Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Öyrəndiklərinizi yadda saxlamağın 4 qızıl qaydası

Yanvar 27
17:39 2015

“Sələf Xəbər” www.businessinsider.com saytına istinadən öyrənmə prosesinizi asanlaşdıracaq 4 üsulu təqdim edir.
Əgər nəsə öyrənməyə hazırlaşırsınızsa, əvvəlcə bunları bilməlisiniz:

Riyaziyyat, tarix və ya proqramlaşdırma kimi elmləri öyrənməyə hazırlaşırsınızsa, əvvəlcə mövzudan xəbəriniz olmalıdır. Öyrənmə prosesinin necə baş verdiyini öyrənməlisiniz. Lakin təəssüflər olsun ki, mövcud təhsil sistemləri yuxarıda sadalananlardan birini nəzərə almır. Halbuki, öyrənmə bacarığı həyatda ali təhsil almaqdan tutmuş iş həyatına qədər uğur qazanmağın ən böyük göstəricilərindən biridir. Bütün bunlar müəyyən bacarıqlara yiyələnməyi tələb edir.

“Valideynlər və pedaqoqlar birinci növ bilikləri yaxşı paylaşırlar”, – deyə yazıçı-psixoloq Enni Mörfi Pol bildirib. Və əlavə edib: “Biz konkret məlumatlar barədə danışmaqdan çəkinmirik: adlar, tarixlər, rəqəmlər, faktlar. Lakin öyrənmə prosesinin özünə – öyrənmə prosesinin “metakoqnitiv” aspektlərinə – gəldikdə isə, buna başdansovdu yanaşırıq və bu özünü büruzə verir”.

Yeni həyata keçirilmiş araşdırmanın nəticələri göstərib ki, müvəffəqiyyət səviyyəsi aşağı olan tələbələr, insanlara öyrəndiklərini yaxşı qavramağa imkan verən koqnitiv strategiyaları anlamaqda “böyük çatışmazlığa” malikdirlər. Enni Mörfi Pol deyir: “Bu onu göstərir ki, tələbələrin yaxşı performans nümayiş etdirmədiklərinin səbəblərindən biri öyrənmə prosesinin necə baş verdiyi haqqında çox məlumatlı olmamalarıdır”.

Bu hər kəsi əhatə eləyən bir məsələdir. Vaşinqton Universitetinin psixoloqları, “Həkk edin: uğurlu öyrənmə prosesi elmi” kitabının müəllifləri Henri Rodiger və Mark Makdanielin fikrinə görə, bizim öyrətmə və öyrənmə prosesimiz nəzəriyyələr, əfsanələr və intuisiyamızın qarışığıdır”. Həqiqətən işə yarayacaq öyrənmə strategiyaları isə aşağıdakılardır:

Özünüzü xatırlamağa vadar edin
Effektiv öyrənmə prosesinin ən maraqsız cəhəti, onun çətin olmasıdır. “Həkk edin: uğurlu öyrənmə prosesi elmi” kitabının müəllifləri iddia edir ki, öyrənmə prosesi çətin olsa da, öyrənmək üçün əlimizdən gələni etməliyik. Necə ki, gücünüzün yetəcəyi qədər ağır yük qaldırmaq sizi daha güclü edir.

Bu prosesdən faydalanmaq asan başa gəlməsə də, sadədir: özünüzü hər hansı bir faktı xatırlamağa məcbur edin. Fleş-kartların bu cəhətdən köməyi böyükdür, çünki onlar sizi cavabları beyninizə həkk etməyə vadar edir.

Səlisliyə aludə olmayın
Bir şeyi asanlıqla oxuya bilməyinizə səlislik deyilir. Lakin səlislik sizin işinizi daha da çətinləşdirir. Məsələn, deyək ki, siz hava limanındasınız və Çikaqoya uçmaq üçün hansı qapıya yaxınlaşacağınızı yadda saxlamağa çalışırsınız. Terminal monitorlarına baxırsınız – orada B44 yazılıb. Öz-özünüzə fikirləşirsiniz, “B44, bu ki, asandır”. Sonra monitordan uzaqlaşırsınız, səbəbsiz yerə telefonunuzu qurdalayırsınız və hara getdiyinizi unudursunuz. Bunun əvəzində isə belə edə bilərsiniz: əvvəlcə qapının nömrəsini oxuyursunuz. Daha sonra üzünüzü çevirirsiniz və öz-özünüzə soruşursunuz ki, qapının nömrəsi neçə idi? Əgər “B44” olduğunu xatırlasanız, deməli hər şey qaydasındadır.

Yeni öyrəndiklərinizi əvvəl öyrəndiklərinizlə əlaqələndirin
“Həkk edin: uğurlu öyrənmə prosesi elmi” kitabının müəllifləri yazır: “Yeni öyrəndiklərinizin əvvəl öyrəndiklərinizlə əlaqəsini nə qədər çox izah edə bilsəniz, yeni materialı bir o qədər tez qavrayacaq və bu məlumatları daha sonra xatırlamaq üçün daha çox əlaqələr qurmuş olacaqsınız”.

Hafizənizdə mövcud olan biliklərə yenilərini əlavə edəndə, öyrəndiklərinizi təkmilləşdirmiş olursunuz.
Möhtəşəm üsullardan biri də öyrəndiyiniz prinsipləri dərhal mövcud nümunələrə tətbiq etməyinizdir. Məsələn, sərbəst şer vəzni haqqında öyrəndinizsə, bu vəznə nümunə olan şeirlər oxuyun. Əgər istiliyin ötürülməsi barədə bir məlumat oxudunuzsa, soyuq qış günündə bir fincan isti kakaonu əlinizdə tutarkən istiliyin əlinizə necə yayıldığını düşünə bilərsiniz.

Təkrar, təkrar, təkrar edin
Təkrarlamağın insana faydası var. Harvard Biznes Məktəbində həyata keçirilmiş araşdırma nəticəsində məlum olub ki, çağrı mərkəzinə yeni cəlb edilmiş işçilər, günün sonunda, sadəcə, 15 dəqiqə ayıraraq öz işlərini yenidən nəzərdən keçirməklə yoxlama qrupundan 22.8% daha yüksək performans nümayiş etdiriblər.

Harvard Biznes Məktəbinin professoru Françeska Cino deyib: “İnsanların təkrarlamaq imkanı olanda, onlar öz effektiv performanslarında yüksəliş hiss edirlər. Onlar nailiyyət qazanacaqlarına daha əmin olur, daha böyük səylə iş görür və daha böyük səylə öyrənirlər”.

Öyrəndiklərinizi təkrarlamaq kənardan az iş kimi görünsə də, nəticə etibarilə daha çox uğur əldə etməyə gətirib çıxarır.

 Sələf Xəbər: Uca Allah buyurur: “(Ey İnsanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930