Xalis balı saxta baldan necə ayırmalı?
6. 581 dəfə baxılıb
“Sələf Xəbər” www.healthyfoodadvice.net saytına istinadən xəbər verir ki, araşdırmalar nəticəsində məlum olub ki, bazara çıxarılan bal məhsulları arasında saxta məhsulların sayı artmaqdadır.
Aldığınız balın xalis və ya saxta olduğunu üzə çıxarmaqda sizə kömək edəcək 10 üsulu təqdim edirik:
Balın təbii olub-olmadığını yoxlamaq üçün onu təfsilatı ilə təhlildən keçirmək lazımdır. Lakin bu üsulları sınaqdan keçirmək, aldığınız balın təbii olub-olmadığını yoxlamağa kifayət edəcək.
1.Balın tərkibini oxuyun
İlk öncə, balın tərkibini oxuyun və hansı tərkib hissələrindən ibarət olduğuna baxın. Tərkibində əlavə maddələrin olmadığına əmin olun. İstehsalçı balın tərkibini və tərkibindəki maddələrin faizini məhsulun üzərində qeyd etməlidir.
2. Karamelləşdirmək üsulu
Siz, həmçinin, sadə bir üsulu yerinə yetirə bilərsiniz. Bir neçə qaşıq balı kasaya yerləşdirin və yüksək dərəcəyə qədər qızdırın. Əgər bal təbiidirsə, o karamelləşəcək, əgər saxtadırsa, köpüklənəcək.
3. Xalis bal yapışqan olmur
Digər bir effektiv üsul budur ki, bir balaca balı barmaqlarınıza yaxın və barmaqlarınızı bir-birinə sürtün. Əgər bal xalisdirsə, dəriniz onu asanlıqla hopduracaq. Əgər bal saxtadırsa, o barmaqlarınıza yapışıb qalacaq. Bu, onun tərkibindəki şəkər və süni şirinləşdiricilər səbəbilə baş verir.
4. Arısayağı üsul
Arısayağı üsul da maraqlı və effektivdir. Biz bilirik ki, qarışqalar arıların ifraz etdiyi həqiqi bala toxunmurlar. Odur ki, bir balaca balı hər hansı bir küncə yerləşdirin. Qarışqalar ona toxunmadan yanından keçsələr, əmin ola bilərsiniz ki, aldığınız bal xalisdir.
5. Kağız üsulu
Siz kağızdan istifadə edərək balın tərkibində suyun olub-olmadığını üzə çıxara bilərsiniz. Bir balaca balı kağızın üzərinə yaxın. Əgər bal təbiidirsə, bir müddət sonra kağız islanıb cırılmayacaq. Əgər saxtadırsa, tərkibindəki su səbəbi ilə kağızı isladıb cıracaq.
6. Yumurta sarısı üsulu
Əgər bal təbiidirsə, yumurtanın sarısını balla qarışdırdıqda yumurta sarısı sanki bişmiş kimi olacaq. Odur ki, bir yumurta sarısını az miqdarda balla qarışdıraraq bunu yoxlayın.
7. Kristallaşma (xarlaşma)
Təbii bal zamanla xarlaşır. Saxta bal isə, hətta uzun müddət keçdikdən sonra da siropu xatırladır.
8. Su ilə bal üsulu
Bu üsul, balın xalis yoxsa, saxta olduğunu üzə çıxarmaq üçün istifadə olunan ən asan üsuldur. Xalis balı suya tökdükdə, o suyun dibinə enir, saxta bal isə əriyir.
9. Çörək üsulu
Az miqdarda balı bir parça çörəyin üzərinə yaxın. Əgər bal təbiidirsə, çörək bərk qalacaq. Əgər saxtadırsa, tərkibindəki su səbəbi ilə çörəyin səthi islanacaq.
10. Ağızda cimilti (yanma)
Xalis bal ağızda cimilti yaradır, saxta bal ağıza qoyulduqda isə heç bir təsirə malik olmur.
Sələf Xəbər: Uca Allah buyurur: “Rəbbin bal arısına belə təlqin etdi: “Dağlarda, ağaclarda və (insanların) düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin (səndən ötrü) asanlaşdırdığı yollarla get”. (O arıların) qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır”. (Qurani-Kərim, “Nəhl” surəsi, 68,69-cu ayələr)
“Arılar – ən kiçik məxluqlardır ki, Allah onlara ən möcüzəli bir tərzdə doğru yol göstərir. O, onlara çiçək dolu çəmənliklərə uçub gəlməkdə və geriyə – Allahdan mənimsədikləri bilik və doğru təlim sayəsində abadlaşdırdıqları pətəklərinə yolu tapmaqda kömək edir. Arıların qarıncıqlarından müxtəlif rəngdə və çalarlarda, torpaq və çiçəklərdən asılı olan dadlı bal çıxır. Bu içki insanlara bir çox xəstəliklərdən şəfa verir. Bütün bunlar Uca Allahın Öz məxluqları barədə göstərdiyi qüsursuz qayğısının və Onun qullarına bəslədiyi kamil xeyirxahlığının dəlilləridir. Bu isə o deməkdir ki, qullar öz məhəbbətini tamamilə təkcə Ona həsr etməli və təkcə Ona kömək üçün dua etməlidirlər”. (Bax: “Təfsir Əs-Saadi”)