Azərbaycanın yeni aldığı təyyarə – FOTO
896 dəfə baxılıb
“Silk Way Group”a daxil olan “Silk Way Business Aviation” işgüzar aviasiya operatoru “Gulfstream G650” yüksək qabaritli, yüksək sürətli biznes-cet alıb.
“Sələf Xəbər” Gün.Az-a istinadən bildirir ki, Azərbaycan Hava Yolları QSC-dən verilən məlumata görə, bununla da bu növ təyyarələrin sayı ikiyə çatıb.
İlk “Gulfstream G650” cari ilin martında Bakıya gətirilmişdi.
“Silk Way Business Aviation”ın direktoru Böyükağa Quliyev bildirib ki, ikinci “Gulfstream G650” təyyarəsinin əldə edilməsi uçuş coğrafiyasını xeyli genişləndirməyə və qonşu regionlardan yeni müştərilərin cəlb edilməsinə imkan verəcək:
“Gulfstream G650”, əsasən, “ağa təyyarəsi”kimi istifadə olunur və adətən, icarəyə verilmir. Layihəmizin unikallığı ondan ibarərdir ki, bu təyyarə yalnız bazarın premium sektoru üçün nəzərdə tutulub, burada onun faktiki olaraq rəqibləri yoxdur. Bu bizə yeni hüdudlara çatmağa və İşgüzar Aviasiyanın dünya səhnəsində mövqelərimizi möhkəmləndirməyə kömək edəcək”.
Qeyd edək ki, 2007-ci ildə təsis edilən “SW Business Aviation” biznes-aviasiyanın ən iri operatorlarından biridir və Avropa İşgüzar Aviasiya Assosiasiyasına (EBAA) daxildir. Şirkət öz tarixinə “Gulfstream G450” əldə etməklə başlayıb, sonra isə flot G550, G280 və G200 təyyarələri ilə zənginləşib. Hazırda “Silk Way Business Aviation”ın parkı müxtəlif növ 8 “Gulfstream” təyyarəsindən ibarətdir.
Şirkətin aviaparkında “Gulfstream”dan başqa, reaktiv “Boeing 727” və VIP konfiqurasiyalı regional turbovintli “ATR-42-500” də var.
2014-cü ilin nəticələri üzrə “SW Business Aviation”ın trafikinin artımı, təqribən 30 faiz təşkil edib. “SW Business Aviation”ın ən tələbat olan istiqamətləri arasında Moskva, London, Dubay və İstanbul kimi şəhərlər var.
Hazırda Heydər Əliyev Beynəlxalq Hava Limanında İşgüzar Aviasiyanın təyyarələri üçün 40 parklama yeri ayrılıb ki, bu da Birinci Avropa Oyunlarına gəlmək istəyənlərin hamısını problemsiz qəbul etməyə imkan verəcək.
Həmçinin, bütün xarici çarter və biznes reysləri üçün eksklüziv agent olan “SW Business Aviation” hər gün, təqribən 7 reysə xidmət edir.
Sələf Xəbər: Xatırladaq ki, Uca Allah 1400 il əvvəl Quranda, indiyədək bəşəriyyətə məlum olmayan müxtəlif nəqliyyat növlərinin meydana çıxması barədə bizə xəbər verib. Uca Allah buyurur: “Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır”. (Qurani-Kərim, “Ən-Nəhl” surəsi, 8-ci ayə)
Nüfuzlu Quran təfsirçisi, mərhum Əbdürrəhman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Uca Allah, həmçinin xəbər verir ki, Quran nazil edildikdən sonra da insanların bilmədiyi çoxlu şeylər yaradılacaqdır. İnsanlar quruda, dənizdə və havada istifadə ediləcək müxtəlif əşyalar icad edəcəklər. Onlar bu ixtiraları öz maraqları üçün tətbiq edəcək və onlardan faydalanacaqlar”.