Azərbaycanda İslam bankçılığı mövcuddurmu?
731 dəfə baxılıb
“Beynəlxalq Bank İslam bankçılığı departamentini ləğv edib və fəaliyyətinin bu istiqamətinə xitam verib. Amma nə Beynəlxalq Bankın, nə də digər bankların Azərbaycanda İslam bankçılığı ilə məşğul olması hüquqi cəhətdən mümkün deyil”.
“Həqiqi İslam bankçılığı ölkəmizə çox lazımdır”.
“Sələf Xəbər” Milli.Az-a istinadən bildirir ki, bunu vəkil Əkrəm Həsənov bildirib.
Ə.Həsənovun sözlərinə görə, bankların İslam bankçılığı ilə məşğul olmalarını söyləməsi sadəcə iki məqsəd güdüb: “Onlar varlı ərəblərin və yerli dindarların pulunu cəlb etmək niyyətini yerinə yetirmək istəyiblər. Amma faktiki olaraq bu, yalan reklamdır. Lakin bununla belə həqiqi İslam bankçılığı ölkəmizə çox lazımdır. Bu, ilk növbədə iqtisadi cəhətdən zəruridir. Digər tərəfdən, həm xarici investisiyaların, həm də yerli sərmayələrin milli bank sisteminə cəlb edilməsi üçün lazımdır”.
E.Həsənovun fikrincə, İslam bankçılığının leqallaşdırılması İŞİD kimi terrorçu quruplaşmaların fəallaşması fonunda dövlətimizin təhlükəsizliyinin də möhkəmlənməsinə xidmət edəcək. Yəni ən azı yerli dindarların vəsaitləri şəffaflaşacaq: “İnsan hüquqları nöqteyi-nəzərindən vətəndaşlarımıza seçim imkanı vermək lazımdır. Bundan sonra ənənəvi bankla İslam bankı arasında seçim olacaq. İslam bankı dedikdə yalnız müsəlmanlıq nəzərdə tutulmur, sələmçilik İslamla bərabər xristianlıq və yəhudilikdə də haram hesab olunur”.
Vəkil deyir ki, İslam bankçılığı yalnız müsəlman ölkələrində inkişaf etmir. Məsələn, İngiltərədə İslam bankçılığının mövqeyi çox güclüdür: “Qazaxıstan və Qırğızıstanda da İslam bankçılığı üzrə xüsusi qanunvericilik var və bu sahə xeyli inkişaf edib. Amma Azərbaycanda belə qanunvericilik yoxdur. Çünki bu sahəyə görə məsul olan şəxslərin şəxsi marağı yoxdur. Buna görə də İslam bankçılığının yaradılmasında maraqlı deyillər”.
Sələf Xəbər: Müsəlmanların sələmçilik elementindən azad banklar və müxtəlif maliyyə alətləri yaratmağa cəhd etmələri faktı, bütövlükdə, sevindiricidir. Lakin İslam bankinqi və İslam maliyyələri öz inkişafının hələlik ilkin mərhələsində olduğuna görə, bu və ya digər bank ilə hər hansı maliyyə əməliyyatı aparmazdan əvvəl, insan ayrıca bu əməliyyatın mahiyyətini anlamalı, sonra isə bu bankla və ya maliyyə institutu ilə iş aparmağın halal olduğuna qəti əmin olmaq üçün İslami ticarət-maliyyə münasibətləri üzrə ekspertlə məsləhətləşməlidir.