Yaponiya şirkəti ilk sualtı mağaza açacaq
848 dəfə baxılıb
“Sələf Xəbər” Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən bildirir ki, Yaponiyanın Sony şirkəti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay əmirliyində istehsal etdiyi qurğular üçün qeyri-adi mağaza açmağı planlaşdırır.
Belə ki, mağazanın dəniz suyunun dörd metr dərinliyində yerləşəcək rəflərində sukeçirməz “Xperia” smartfon və planşet kompüter modelləri satışa çıxarılacaq.
Bildirilir ki, alıcılar sualtı “Xperia Aquatech Store” mağazasına təcrübəli dalğıcların müşayiəti ilə gəlmək və Yaponiya istehsalçısının sukeçirməz qurğuları ilə tanış olmaq imkanı əldə edəcəklər. Bununla yanaşı, qeyd olunur ki, alıcıların akvalanq geyməsinə ehtiyac olmayacaq: onlar dənizin dibində ayaq üstə dayanmaqla adi qaydada nəfəs ala biləcəklər.
Sony şirkətinin vitse-prezidenti Rüdiqer Odenbahın sözlərinə görə, “Xperia Aquatech Store” mağazası alıcılarda unudulmaz təəssürat oyatmaqla yanaşı, “Xperia” qurğuları tərtibatçılarının smartfon bazarında innovasiyalara meylli olduğunu göstərəcək.
Qeyri-adi mağazanın 2014-cü il dekabrın 3-də fəaliyyətə başlaması gözlənilir, “XperiaBlog” saytı yazır.