Azərbaycan 30 yeni qatar alacaq – FOTO
1. 235 dəfə baxılıb
İkimərtəbəli qatar istehsal edən şirkətdən alınan yeni qatarlar yataq tipli olacaq.
“Azərbaycan Dəmir Yolları” QSC-də İsveçrənin “Stadler Rail Group” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib.
“Sələf Xəbər” ANS PRESS-ə istinadən bildirir ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi məlumata görə, görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.
Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən alınmış KİSS markalı ikimərtəbəli elektrik qatarlarına texniki xidmətin təşkili üçün “Stadler Rail Group” şirkəti ilə birgə müəssisənin yaradılması, 30 ədəd yataq tipli sərnişin vaqonunun alınmasının maliyyə məsələləri müzakirə olunub.
Qeyd edək ki, “Stadler Rail Group” şirkətinin “Stadler Minsk” zavodunda istehsal olunmuş iki ədəd KİSS markalı ikimərtəbəli elektrik qatarları may ayında Azərbaycana gətirilmişdir. İyunun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıya gətirilən yeni elektrik qatarı ilə tanış olub.
Hər biri 4 vaqondan ibarət olan elektrik qatarlarında sərnişinlərin yüksəkkeyfiyyətli ictimai nəqliyyata artan tələbatını ödəmək üçün hər cür şərait var. Qatarın ümumi sərnişin tutumu 919 nəfər, oturaq yerlərin sayı 396, bunun da 84-ü biznes-sinfinə aiddir.
İkimərtəbəli elektrik qatarları 15 sentyabr tarixində Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində istifadə ediləcək.
Sələf Xəbər: Xatırladaq ki, Uca Allah 1400 il əvvəl Quranda, indiyədək bəşəriyyətə məlum olmayan müxtəlif nəqliyyat növlərinin meydana çıxması barədə bizə xəbər verib. Uca Allah buyurur: “Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır”. (Qurani-Kərim, “Ən-Nəhl” surəsi, 8-ci ayə)
Nüfuzlu Quran təfsirçisi, mərhum Əbdürrəhman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Uca Allah, həmçinin xəbər verir ki, Quran nazil edildikdən sonra da insanların bilmədiyi çoxlu şeylər yaradılacaqdır. İnsanlar quruda, dənizdə və havada istifadə ediləcək müxtəlif əşyalar icad edəcəklər. Onlar bu ixtiraları öz maraqları üçün tətbiq edəcək və onlardan faydalanacaqlar.
Əvvəllər, maşın, qatar, təyyarə və başqa nəqliyyat növlərinin ixtirasına qədər, insanlar hər hansı rahatlıq olmadan yola həftələr, hətta aylar sərf edirdi, bu gün isə biz rahat şəkildə gün ərzində dünyanın istənilən nöqtəsinə çatırıq, bu da şübhəsiz ki, Uca Allahın bir lütfüdür.