Xəbərdarlıq: hava şəraiti kəskin dəyişəcək
815 dəfə baxılıb
Sabah bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə yağışın sulu qara keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Bakıda və Abşeron yarımadasında aprelin 22-də hava şəraitinin qeyri-sabit keçəcəyi, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, sabah paytaxt və yarımadada güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12, gündüz 14-16, Bakıda gecə 9-11 dərəcə isti, gündüz 15 dərəcəyədək isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında aprelin 22-də şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə yağışın sulu qara keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12, gündüz 14-19, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə: Aprelin 22-də Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişməsi, güclü xəzri küləyi fonunda havanın temperaturunun xeyli aşağı enməsi meteohəssas insanlar üçün əlverişsiz olsa da, aprelin 23-24-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü nisbətən əlverişlidir.
Sələf Xəbər: Uca Allah buyurur: “Məgər görmürsənmi ki, Allah buludları qovur, sonra onları bir-birinə qovuşdurur, sonra da onları bulud topasına çevirir. Sən onun arasından yağmur çıxdığını görürsən. (Allah) göydən, oradakı dağlar kimi buludlardan dolu yağdırır. Sonra da onunla istədiyini vurur, istədiyindən də onu uzaq edir. Buludların şimşəyinin parıltısı az qalır ki, gözləri kor etsin”. (Qurani-Kərim, “Nur” surəsi, 43-cü ayə)
“Məgər sən Allahın qüdrətinin şahidi deyilsənmi? O səmada kiçik buludları qovaraq, onları uca dağlar kimi qat-qat toplayır. Belə buludların yarıqlarından yağış və leysan yağdırır. Bu yağışlar yerə kiçicik damlalar kimi düşür ki, fayda versinlər və zərər toxundurmasınlar. Belə yağışların sayəsində su hövzələri və kanallar dolur, vadilərdən isə çaylar axmağa başlayır. Beləcə, yer üzündə cürbəcür yaraşıqlı bitkilər əmələ gəlir. Bəzi hallarda isə Uca Allah topa buludlardan dolu yağdırır ki, onlar nəyin üstünə düşürlərsə, məhv edirlər. Allah belə doluların vasitəsi ilə istədiyini vurur, istədiyini də onlardan qoruyur. Bu, Allahın qədərinə və Allahın müdrikliyinə tam uyğun olaraq baş verir və buna görə Allah ən gözəl tərifə layiqdir. Bu buludlardan çaxan ildırımların parıltısı insanı görmə qabiliyyətindən məhrum etməyə qabildir. Məgər bunları Allah yaratmamışdırmı? Onları insana xidmət etməyə yönəltməmişdirmi? Onları insanlar üçün faydalı etməmişdirmi? İnsanları onların təhlükəsindən qorumamışdırmı? Məgər bu, Allahın mükəmməl qüdrətini, yenilməz iradəsini və hüdudsuz mərhəmətini təsdiq etmirmi?” (Bax: “Təfsir Əs-Saadi”)