Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Rəsədxanadan xəbərdarlıq: “Günəş tutulmasına görə təşvişə düşməyin”

Mart 18
16:38 2015

“Martın 20-də baş verəcək Günəş tutulmasını da nəzərə alsaq, mənzərə daha da rəngarəng olar”.

“Risk qrupuna daxil olan insanlar – xroniki ürək-qan-damar xəstələri, ahıllar, uşaqlar gərginlikdən qaçmalıdırlar, aktiv istirahət etməlidirlər”.

“Martın 15-də Günəş səthindəki 2297 nömrəli çox böyük ölçülü ləkənin yaxınlığında baş verən C9 sinfinə mənsub alışma nəticəsində nəhəng plazma kütləsi (tac kütlə atılması) Günəşdən ayrılıb və kosmik fəzaya doğru atılıb”.

“Sələf Xəbər” APA-ya istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayevin verdiyi məlumata görə, Yer ətrafı fəzaya gözlənildiyindən də tez – martın 17-də çatan qaynar plazma buludu Yer maqnitosferi ilə qarşılıqlı təsirdə olub, günün birinci yarısında G1 sinfinə aid olan geomaqnit qasırğası yaradıb.

E.Babayev qeyd edib ki, planetlərarası maqnit sahəsinin Z komponentinin cənub istiqamətinə yönəlməsi və Günəş küləyinin nisbətən yuxarı sürətə malik olması qasırğanı daha da artırıb. Nəticədə geomaqnit qasırğasını xarakterizə edən əsas indekslərdən biri olan Kp indeksi qısa müddət ərzində 6-ya çatıb (şkalanın maksimumu 9 olmaqla).

Günəş səthində 3 böyük ləkə qrupunun və cəmisi 57 ləkənin müşahidə olunmasına baxmayaraq, Günəşdə alışmaların generasiyası ehtimalı yüksək olaraq qalır. Hətta rentgen sinfinə mənsub olan X-alışmaların da baş verməsi istisna olunmur. Digər tərəfdən, Günəş səthində müşahidə olunan tac dəliklərindən (maqnit qüvvə xətləri açıq olan hissələr) öz başlanğıcını götürən yüksək sürətli Günəş plazma küləyi martın 20-21-də əlavə geomaqnit həyəcanlanmasına səbəb olacaq. Geomaqnit vəziyyətin nə qədər gərgin olacağı isə planetlərarası maqnit sahəsinin istiqamətindən və Günəş küləyinin sürətindən asılı olacaq.

E. Babayevin sözlərinə görə, mart ayının 20-21-nə təsadüf edən günləri kosmik hava baxımından təlatümlü keçir: “Maraqlıdır ki, geomaqnit qasırğalarının intensivliyində də fəsil asılılığı müşahidə olunur – gecə-gündüz gün bərabərliyi nöqtələri ətrafında olan dövrlərdə fon geomaqnit qasırğalarının intensivliyi nisbətən artır. Martın 20-də baş verəcək Günəş tutulmasını da nəzərə alsaq, mənzərə daha da rəngarəng olar. Martın 15-də İsveçrə və Cənubi Almaniya ərazisi üzərində baş verən meteor partlayışının parıltısı isə bədirlənmiş Aydan da parlaq olub”.

E. Babayev qeyd edib ki, bahar gələndə təbiət kimi, Günəş də oyanır: “Buna təbii baxaq və təşvişə düşməyək. Günəşin şıltaqlığı özü qədər də maraqlıdır. O, sağlam insanlara təsir etmir, sadəcə risk qrupuna daxil olan insanlar – xroniki ürək-qan-damar xəstəliklərinə düçar olanlar, ahıllar, uşaqlar gərginlikdən qaçmalı, aktiv istirahət etməlidirlər”.

Sələf Xəbər: Rəvayət edilir ki, Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabəsi Abdullah ibn Abbas (Allah onların hər iksindən razı olsun) demişdir: “Peyğəmbərin zamanında günəş tutuldu və o (Allahın ona salavat və salamı olsun) namaz qıldırdı. Əvvəl qiyamı o qədər uzatdı ki, (bu vaxt ərzində) “əl-Bəqərə” surəsini oxumaq olardı, sonra rükuya getdi və rükunu uzatdı, sonra rükudan qalxdı və qiyamı uzatdı, lakin bu qiyam əvvəlkindən qısa idi. Sonra rükuya getdi və rükunu uzatdı, lakin bu rüku əvvəlkindən qısa idi, sonra səcdə qıldı. Sonra ayağa qalxıb qiyamı uzatdı, lakin bu qiyam əvvəlkindən qısa idi, sonra rükuya getdi və rükunu uzatdı, lakin bu rüku əvvəlkindən qısa idi,sonra rükudan qalxdı və (yenə) qiyamı uzatdı, lakin bu qiyam əvvəlkindən qısa idi, sonra (bir də) rükuya getdi və rükunu uzatdı, lakin bu rüku əvvəlkindən qısa idi, sonra (rükudan qalxıb səcdəyə getdi və iki dəfə) səcdə qıldı, sonra (salamları verib) namazı bitirdi. Artıq günəşin üzü açılmışdı. Bundan sonra Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: “Həqiqətən də, günəş və ay Allahın dəlillərindəndir. Onlar kimsənin nə ölümünə görə, nə də dünyaya gəldiyinə görə tutulur. Odur ki, onların tutulduğunu gördüyünüz zaman Allahı zikr edin!” (Əl-Buxari)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930