“Onurğa əyriliyi daxili orqanlarda da ciddi problemlər yaradır”
3. 437 dəfə baxılıb
“Skoliozun, yəni onurğa əyriliyinin əsas səbəblərindən biri genetik faktorla bağlıdır. Yanaşı gedən xəstəliklərin də skoliozların yaranmasında böyük rolu var. Hər şeydən əvvəl həm də skoliozun səbəbini araşdırmaq lazımdır”.
“Sələf Xəbər” Milli.Az-a istinadən bildirir ki, bunu tibbi reabilitasiya və fizioterapiya üzrə mütəxəssis Sənan Cəfərov deyib.
Onurğa əyriliyinin bir neçə tipinin olduğunu açıqlayan Sənan Cəfərov “əyriliyin hansı tip olduğunu, yəni C, yoxsa S-vari skolioz olduğunu ilkin mərhələdə, uşaqlar kiçik olanda təsbit edəndə aparılan tədbirlərin nəticəsi də müsbət olur”, – deyə vurğulayıb.
Mütəxəssisin sözlərinə görə, 18 yaşa qədər skoliozun aradan qaldırılması, onurğanın bərpası mümkündür. 18 yaşdan sonra isə skoliozun özünü yox, yaratdığı fəsadları aradan qaldırmaq mümkün olur: “Ancaq 18 yaşa qədər problemi mümkün olduğu qədər aradan qaldırmağa çalışırıq. Təbii ki, onun da dərəcələri nəzərə alınmalıdır.
Üçüncü dərəcəyədək olan skoliozlarla bağlı bərpa, fizioterapiya tədbirləri görülür və bunun çox müsbət nəticələri olur. Ancaq təəssüflər olsun ki, dördüncü dərəcəli skoliozlarda problemi ancaq cərrahiyyə əməliyyatı ilə aradan qaldırmaq mümkündür”.
Həkim deyib ki, onurğa əyriliyi təkcə dayaq-hərəkət sistemində deyil, daxili orqanlarda da ciddi problemlərə yol açır: “Əyrilik döş fəqərələrində də olursa, təbii ki, bu zaman ağ ciyərlə, ürək-damarla bağlı problemlər ortaya çıxır. Zamanında müalicə aparılmasa, ciddi fəsadlar ortaya çıxır. Skolioz problemi bütün daxili orqanlara təsir edir. Ürək-qan damar sistemində, ağ ciyərlərdə ciddi fəsadların yaranması mümkündür. Hətta skolioz zamanı sinirlərin sıxılması nəticəsində cinsi problemlərin də ortaya çıxması qaçılmaz olur”.
Sənan Cəfərov bildirib ki, sadə bir Rentgen müayinəsi, ölçü metodları ilə skoliozun dərəcələri təsbit olunmalı, problemlə bağlı hansı addımların atılacağına qərar verilməlidir: “Sonradan qazanılma skoliozları aradan qaldırmaq asandır. Anadangəlmə skoliozları isə bərpa, fizioterapiya tədbirləri ilə aradan qaldırmaq çətin olur.
Uşaqlarla analar daha çox təmasda olur. Ona görə də analar daha diqqətli olmalıdırlar. Uşaqlara soyunan zaman diqqətlə baxmaq lazımdır. Əvvəla, çiyin sümüklərinə diqqət etmək gərəkdir. Uşaqda çiyin sümüklərinə, iki çiyin arasında olan məsafəyə nəzər yetirsinlər. Arxadan baxanda kürək sümükləri arasında fərq varsa, uşağın yerişi normal deyilsə, mütləq mütəxəssisə müraciət etmək lazımdır”.
Hər 6 ayda, ən geci ildə bir dəfə Rentgen müayinəsi aparıb, nəticənin necə olduğunu aydınlaşdırmaq lazımdır“.
Sənan Cəfərov onu da deyib ki, fizioterapiya və müalicəvi idmandan sonra korset taxmaq önəmlidir. Ancaq mütəxəssis vurğulayıb ki, birinci və ikinci dərəcəli skoliozlarda korset geyinmək məsləhət deyil. Skoliozlu uşaqların daim korsetlə gəzməsi və korsetlə yatması da məsləhət deyil. Skoliozların üçüncü mərhələsindən sonra korset taxmaq nəticə verir. Xüsusi olaraq xəstə üçün hazırlanmış korsetlər hazır korsetlərdən faydalıdır.
Həkim qeyd edib ki, skoliozu olan xəstələrin düz yataqda yatması kimi mövcud olan təsəvvür tamamilə yanlışdır: “Ümumiyyətlə, bizdə səhv bir yanaşma var – onurğada problem varsa, düz yataqda yatmaq lazımdır. Anatomik olaraq bizim onurğamız S-varidir. Düz yataqda yatanda onurğaya daha çox zərər vermiş olarıq. Yarım ortopedik yataq seçməliyik, S-vari boşluqlar dolmalıdır ki, xəstəyə rahatlıq versin. Eyni zamanda, yatağın düzgün seçilməməsi özü də skolioza səbəb ola bilər”.
Onun sözlərinə görə, sağlamlıq üçün ən mühüm məqamlardan biri də yataqda hansı vəziyyətdə uzanmaqdır: “Sağ böyrü üstdə, arxası üstdə uzanmaq daha doğru olar. Sol böyrü üstdə, yəni ürəyin üstündə yatmaq narahatlıq yaradır. Ən yanlış məqamlardan biri isə üzü üstdə yatmaqdır. Üzü üstdə yatan insanlarda ürək problemləri daha çox müşahidə olunur”.
S. Cəfərov deyib ki, analar, orta məktəb müəllimləri uşaqların hərəkətlərinə, parta arxasında oturuşlarına, daşıdıqları çantalara münasibətdə diqqətli olmalıdırlar: “Uşağın inkişaf çağında bütün bunlar önəmli məsələlərdir. Yanlış vərdişlər onurğada çox ciddi fəsadlara yol aça bilir”.
Həkim, onurğa əyriliyinin müalicəsinin uzun çəkən proses olduğunu da açıqlayıb: “Çoxları 20 gün müalicədən sonra onurğada olan əyriliklərin düzələcəyini gözləyirlər. Bu, mümkün deyil. Bizim əsas məqsədimiz onurğanın daha çox əyilməsinin qarşısını almaq, sonra isə bərpa ilə məşğul olmaqdır”.
“Eyni zamanda bir sıra hallarda skolioz xəstələrinin masaj olunmasının da şahidi oluruq. Bu da doğru deyil. Skolioz dərin toxumalarda baş verir. Masaj isə səthi bir prosedurdur”.
Həkim onu da vurğulayıb ki, skolioz problemi olanlar üçün ən mühüm idman növü üzgüçülükdür.
Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Ey Allahın qulları, müalicə olunun! Allah bir xəstəlik göndərmişsə, şübhəsiz, arxasınca müalicə yolunu da göstərmişdir. Bircə xəstəliyin müalicəsi yoxdur, o da qocalıqdır”. (Əbu Davud, Tibb 1; Tirmizi, Tibb 2; İbn Macə, Tibb 1)