AGRI layihəsi Azərbaycana iri qaz ehtiyatlarını bazara çıxarmağa imkan verəcək
879 dəfə baxılıb
“AGRI (Azerbaijan-Georgia-Romania interconnector) layihəsi Azərbaycana özünün iri qaz ehtiyatlarını bazara çıxarmağa imkan verəcək infrastruktur layihələrindən biri ola bilər”.
“Sələf Xəbər” Trend-ə istinadən xəbər verir ki, bu barədə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayev deyib.
O qeyd edib: “Bütün layihələrin mövcudluq hüququ var. Azərbaycan iri qaz ehtiyatlarına malikdir .Və bu ehtiyatların bazara çıxarılması üçün gələcəkdə AGRI-nin də rol oynaya biləcəyi infrastruktur olmalıdır”.
Bununla yanaşı, R.Abdullayev bildirib ki, bu gün ilk növbədə genişləndirilməsi üçün böyük imkanlara malik olan “Cənub Qaz Dəhlizi” layihəsi üzrə işlər aparılır.
Onun sözlərinə görə, əgər bunu bazar tələb edərsə, onda həmin layihələrdən birinə yenidən baxıla bilər.
Böyük Britaniyanın “Penspen” mühəndis şirkəti AGRI səhmdarlarına layihənin texniki-iqtisadi əsaslandırılmasının (TİƏ) yekun variantını təqdim edib. TİƏ-nin yekun variantının təqdimatı “AGRI LNG Project Company SRL”-in Direktorlar Şurasının Buxarestdə keçirilən iclası çərçivəsində baş tutub. TİƏ-nin yekun variantına Şuranın iştirakçıları tərəfindən baxılıb, daha sonra 2015-ci ilin yanvar-fevral aylarında keçirilməsi planlaşdırılan səhmdarların ümumi yığıncağında baxılması üçün tövsiyə olunub.
Qeyd edək ki, AGRI-nin iştirakçıları ARDNŞ, Gürcüstanın Neft və Qaz Korporasiyası, Macarıstanın MVM və Rumıniyanın “Romgaz” şirkətləridir.
“Sizə verilən nemətlərin hamısı Allahdandır”.
Qurani-Kərim, “Nəhl” surəsi, 53-cü ayə