Vahid naviqasiya sistemi yaradılacaq
805 dəfə baxılıb
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi türkdilli dövlətlər üçün vahid naviqasiya sisteminin yaradılmasını təklif edib.
“Sələf Xəbər”in “Xəzər Xəbər”-ə istinadən məlumatına görə, Azərbaycanın mədəniyyət və turizm naziri Әbülfəs Qarayev jurnalistlərə bildirib ki, bu xəritə Azərbaycan tərəfindən artıq mövcud olan gomap naviqasiya sistemi əsasında yaradıla bilər: “Biz Azərbaycan, Türkiyə və Gürcüstanın naviqasiya xəritələrini hazırlamışıq. Amma düşünürük ki, Qazaxıstan, Qırğızıstan və digər türkdilli ölkələr də buraya əlavə olunsa, türk dövlətlərinin vahid naviqasiya sistemi formalaşdırıla bilər. Bu da bizim üçün çox əlverişli imkan yaradacaq. Gomap sistemi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə yerinə yetirildi. Bu sistem bu gün artıq dövlət tərəfindən qəbul olunan və istifadə olunan yeganə naviqasiya və idarəolunma sistemidir”.
Ә.Qarayev bildirib ki, yeni sistemdə Azərbaycanın işğal altında olan ərazilərindəki tarixi abidələrin adları, eyni zamanda, türk mədəniyyətinə aid olan tarixi adlar öz əksini tapıb.
Nazirin sözlərinə görə, türk dövlətlərinin vahid naviqasiya şəbəkəsi yaradıldıqdan sonra “google”un xəritəsində tarixi adların düzgün yazılması üçün artıq “google”un özünə də təsir gücü artacaq: “Google açıq sistemdir. Orada işləyən adamlar hər bir dövlətin təklifinə maraqla yanaşmırlar. Orada müxtəlif yollarla bu adları dəyişdirərək naməlum, lazımsız adlar, bizim tariximizə aid olmayan adlar yazırlar. Bununla da mədəniyyətimizi, torpağımızı mənimsəmək isəyirlər. Buna görə də öz naviqasiya sistemimiz çərçivəsində bunu düzgün əks etdirərək google və digər şəbəkələrə bunu hazır məhsul kimi təqdim edəcəyik və çalışacağıq ki, reallığı əks etdirək”.
Sələf Xəbər: Uca Allah buyurur: “Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır.” (Müqəddəs Quran, “Ən-Nəhl” surəsi, 8-ci ayə).