TV vasitəsilə kommunal xidmətləri ödəmək mümkün olacaq
869 dəfə baxılıb
Azərbaycanda kommunal və digər xidmət növləri üzrə ödənişi televizor vasitəsilə həyata keçirmək mümkün olacaq.
“Sələf Xəbər” Trend-ə istinadən bildirir ki, bunu ölkənin telekommunikasiya bazarındakı mənbə deyib.
Mənbə qeyd edib ki, yeni xidmətdən resiverlər (HTTP Live Streaming – HLS protokolunu dəstəkləyən) vasitəsilə istifadə etmək mümkün olacaq. Resiverlərdə “şəxsi cabinet” opsiyası yerləşdiriləcək.
Onun sözlərinə görə, yeni platformanın “Elektron hökumət” (e-gov.az) portalının server platformalarına inteqrasiyası sayəsində onlayn ödənişlər etmək mümkün olacaq.
HLS yeni yayım standartı yaxın həftələrdə kommersiya istismarına veriləcək, sonra onlayn ödənişlər opsiyası işə salınacaq.
HLS protokolunun üstünlüyü ondan ibarətdir ki, TV paketə internetin (internet xidmətinin tədarükçüsündən asılı olmayaraq) olduğu istənilən yerdən daxil olmaq mümkündür.
HLS-də TV proqramlarına distant idarəetmə pultu ilə birlikdə tövsiyə edilən IP-dekoderlər (Set-Top-Box) vasitəsilə baxmaq mümkün olacaq.
İstifadəçilər bir neçə TV paketdən yararlanacaqlar. Paketlərdə kanalların sayı 60 (baza paketi) və daha çox olacaq. Abonent haqqı 9 manatı ötməyəcək. Ödənişi onlayn və ictimai yerlərdə quraşdırılan ödəniş terminalları vasitəsilə həyata keçirmək mümkün olacaq.