Ölkəmizdəki ali məktəblərin təhsil haqlarında dəyişiklik olacaqmı?
842 dəfə baxılıb
Qubad İbadoğlu: Təhsil haqlarının artırılması üçün əsaslar formalaşmayıb.
“Manatın devalvasiyasının Azərbaycanın ali məktəblərində illik təhsil haqlarında özünü göstərəcəyini düşünmürəm”.
“Sələf Xəbər” “A24.az”-a istinadən bildirir ki, bunu iqtisadçı-ekspert Qubad İbadoğlu deyib.
“Manatın devalvasiyası Azərbaycanın ali məktəblərində illik təhsil haqlarında özünü göstə bilərmi və ya ali təhsil müəssisələrində təhsil haqlarında dəyişikliyə əsas varmı” sualımıza cavab verən Q.İbadoğlu deyib ki, təhsil haqları Azərbaycan vətəndaşları üçün manatladır: “Düşünmürəm ki, manatın devalvasiyasının yerli tələbələrin təhsil haqqına təsiri olsun, onun artırılması üçün əsaslar formalaşmayıb, çünki təhsildə əsas xərc maddəsi olan müəllimlərin əmək haqları manatladır və onun da artırılması ilə bağlı prezident fərmanı yoxdur”.
“Bəs, əcnəbi tələbələr üçün…”sualına ekspert belə cavab verib: “Onlar üçün heç nə dəyişmir, xarici valyuta ilə də ödənişlərini edəcəklər”.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN, 1 Avronun rəsmi məzənnəsi isə 1,19 səviyyəsində müəyyən edilib. Hazırda 1 dollar elə 1.05 manat kursunda qalır.
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin bu ilin yanvarında açıqladığı məlumatına görə, Azərbaycanda bakalavr və magistrlərin hazırlanmasını həyata keçirən 39 dövlət və 14 qeyri-dövlət ali təhsil müəssisəsində təhsil alanların sayı 158 212 nəfər olub. Təkcə 2014-cü ildə ölkənin ali təhsil müəssisələrinə 35,8 min tələbə qəbul olunub. Bakalavriat səviyyəsi üzrə qəbul olunan tələbələrin ümumi sayında ödənişli əsaslarla məktəbə daxil olunanların xüsusi çəkisi 63,8 faiz olub.
Bundan başqa, Azərbaycanın ali təhsil müəssisələrində 58 xarici ölkənin 4189 nəfər vətəndaşı təhsil alır. Əcnəbi tələbələrin sırasında Türkiyə, İran, Rusiya, Türkmənistan, Gürcüstan, İraq və Çin Xalq Respublikası vətəndaşları üstünlük təşkil edirlər. Hazırda Azərbaycanın ali təhsil müəssisələrində ən aşağı təhsil haqqı 900, ən yuxarı təhsil haqqı isə 4500 manatdır.
Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Elm tələb etmək hər bir müsəlmana fərzdir!” (İbn Macə)