2016-cı ildə internet istifadəçilərinin sayı 3,2 milyard olacaq
831 dəfə baxılıb
“IDC” beynəlxalq analıtik şirkətinin proqnozuna əsasən, 2016-cı ildə dünya əhalisinin 44 faizi (3,2 milyard nəfər) internetdən istifadə edəcək. İki milyard istifadəçi mobil qurğuların köməyi ilə internetə daxil olacaq. 2020-ci ilədək dünyada internet istifadəçilərinin sayı ildə 2 faiz artacaq. “IDC”in mütəxəssisləri hesab edirlər ki, Çin, Hindistan və İndoneziyada internet istifadəçilərinin sayı yüksək templə artacaq. Analitik şirkət, həmçinin regionlar üzrə bəzi göstəriciləri açıqlayıb.
“Sələf Xəbər” AZƏRTAC-a istinadən xəbər verir ki, hazırda internetdən istifadə üzrə ən yüksək faiz göstəricisi Kanadada qeydə alınıb. Bu ölkədə əhalinin 87 faizi şəbəkəyə daxil olur. Çində mobil qurğuların sayı 981 milyon təşkil edir. Rusiyada 78 milyon nəfər axtarış sistemlərindən istifadə edir. Türkiyə internet reklam xərclərinə görə EMEA (Avropa, Yaxın Şərq və Afrika ölkələri) regionunda liderdir. Braziliyada internet üzərindən daha çox geyim satın alınır.
Qeyd edək ki, internet və genişzolaqlı internet istifadəçiləri göstəricilərinə görə ölkəmiz orta dünya göstəricisin,i təqribən 2 dəfə qabaqlayır.
2015-ci ilin 9 ayının göstəricilərinə görə, Azərbaycanda ölkə üzrə əhalinin 75 faizi internet, 65 faizi isə genişzolaqlı internet istifadəçisidir. Həmçinin ev təsərrüfatlarının 75,2 faizinin internetə çıxışı var. Evdə əhali internetə 70,6 faiz genişzolaqlı xətlə, 25,4 faiz mobil telefonla, yalnız 3,7 faiz modem (dial-up) vasitəsi ilə qoşulur. Son 5 ildə genişzolaqlı xətlə qoşulma 18 dəfə artıb, dial-up qoşulma isə 13 dəfə azalıb.