Xilasedici qayıq haqqında – VİDEO
966 dəfə baxılıb
SOCAR “Günəşli” yatağında qəza baş vermiş özüldə olan xilasedici qayığın videogörüntüsünü təqdim edib.
“Sələf Xəbər” Milli.Az-a istinadən xəbər verir ki, videogörüntüdə qayığın müasir tələblərə cavab verdiyi, adam tutumunun 42 nəfər, dənizdə qalma müddətinin isə məhdudiyyətsiz olduğu vurğulanır.
Qayığın içərisində olan təchizat üç hissədən ibarətdir: istismar vasitələri, həyat təminedici vasitələr, siqnalizasiya və diqqətcəlbedici vasitələr.
Qayığın istismar vasitələri bunlardan ibarətdir: iki ədəd avar, yəni əgər qayığın mühərriki sıradan çıxarsa, avarlardan istifadə edərək müəyyən obyektlərə yaxınlaşmaq olar; iki ədəd qarmaq – suya düşmüş əşyaların götürülməsi üçün təyin olunan vasitədir və yaxud da qayığın yaxınlaşması zamanı o qarmaqdan istifadə oluna bilər; iki ədəd xilasetmə dairəsi, ipinin uzunluğu 30 metr və daha artıq ola bilər.
Qayığın istismar vasitələrinə yalnız neft məhsulları yanğınının söndürülməsi üçün nəzərdə tutulan köpüklü odsöndürən də aiddir. Qayıqda, həmçinin kompas olmalıdır.
İnsanlar içəri daxil olan kimi, qayığın yana əyilməməsi üçün qarşı-qarşıya əyləşməlidirlər. Qayıq suya endirilməzdən əvvəl onun içərisində olan əmlak mütləq yoxlanılmalıdır.
Bu qayıq yanar ərazidən də keçə bilər. Əgər ətrafı neft məhsulları dağılıbsa və yanğın baş veribsə, qayığın içərisində olan insanlar, daha təhlükəsiz əraziyə daxil ola bilərlər. Əgər qayıq tam kip bağlanarsa, içəridə olan insanlar 10 dəqiqə ərzində nəfəs ala bilərlər. Bu, içəridə olan hava balonları vasitəsi ilə mümkün olur.
Qayıq yanar ərazidən keçərsə, onun gövdəsinin soyudulması imkanı da var. Yəni qayığın içərisində olan nasos vasitəsi ilə yuxarıdakı borulara su vurulur. Su çiləyiciləri qayığın gövdəsinə su çiləyir və qayığın üzərində su mühafizə qatı yaradır. Bu su mühafizə qatı da qayığın həmin ərazidən keçib daha təhlükəsiz əraziyə daxil olmasını mümkün edir.
Qayığın içərisinə insanların daxil olması təhlükəsiz şəkildə həyata keçirilməlidir. Yəni içəridə olan kəmərlərdən istifadə olunmalıdır. Onlar əvvəlcədən təyin olunmuş yerlərdə əyləşməlidirlər. Bu kəmərlər 100 kq-a qədər çəkini saxlayır.
Qayığın istismar vasitələrindən əlavə, qayığın həyat təminedici vasitələri də var ki, bunlara tibbi ləvazimatlar dəsti, balıq tutmaq üçün vasitələr, qida və su aiddir. Qayıqda olan suyun miqdarı 3 litr olmalıdır. Qida 3 günlük nəzərdə tutulub. 1-ci gün qayıqda qidadan və sudan istifadə etmək nəzərdə tutulmayıb, hamilə qadınlar, körpələr və suya ehtiyacı olan xəstələr istisna olmaqla.
Qayığın siqnalizasiya və diqqətcəlbedici vasitələrinə aiddir: 4 ədəd paraşütlü raket, 6 ədəd falşfeyer və 2 ədəd tüstü verən qurğu.
Qayıq istənilən hava şəraitində dənizdə qala bilər. Qayığın yanacağı ona 24 saat ərzində 6 mil/saat (1 dəniz mili – 1852 metr) sürətlə hərəkət etmək imkanı verir.
Sələf Xəbər: Xatırladaq ki, Uca Allah 1400 il əvvəl Quranda, indiyədək bəşəriyyətə məlum olmayan müxtəlif nəqliyyat növlərinin meydana çıxması barədə bizə xəbər verib. Uca Allah buyurur: “Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır”. (Qurani-Kərim, “Ən-Nəhl” surəsi, 8-ci ayə)
Nüfuzlu Quran təfsirçisi, mərhum Əbdürrəhman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Uca Allah, həmçinin xəbər verir ki, Quran nazil edildikdən sonra da insanları bilmədiyi çoxlu şeylər yaradılacaqdır. İnsanlar quruda, dənizdə və havada istifadə ediləcək müxtəlif əşyalar icad edəcəklər. Onlar bu ixtiraları öz maraqları üçün tətbiq edəcək və onlardan faydalanacaqlar. Allah bu ixtiraları adbaad sadalamır, çünki Müqəddəs Kitabda Allahın qullarına məlum olan əşyaların adları çəkilmişdir ki, onları mövcud olan digər oxşar əşyalarla müqayisə etmək mümkündür. Əgər Quranda bu Kitab nazil edilən zaman hələ mövcud olmayan şeylərin adı xatırlansaydı və insanlar o uzaq zamanlarda belə şeylərin bənzərini görməmiş olsaydılar, onda onlar o şeylərin heç mahiyyətini belə dərk edə bilməzdilər. Buna görə Allah ayəni geniş məna ilə nazil etmişdir ki, o, bütün məlum olan və ya naməlum məxluqları əhatə edə bilsin”.