“Astaraçay” Azərbaycan brendi kimi xaricə ixrac ediləcək
808 dəfə baxılıb
Bunun üçün lazım olan keyfiyyət sertifikatları da əldə olunub.
Lənkəran və Astara rayonlarının çay sahələrində ilk yığım prosesi ənənəvi olaraq may ayının ikinci ongünlüyündən başlansa da, bu il aprel ayında həyata keçirilib.
“Sələf Xəbər”in “Report”a istinadən məlumatına görə, düzgün aqrotexniki qulluq və əlverişli hava şəraiti səbəbindən 30 ildən sonra Astara fermerləri ilk dəfə aprel ayında məhsul tədarükünə başlayıblar.
200 hektar ərazidə yığıma başlayan çayçılar plantasiyalarından 450 ton yaşıl yarpaq tədarükünü planlaşdırıb.
Aqranom İsrafil İsrafilovun bildirdiyinə görə, ölkədə ildə adam başına 2,5 kiloqram çay sərf edilir ki, bu da 22 min tondan çox quru çay deməkdir: “Əgər ötən əsrin 70-80 ci illərində respubilkada çaya olan tələbatın təqribən 65-70 %-i yerli istehsal hesabına ödənilirdisə, hazırda bu rəqəm 1-2 % arasında dəyişir”.
Mütəxəssis qeyd edib ki, son 10 ildə Astara rayonunda çay plantasiyaları xeyli genişləndirilib: “Salınan çay sahələri yeni olduğu üçün kollar tam məhsuldarlığa hələ bir neçə ildən sonra düşəcək. Bu da istehsalın minimum 5-6 dəfəyə qədər artmasına səbəb olacaq”.
Qeyd edək ki, rayonda istifadəyə verilən emal fabrikində müasir avadanlıqlarla qablaşdırılan yerli çay artıq bu ildən xaricə ixrac olunacaq. Bunun üçün lazım olan keyfiyyət sertifikatları da əldə olunub.
Sələf Xəbər: Uca Allah buyurur: “(O mərhəmətli) Allah ki, göyləri və yeri yaratdı, göydən su endirib onunla sizin üçün (növbənöv) məhsullardan ruzi yetişdirdi, əmri ilə dənizdə üzmək üçün gəmiləri sizin ixtiyarınıza verdi və çayları sizə ram etdi; (Müəyyən edilmiş yolla) daim hərəkət edən günəşi və ayı sizə tabe etdi; gecəni və gündüzü sizə ram etdi. O sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur”. (Qurani-Kərim, “İbrahim” surəsi, 32-34-cü ayələr)
“Uca Allah ayədə bildirir ki, O, göylərin və yerin əhatə olunmaz ölçülərinə baxmayaraq, onların Vahid Xaliqidir. O, buludları yağış yağdırmağa məcbur edir və bunun sayəsində yer üzündə çeşidli bitkilər bitir. Bu bitkilər insanlar üçün yemək, ev heyvanları üçün isə yem kimi istifadə edilir. Allah insanlara gəmi düzəltməyi öyrətmiş, buna görə onlara güc və bacarıq bəxş etmişdir. O, gəmiləri dənizdə üzməyə məcbur edir ki, insanlar dəniz səyahətlərinə çıxa və uzaq ölkələrə ticarət yükləri və digər ağır yüklər apara bilsinlər. O, çayları yer üzərində axmağa məcbur edir ki, insanlar öz əkin sahələrini suvarsınlar, heyvanlarını sulaya bilsinlər və öz susuzluqlarını aradan qaldırmağı təmin etsinlər. Bununla yanaşı, O, günəşi və ayı yaratmışdır və onlar da bir an belə fasilə vermədən insanların mənafeyinə xidmət edir
Allah-Təala insanlara onların arzuladıqları və ehtiyac duyduqları hər şeyi vermişdir. O, onlara öz dilləri ilə xahiş etdikləri və ya şəraitin tələbi ilə nemətlər vermişdir. O, onlara müxtəlif və bol-bol hədiyyələr, çeşidli məmulatlar və digər nemətlər əta etmişdir. Əgər insanlar Rəbbinin onlara bəxş etdiyi nemətləri saymağa cəhd göstərsələr, bunu edə bilməzlər. Buna görə də onlar Allahın onlara bəxş etdiyi nemətlərə görə əvəz kimi minnətdarlıq edə bilməzlər. Həqiqətən, insan öz təbiəti etibarı ilə zalım və nankordur. İnsan o dərəcədə zalımdır ki, Allaha itaətsizlik göstərməyə cəsarət edir və Onun qarşısında öz vəzifələrinə başdansovma yanaşır. Təkcə Allahın düz yola yönəltdiyi möminlər öz Rəbbinə nazil etdiyi nemətlərə görə həmd edir, Onun mərhəmətini etiraf edir və Onun qarşısında öz vəzifələrini yerinə yetirirlər”. (Bax: “Təfsir Əs-Saadi”)