Azərbaycan nəhəng yükdaşımalar mərkəzinə çevrilə bilər
792 dəfə baxılıb
Ekspert: “Təəssüf ki, ölkəmizin birbaşa okeanlara çıxışı yoxdur. Elə etməliyik ki, yük daşıyanların Azərbaycan üzərindən keçən yollardan istifadə etməkdə marağı olsun”.
Yanvarın 22-də Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu ilə hərəkət edən, bərə keçidlərini və quru yolu əhatə edən sınaq konteyner qatarı “Azərbaycan” bərəsi ilə Qazaxıstanın Aktau limanına yola salınıb. Bu yeni ticarət layihəsi ekspertlərin diqqətindən yayınmayıb. Və müxtəlif mülahizələr yayılıb.
Bu nəhəng marşrutun hansısa perspektivi varmı? Azərbaycan üçün nə dərəcədə əhəmiyyətli olacaq?
“Sələf Xəbər” Sputnik-ə istinadən bildirir ki, mövzunu şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli proyekti Azərbaycan üçün perspektivli hesab edir: “Ölkəmiz yükdaşımalar mərkəzinə çevrilə bilər. Ancaq müəyyən ciddi əngəllər də olacaq. Bunu da nəzərdən qaçırmamaq lazımdır. Rusiyanın özü də çox maraqlıdır ki, yüklər Çindən Avropaya, Avropadan Çinə məhz Rusiya üzərindən keçsin. Buna görə də alternativ marşrutlara ciddi rəqabətli təkliflərlə çıxış edə bilər”.
“Bir çox ölkələr bu logistik mərkəzdə, bu yolda mühüm rol oynamaq istəyirlərsə, daha uyğun, cəlbedici təkliflərlə çıxış etməlidirlər ki, yük sahibləri həm vaxtda, həm də vəsaitdə udsunlar və bu marşrut cəlbedici hala gəlsin. Amma bu, çətindir”, – deyə N. Cəfərli bildirdi.
Mütəxəssis coğrafi baxımdan Azərbaycanın xeyli üstünlüklərinin olduğunu qeyd etdi: “Bundan istifadə etməliyik. Amma coğrafi üstünlüklərdən istifadə etməklə tək bu problemi həll etmək olmur. Təəssüf ki, Azərbaycanın birbaşa okeanlara çıxışı yoxdur. Elə etməliyik ki, yük daşıyanların Azərbaycan üzərindən keçən yollardan istifadə etməkdə marağı olsun”.
Xatırladaq ki, 10 vaqon və 20 qırxfutluq konteynerdən ibarət sınaq qatarı Ukraynanın İlyiçevsk limanından yanvarın 15-də yola salınmışdı. Qatar Gürcüstanın Poti limanına yanvarın 20-də, Azərbaycana isə yanvarın 22-si axşam çatmışdı.
Yanvarın 14-də Bakıda keçirilmiş dördtərəfli görüşdə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna nümayəndələri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda vahid tariflərin müəyyənləşdirilməsi haqqında razılığa gəliblər.
Sələf Xəbər: Uca Allah buyurur: “O, dənizi də (sizin) xidmətinizə verdi ki, ondan yemək üçün təzə balıq və taxmaq üçün bəzək şeyləri əldə edəsiniz. Sən gəmilərin dənizi yara-yara üzdüyünü görürsən. (Bütün)(bunlar) (Allahın) lütfündən (sizə nəsib olanları) axtarıb tapmağınız və şükür etməyiniz üçündür”. (Qurani-Kərim, “Nəhl” surəsi, 14-cü ayə)
“Allah-Təala təkbaşına, hər hansı bir şəriki olmadan dənizləri və okeanları insanların mənafeyinə xidmət göstərməyə və onlara hər növ fayda verməyə sövq etdi. Bunun sayəsində insanlar dənizdə balıq tutur və onlardan qiymətli əşyalar əldə edirlər. Gəmilər isə hayqıran və qorxunc dənizlərin səthini yararaq ötüb gedir, səyyahları, onların ərzağını, yüklərini və ticarət yüklərini bir ölkədən başqasına daşıyırlar. İnsanlar bu vasitə ilə dolanacaqları üçün qazanc əldə etməyə və Allahın mərhəmətinə nail olmağa cəhd göstərirlər. Allah onlara bunu etməyə icazə vermiş və onların qarşılarına qoyduqları məqsədə çatmağı asanlaşdırmışdır ki, insanlar göstərdiyi mərhəmətinə görə Ona şükür və həmd etsinlər. Uca Allah həqiqətən minnətdarlığa, həmdə və tərifə layiqdir, çünki O, Öz qullarına onların istədiyindən və ya arzu edə biləcəklərindən daha çox nemətlər nazil etmişdir. O, onları arzu etdiklərindən daha çox şeylə təmin etmişdir. Biz Ona həmd edirik, lakin bunu layiqincə edə bilmirik, çünki təkcə Allah Özü Özünü Onun layiq olduğu kimi tərifləyə bilər”. (Bax: “Təfsir Əs-Saadi”)