Smartfon cihaz xərçəngi müəyyən edə bilər
780 dəfə baxılıb
“Sələf Xəbər” english.alarabiya.net saytına istinadən xəbər verir ki, smartfona qoşula bilən yeni cihaz xərçəngi dəqiq və ucuz şəkildə müəyyən edə bilər.
ABŞ araşdırmaçılarının fikrinə görə, bu texnologiya ucqar regionlarda xüsusilə faydalı ola bilər. D3 kimi tanınan cihaz şəxsi istifadə üçün yox, tibbi mütəxəssislərin istifadə etməsi üçün işlənib hazırlanıb. Bahalı təhlillər qədər dəqiq nəticələr verən cihaz, hər xəstə üçün sadəcə 180 dollar məbləğinə başa gəlir.
Bu araşdırma ABŞ Milli Elmlər Akademiyasının nəşr etdiyi jurnalda təsvir edilib. “Biz inanırıq ki, işləyib-hazırladığımız platforma həddən artıq az xərclərlə vacib xassələri yerinə yetirir”, – deyərək Massaçusets Baş Xəstəxanasının Xərçəng və Sistem Biologiyası Mərkəzinin doktoru, araşdırmanın müəlliflərindən biri olan Sezar Kastro bildirib. D3 Rəqəmsal Difraksiya Diaqnozu (Digital Diffraction Diagnosis) deməkdir və bu sistem, “batareya ilə işləyən LED işıqlı, kamerası ilə yüksək rezolyusiyalı təsvirlər çəkən standart smartfona bərkidilmiş bir moduldur” – araşdırmada qeyd edilib.
“Ənənəvi mikroskopiyadan daha təfsilatlı məlumatlar təmin edən D3 sistemi bir təsvirlə qan və ya toxuma nümunələrində 100 mindən çox məlumat qeydə almağa qadirdir”. Proses, qan və ya toxuma nümunəsinə mikrodamcılar əlavə etməklə baş verir. Mikrodamcılar xərçənglə əlaqəli molekullara birləşir. Daha sonra nümunə D3 təsvir moduluna yüklənir. Məlumat sürətli şəkildə təhlükəsiz, şifrələnmiş xidmət vasitəsilə ötürülə bilər.
Daha sonra, xərçəngin olduğunu göstərən xüsusi molekulların mövcudluğu mikrodamcıların əmələ gətirdiyi diffraksiya nümunələrini təhlil etməklə müəyyən oluna bilər. Həkimlər nəticələri günlər və ya həftələr içində yox, dəqiqələr və ya saatlar içində əldə edə bilər. Sistemin təcrübədən keçirilməsi zamanı 25 qadının uşaqlıq boynunun biopsiya nümunələrindən istifadə edilib. Nəticələr eynilə diaqnostik təhlillərin nəticələri qədər dəqiq olub. Araşdırmanın nəticələrində qeyd olunub: “Limfa düyünü biopsiya nümunələrini təhlil etmək üçün D3-dən istifadə olunan digər bir təcrübə nəticəsində limfoma diaqnozu ənənəvi patologiya ilə təsdiqlənmiş dörd xəstəni, xoşxassəli limfa düyün genişlənməsi olan digər 4 xəstədən dəqiqliklə fərqləndirməyə nail olunmuşdur”.
Yeni cihazın istifadəsi ilə əldə edilmiş ilkin nəticələi təsdiqləmək üçün daha çox xərçəng xəstələrinin araşdırılmasına ehtiyac var. Lakin MGH Sistem Biologiyası Mərkəzinin direktoru, araşdırmaçı Ralf Vesyssleder bildirib ki, o cihazın, xüsusilə ucqar və ya yoxsul regionlarda xərçəng diaqnozunda mövcud olan bir çox baryerləri aşacağını gözləyir: “Dünyada mobil telefon texnologiyasının geniş şəkildə yayılmasından faydalanaraq, sistem şübhəli və ya yüksək risk altında olan halların cəld müəyyən olunmasına imkan verə bilər. Bu isə o regionlarda məhdud patologiya xidmətlərinin səbəb olduğu gecikmələri əvəzləməyə kömək edə bilər və xəstələrin təkrar müayinə üçün həkimə müraciət etmə zərurətini azaldar. Çünki bu onlar üçün həqiqətən də böyük çətinlik törədir” .
Sələf Xəbər: Uca Allah buyurur: “(Ey İnsanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)