Sürücüsüz idarə olunan ilk yük avtomobili sınaqdan keçirilir – FOTO
880 dəfə baxılıb
“Sələf Xəbər” arabic.rt.com saytına istinadən xəbər verir ki, Almaniyanın Daimler şirkəti dünyada ilk dəfə sürücüsüz idarə olunan ilk yük avtomobilini istehsal edib. Hal-hazırda avtomobil Amerikanın Nevada Ştatının yüksək sürətli yollarında sınaqdan keçirilir.
İstehsal olunan yük maşını hələlik satış üçün nəzərdə tutulmayıb. Buna baxmayaraq, ABŞ dövləti bu növdən olan iki ədəd yük maşınının ictimai nəqliyyat yollarında hərəkətinə icazə vermişdir.
Nevada Ştatının baş prokuroru Brayn Sandoval bu hadisəni “Tarixi Gün” adlandırıb.
Bu sınaq dövründən öncə yük maşını Almaniyada 16 km. məsafə qət edərək sınaqdan keçirilib. Yük maşınlarının istehsalı ilə məşğul olan nəhəng Daimler şirkəti bildirmişdir ki, bu maşınlar şirkətlərin yanacaq məsrəflərini azaldacaq və daha təhlükəsiz hərəkəti təmin edəcəkdir. Maşınlar, həmçinin şəbəkə vasitəsi ilə tıxac və digər yol nəqliyyat hadisələri haqda əvvəlcədən xəbərdar edilərək digər istiqamətlərə yönəldiləcək. Çəkisinin çoxluğuna baxmayaraq, bu maşınlar yolda olduqca rahat hərəkət edir, ani manevrlər etmir və lazımi intervalı saxlayırlar. Maşının ön hissəsində yaxın və uzaq məsafəni nəzarətdə saxlayan radar da quraşdırılıb.
Şirkət onu da qeyd edir ki, bu maşınlar yol nəqliyyat sahəsində çox dəyişiklik edəcək. Maşın sürücünün işini o qədər asanlaşdıracaq ki, sürücü sürücü deyil, “Yol Müfəttişi” olacaq.
Sələf Xəbər: Xatırladaq ki, Uca Allah 1400 il əvvəl Quranda, indiyədək bəşəriyyətə məlum olmayan müxtəlif nəqliyyat növlərinin meydana çıxması barədə bizə xəbər verib. Uca Allah buyurur: “Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır”. (Qurani-Kərim, “Ən-Nəhl” surəsi, 8-ci ayə)
Nüfuzlu Quran təfsirçisi, mərhum Əbdurrəhman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Uca Allah, həmçinin xəbər verir ki, Quran nazil edildikdən sonra da insanların bilmədiyi çoxlu şeylər yaradılacaqdır. İnsanlar quruda, dənizdə və havada istifadə ediləcək müxtəlif əşyalar icad edəcəklər. Onlar bu ixtiraları öz maraqları üçün tətbiq edəcək və onlardan faydalanacaqlar”.