Azərbaycanda avtomobil istehsalı 5 dəfədən çox artıb
1. 025 dəfə baxılıb
“Sələf Xəbər”-in Trend-ə istinadən məlumatına görə, cari ilin yanvar-avqust aylarında Azərbaycanda 1771 minik avtomobili istehsal olunub ki, bu da 2013-cü ilin analoji dövründə qeydə alınan göstəricini 5,4 dəfə üstələyir. Bu barədə Dövlət Statistika Komitəsinin 2014-cü ilin 8 ayının yekunu üzrə hesabatında bildirilir.
2013-cü ildə Azərbaycanda 424 minik maşını istehsal olunmuşdu. Bu, 2012-ci ilin göstəricisindən 21,8 faiz azdır. Hesabatda qeyd olunur ki, yanvar-avqust aylarında respublikada 180 yük maşını istehsal olunub. Bu, ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 22,4 faiz çoxdur. 2013-cü ildə Azərbaycanda 246 yük maşını istehsal olunmuşdu ki, bu da 2012-ci ilin göstəricisini 52,8 faiz üstələyib.
Bundan başqa, hesabat dövründə ölkədə 874 traktor istehsal edilib ki, bu da 2013-cü ilin müvafiq dövründə qeydə alınan göstəricidən 2 dəfə çoxdur. 2013-cü ildə Azərbaycanda 739 traktor istehsal edilmişdi. Bu, 2012-ci ildə qeydə alınan göstəricidən 19,6 faiz çoxdur.
Sələf Xəbər: Xatırladaq ki, Uca Allah 1400 il əvvəl Quranda, indiyədək bəşəriyyətə məlum olmayan müxtəlif nəqliyyat növlərinin meydana çıxması barədə bizə xəbər verib. Uca Allah buyurur: “Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır.” (Müqəddəs Quran, “Ən-Nəhl” surəsi, 8-ci ayə).
Nüfuzlu Quran təfsirçisi, mərhum Əbdurrahman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Uca Allah həmçinin xəbər verir ki, Quran nazil edildikdən sonra da insanları bilmədiyi çoxlu şeylər yaradılacaqdır. İnsanlar quruda, dənizdə və havada istifadə ediləcək müxtəlif əşyalar icad edəcəklər. Onlar bu ixtiraları öz maraqları üçün tətbiq edəcək və onlardan faydalanacaqlar. Allah bu ixtiraları adbaad sadalamır, çünki Müqəddəs Kitabda Allahın qullarına məlum olan əşyaların adları çəkilmişdir ki, onları mövcud olan digər oxşar əşyalarla müqayisə etmək mümkündür.
Əgər Quranda bu Kitab nazil edilən zaman hələ mövcud olmayan şeylərin adı xatırlansaydı və insanlar o uzaq zamanlarda belə şeylərin bənzərini görməmiş olsaydılar, onda onlar o şeylərin heç mahiyyətini belə dərk edə bilməzdilər. Buna görə Allah ayəni geniş məna ilə nazil etmişdir ki, o, bütün məlum olan və ya naməlum məxluqları
əhatə edə bilsin.”Uca Allahın Quranda məhz nəqliyyatı xatırlatması ona görədir ki, bu – Onun insanlar üçün böyük lütflərindən biridir. Hələ bundan bir az əvvəl, maşın, qatar, təyyarə və başqa nəqliyyat növlərinin ixtirasına qədər, insanlar hər hansı rahatlıq olmadan yola həftələr, hətta aylar sərf edirdi, bu gün isə biz rahat şəkildə gün ərzində dünyanın istənilən nöqtəsinə çatırıq, bu da şübhəsiz ki, Uca Allahın bir lütfüdür.