Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

Təkərlər sürücüyə təhlükə barədə xəbər verəcək

Noyabr 08
14:23 2014

Trend İTAR TASS agentliyinə istinadən məlumat verir ki, tezliklə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) bütün avtomobil şinləri elektron pasportlarla təmin olunacaq.

“Ağıllı təkərlər” mobil qurğu vasitəsilə maşın sahiblərinə təhlükə barədə məlumat verəcək. “Gulf News” qəzetinin məlumatına görə, xüsusi rəqəmsal çipi olmayan təkərlər artıq gələn ilin əvvəlindən qanundankənar hesab ediləcək və ölkə ərazisində istifadəsi qadağan olunacaq.

Əmirliklərin Standartlaşdırma Xidmətinin nümayəndəsi mühəndis Casem əl-Əli qəzetə bildirib: “Əsas məsələ BƏƏ-də havanın həddindən artıq isti olmasındadır. Adi təkərlər yüksək temperatura davam gətirmir, sıradan çıxır, eləcə də istismar prosesində partlayır. Tərəfimizdən belə təkərlərin səbəb olduqları çoxsaylı bədbəxt hadisə qeydə alınıb”.

Onun sözlərinə görə, BƏƏ bazarlarına çoxlu firma “şimal təkərləri”, eləcə də tanınmış istehsalçıların saxta məhsulları” daxil olur: “Biz daim idxalçıları xəbərdar edirik, lakin onlardan bəziləri qısa müddətdə gəlir əldə etmək üçün qaydalara əməl etmirlər. Eyni zamanda, istehlakçıların əksəriyyətinin bu problemdən xəbərləri yoxdur və öz həyatlarını riskə atırlar”.

Qəzet yazır ki, elektron pasport təkərlərin hər birində yerləşdirilməlidir. Onlar buraxılış tarixi, texniki xüsusiyyətlər haqqında tam məlumata malik olacaq. Bu məlumatı alıcının mobil telefonu vasitəsilə oxumaq mümkün olacaq. “Ağıllı təkərlər” maşın sahibini təkərlərin dəyişdirilməsi və deformasiya təhlükəsi barədə də xəbərdar edəcək.

Xidmətdən qəzetə verilən məlumata görə, artıq gələn ildən polis müfəttişləri belə rəqəmsal pasportların mövcudluğunu yoxlayacaq və ola bilsin ki, qeyri-leqal şinləri müsadirə edəcəklər.

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930