Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Xəstəliklərimiz özünü dırnaqlarımızda biruzə verir

Dekabr 12
17:25 2014

Dırnaqlar sağlamlığımızın aynasıdır desək yanılmarıq. Dırnaqların rəngi, üstündəki cızıqlar və ya ağ xallar sağlamlığımızda hansı proseslərin, dəyişikliklərin getdiyini göstərir.

Möhkəm, tez uzanan və xalsız dırnaqlar səhhətimizin normada olduğuna işarə edir. Mütəxəssislər bildirir ki, dırnaqların tez-tez qırılması və laylanması vitamin çatışmazlığından xəbər verə bilər. Terapevt Orxan Cabbarovun sözlərinə görə, əksəriyyət dırnaqların estetik görünüşünə diqqət yetirir. Vaxtında kəsir, kənarlarını hamarlaşdırır, təmizləyir. Qadınlar dırnaqlara xüsusilə diqqətlə yanaşırlar. Onların möhkəm olması və yaxşı uzanması üçün maskalar edir, duzlu və yodlu suda saxlayır, vaxtaşırı manikur və pedikurla dırnaqlarına qulluq edirlər. “Dırnaqlar daxildə gedən proseslərlə yanaşı xarici amillərin təsiri ilə də qırıla və formasını itirə bilər. Əlcəksiz qab yuyan və təmizlik üçün nəzərdə tutulan vasitələrdən çox istifadə həm dırnaqlara, həm də dəriyə mənfi təsir göstərir”.

O. Cabbarov bildirib ki, orqanizmdə baş verən dəyişikliklər dərhal dırnaqlarda əks olunur: “Təcrübəli həkim müayinə zamanı dırnaqlara da diqqət yetirir. Dırnaqların vəziyyətini təhil etmək sadə və mürəkkəb diaqnozların qoyulmasında kömək edir. Belə ki, insanın sağlamlığında ciddi problem yoxdursa, dırnaqlar bir rəngdə olur. Sağlam insanın dırnaqları çəhrayıya yaxın təbii çalarda olmalıdır. Lakin sağlamlıqda hansısa problemlər olduqda dırnağın rəngi dəyişir. Əgər dırnaqlar ağımtıl olursa, bu, hemoqlabinin və eritrositlərin azlığından xəbər verir. Bu əlamətlər anemiya xəstəliyinə aiddir. Dırnaqların ağ rəngə çalması böyrək, ciyər xəstəliklərindən də xəbər verə bilər. Dırnaqların rənginin dəyişməsi onkoloji proseslərin baş verməsinin də əlaməti ola bilər. Ciyər serrozu və ya güclü şokdan sonra dırnaqlar süd rənginə çala bilər”.

Dırnaqların sarımtıl olması müxtəlif ağırlıqda keçən sarılıq xəstəliyindən xəbər verir. Xroniki limfostaz və eritrodermiya zamanı da dırnaqlar sarımtıl olur. Bəzi dərman vasitələrinin qəbulu da dırnaqların saralmasına gətirib çıxarır.

Dırnaqların qırmızı olması güclü yorğunluqdan xəbər verir. Narıncı çalarda dırnaqlar isə qanda xolesterinin yüksək səviyyədə olmasını, qanın kapilyarlarda donmasını göstərir.

Müsahibimiz bildirir ki, dırnaqlarda tünd qəhvəyi çalar insan ağır vəziyyətdə olanda yaranır: “Amma dırnaqlar müxtəlif göbələk xəstəliklərinin təsirindən də bu rəngə boyana bilər. Dırnaqların sarımtıl yaşıl rəngdə olması absess, sinusit və ya orqanizmdə bakterial proseslərin getdiyindən xəbər verə bilər. Dırnaqların göyümtül rəngdə olması damar və kapilyarlarda problemlərdən xəbər verir. Toxumaların hipoksiyasında da dırnaqlarda göy çalar görmək olar. Dırnaqların tünd göylüyü ürək çatışmazlığı, anadangəlmə ürək və ağ ciyər problemlərində özünü göstərə bilər”.

Həkimin dediyinə görə, dırnaqların vəziyyəti bir çox xəstəliklərdən xəbər verir. Bu səbəbdən də dırnaqların rənginə diqqətlə fikir vermək lazımdır. Dırnaqda gedən dəyişikliyi tez bir zamanda görmək xəstəliyi də tez aşkarlamağa və vaxtında müalicəyə başlamağa imkan verəcək.

Dırnaqların sağlam təbii rəngini süd maskaları ilə də qaytarmaq olar. Bunun üçün ilıq südə darçın və zeytun yağı əlavə edin. Bu cür maskaya bütün əli salıb 20 dəqiqə saxlamaq məsləhətdir. Belə ki, əlin dərisi üçün də çox xeyirlidir.

Qeyd edək ki, maska vasitəsilə dırnaqların rənginin və gözəlliyinin qaytarılması kosmetik xarakter daşıyır. Əgər dırnağın rənginin dəyişməsinin səbəbi aradan qaldırılmasa, dırnaqların rəngi dəyişəcək və daha kövrək olacaq.

“Allah elə bir xəstəlik göndərməyib ki, onun müalicəsini göndərməsin”. (Buhari)

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930