Uşağınızın inkişafı, sizin sevginizdən asılıdır
1. 079 dəfə baxılıb
Sələf xəbər dailymail.co.uk saytına istinadən xəbər verir ki, alimlərin sözlərinə əsasən, qayğıkeş ananın uşağına emosional qayğı göstərməsi, onun beyninin ölçüsünə təsir edə bilər.
Bu şəkillərin hər ikisi 3 yaşlı uşaqlara məxsusdur. Qayğısız qalmış uşağın beyninin normal 3 yaşlı uşağın beynindən daha kiçik olduğunu əks etdirən dəhşətli şəkillər, sevginin həqiqi təsirini bir daha sübut edib. Nevroloqların fikrinə görə, bu iki uşaq beyni arasında nəzərə çarpacaq dərəcədə böyük fərqin əsas səbəbi – analarının onlara münasibəti olub. Soldakı beyin, sağdakına nisbətən əhəmiyyətli dərəcədə böyükdür, üzərində daha az ləkə var və tünd nahiyələrinin sayı daha azdır.
Daha böyük və daha inkişaf etmiş beyinə malik uşağın anası daim onun qayğısına qalıb, körpəsinin istəklərinə cavab verib. Beyni kiçik olan uşaq isə, laqeydsizlik görüb və təzyiqə məruz qalıb.
Sunday Telegraph qəzetində nəşr olunmuş hesabata əsasən, sağ şəkildəki beyində, sol şəkildəki beyində olan fundamental nahiyələrdən bəziləri çatışmır. Bu çatışmazlıqların nəticələri nəzərə çarpacaq dərəcədə böyükdür. Belə ki, soldakı, daha böyük beyni olan uşağın daha ağıllı, başqalarının dərdinə şərik çıxmaq kimi sosial bacarıqlara malik olacağı ehtimalı böyükdür. Kiçik beyni olan uşağın isə narkotik maddə aludəçisi olacağı və cinayətlərə meylli olacağı, işsiz qalacağı və dövlət müavinətlərindən asılı olacağı ehtimalı böyükdür. Həmçinin bu uşaq əqli problemlərdən və digər ciddi səhhət problemlərindən əziyyət çəkə bilər. Kaliforniya Universitetinin professoru Allan Sxor, Sunday Telegraph qəzetinə müsahibəsində bildirib ki, əgər uşaq həyatının ilk 2 ilində lazımi qayğını görməzsə, bu onun inkişafına əsaslı şəkildə təsir göstərə bilər.
O vurğulayıb ki, belə olan halda, əqli dərrakə də daxil olmaqla, beynin bəzi funksiyalarına görə cavabdeh olan genlər fəaliyyət göstərə bilmir. Kədərli olsa da, ola bilsin ki, onlar heç vaxt inkişaf etməyəcək və ümumiyyətlə mövcud olmayacaqlar.
Nəticələrdən belə məlum olur ki, ana övladına qarşı nə qədər biganə olarsa, uşağın beyninə dəymiş zədə bir o qədər böyük olur.
Bu şəkillər həmçinin uşaqlıqda qayğıdan məhrum qalma siklinin dəhşətini əks etdirir – yəni, əksər hallarda, valideynləri tərəfindən qayğı görmədiyi üçün beyni inkişaf etməmiş uşaq öz uşaqlarına da eyni rəftarı göstərir. Lakin, ABŞ-da aparılmış tədqiqatın nəticələri göstərib ki, əgər erkən müdaxilə edilsə və ailələrə dəstək göstərilsə, bu siklin qarşısını asanlıqla almaq olar. Tədqiqat bu ilin əvvəlində aparılmış başqa bir tədqiqatla əlaqəlidir. Əvvəlki tədqiqatın nəticələrinə əsasən, həyatının ilk illərində sevgi və qayğı görmüş uşaqlar daha ağıllı olur və qavrama qabiliyyətləri daha yaxşı inkişaf edir.
Vaşinqton Universiteti Tibb Məktəbinin uşaq psixiatrları və nevroloqlarının həyata keçirdiyi tədqiqat göstərib ki, həyatının ilk illərində anaları tərəfindən qayğı görmüş məktəblilərdə, beynin qavrama, hafizə və stressə müqavimət göstərməyə cavabdeh olan hippokamp sahəsi daha böyük olub.
İlk dəfə olaraq tədqiqat göstərib ki, uşaq beyin anatomiyasının bu mühüm nahiyələrindəki dəyişikliklər ananın qayğısı ilə əlaqəlidir. Tədqiqat, Milli Elmlər Akademiyasının elmi əsərlərində nəşr olunub. Aparıcı müəllif, tibb elmləri doktoru, uşaq psixiatriyası üzrə professor Con Lubi bildirib ki, tədqiqat, uşaqların sağlam inkişafı üçün qayğıkeş valideynlərin nə qədər zəruri olduğunu bir daha sübut edib.
Sələf Xəbər: Ananın uşağına qayğısı və sevgisi qadının fitrətindəndir. Lakin, günümüzdə bir çox qadınlar qazanc və ya özünü təsdiq etmək məqsədilə uşaqlarını kiçik yaşlarda ən zəruri tələbatı olan ana qayğısından və şəfqətindən məhrum edərək günlərinin çox hissəsini işdə keçirir.
Halbuki, uşaqlara qarşı olan sevgi və mərhəməti onlara hiss etdirməyi tövsiyə edən Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) hər mövzuda olduğu kimi, uşaqlara münasibətdə də öz həyatı ilə bizə örnək olur.
“Bir gün Allahın Elçisi (Allahın ona salavat və salamı olsun), nəvəsi Həsəni (Allah ondan razı olsun) öpür. Yanındakı sahabələrdən biri bunu görüb deyir: “Mənim on uşağım var, heç birini indiyə qədər öpməmişəm”. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun): “Mərhəmət etməyənə mərhəmət edilməz. İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz”, deyə buyurur. (Buxari).