin ağıl zəifliyinə təsiri
Doktor Hastinqs bu hesabatın ağıl zəifliyi istiqamətində də mühüm nəticələri ehtiva etdiyini bildirib: “Əgər yuxu-ayıqlıq nizamını təmin edə bilsəniz, neyrodegenerasiyanı əksinə çevirmək ehtimalı çox az da olsa, mənfi nəticələri azalda bilərsiniz”.

“Qocalar evində həyata keçirilən bir araşdırmaya əsasən, gündəlik təkrarlanan işləri 24 saatlıq fəaliyyət planına əsasən tənzimləmək lazımdır. Yəni, gün ərzində bol günəş işığı almaq, gecə istirahət etmək və yatmazdan əvvəl melatonin kimi lazımi dərmanlar qəbul etmək”. Surrey Yuxu Mərkəzinin əməkdaşı Professor Derk-Yan Diyk də illər boyunca növbəli işdə çalışmış və təqaüdə çıxmış insanlara da xəbərdarlıq edib: bu insanların yuxu keyfiyyətinin, ümumiyyətlə gecə növbəsində çalışmamış insanlara nisbətən daha aşağı olub.

Professor Derk Yan Diykin fikrinə əsasən, növbəli işin təsirləri “o qədər də sürətli şəkildə düzəlməyə bilər”.

Professor Diyk “Növbəli işin fiziki sağlamlığınıza mənfi təsir göstərə biləcəyini artıq qəbul edirik. Lakin, bu araşdırma növbəli iş nəticəsində beyninizin funksiyalarının da təsirə məruz qaldığını göstərir. Bu tapıntı isə bir çox insanı təəccübləndirə bilər” deyib.

 Sələf Xəbər: Uca Allah buyurur: “Sizin üçün gecəni örtük, yuxunu rahatlıq, gündüzü də canlanma vaxtı edən Odur.” (Müqəddəs Quran, “Furqan” surəsi, 47-ci ayə).

“Uca Allah Öz xeyirxahlığı və mərhəməti sayəsində gecəni sizin üçün örtü etmişdir. Gecə qaranlığı sizi hər tərəfdən əhatə edir və sizə təhlükəsiz bir yerdə sığınmağa və rahat yuxuya dalmağa imkan verir. Siz yuxuya gedir və gündüzün vurnuxmalarından qurtarıb istirahət edirsiniz və əgər Allah gecəni yaratmasaydı, onda siz tam rahatlıq əldə edə bilməzdiniz. Fasiləsiz çalışmağınızın sizə çoxlu zərər vurmasına baxmayaraq, siz işləməkdə davam edərdiniz.

Həm də, əgər gecə həmişəlik davam etsəydi, onda siz dünyəvi və Axirət həyatınız naminə mükəmməl işləyə bilməzdiniz və buna görə də Rəbb sizin üçün gündüzü yaratmışdır. Günün gündüz çağında siz canlanırsınız və yer üzünə yayılaraq Allahın nemətlərini axtarırsınız. Sizdən kimisi ticarətlə məşğul olur, kimisi də uzaq ölkələrə səfərə çıxır, digərləri – müxtəlif peşələrlə və işlərlə məşğul olurlar ki, öz ehtiyaclarını və tələbatlarını ödəyə bilsinlər.” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930