Şəxsiyyət vəsiqələrinə görə ödənilən rüsumlar artırıldı
889 dəfə baxılıb
Anar Hüseynov: “2 may 2014-cü il tarixdə qəbul olunan və 1 dekabr 2015-ci ildə qüvvəyə minən qanun var. Rüsumlar vətəndaşlardan həmin qanuna əsasən alınır”.
“ASAN xidmət” mərkəzlərində şəxsiyyət vəsiqələrinin verilməsinə görə ödənilən dövlət rüsumlarının artması ilə bağlı müraciətlər olub.
“Sələf Xəbər” Sputnik-ə istinadən məlumat verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) mətbuat katibi Anar Hüseynov da faktı təsdiqləyib.
Bununla belə, A. Hüseynov rüsumların artmasının “ASAN Xidmət”lə əlaqəsi olmadığını qeyd edib: ““ASAN xidmət” mərkəzləri, dövlət orqanları tərəfindən göstərilən xidmətləri vahid bir formada hazırlayaraq həyata keçirən orqandır. “ASAN xidmət”də hal-hazırda 10 dövlət qurumu birləşərək bütün xidmətləri həyata keçirir. O ki qaldı “ASAN Xidmət rüsumları qaldırır” iddiasına, bizim belə bir səlahiyyətimiz yoxdur”.
Onun sözlərinə görə, “ASAN Xidmət”də tələb olunan rüsumların hamısı qanunvericiliklə təyin olunan rüsumlardır: “2 may 2014-cü il tarixində Milli Məclis tərəfindən qəbul olunan qanun var. Həmin qanun 1 dekabr 2015-ci ildə qüvvəyə minib. Və rüsumlar həmin qanuna əsasən “ASAN xidmət”də vətəndaşlardan alınır”.
Agentlik rəsmisi rüsumların hansı zərurətdən artması ilə bağlı sualın da onlara deyil, aidiyyəti qurumlara ünvanlanmalı olduğunu dedi: “Şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi xidməti Daxili İşlər Nazirliyi tərəfdən həyata keçirilir. Sualınızla bağlı daha dəqiq məlumatı onlardan ala bilərsiniz”.
Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə Sputnik-ə açıqlamasında rüsumların Nazirlər Kabineti tərəfindən müəyyənləşdirildiyini bildirdi.
Qeyd edək ki, hazırda “ASAN Xidmət” mərkəzlərində Şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi üçün dövlət rüsumları aşağıdakı kimidir:
16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi verilərkən dövlət rüsumu alınmır. 16 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsinə görə isə:
On gün müddətində verildikdə və ya dəyişdirildikdə — 5 manat
Üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə — 25 manat
Bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə — 35 manat