Hər 100 manatlıq onlayn alış-verişə 18 manat ƏDV ödəniləcək
1. 427 dəfə baxılıb
Xəbər verdiyimiz kimi, yanvarın birindən etibarən elektron ticarət əlavə dəyər vergisinə (ƏDV) cəlb olunub.
Selefxeber.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Vergilər naziri Fazil Məmmədov məsələ ilə bağlı Milli Məclisdə bildirmişdi ki, Vergilər Məcəlləsinə edilən dəyişikliklərə əsasən, elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsi, habelə elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin keçirilməsinə görə ƏDV-nin alıcısının olduğu yerdə vergi tutulacaq. Həmin müddəalara əsasən vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən yerli bank, xarici bankın Azərbaycandakı filialları və ya poçt rabitəsinin milli operatoru tərəfindən qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanır, alıcının vəsaiti hesabına tutulur və büdcəyə ödənilir.
Ancaq online alış-verişə 18 faizlik ƏDV-nin tətbiqi məsələsi ictimaiyyətə hələ də tam aydın deyil. Bəziləri elə başa düşür ki, bura mallar (geyim, aviabiletlər, otel rezervasiyaları) da daxildir. Məlum olub ki, söhbət mal və məhsullardan deyil, iş və xidmətlərdən gedir.
Vergilər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Şahin Məmmədov bildirib ki, hazırda siyahıda hansı xidmətlərin olması məsələsi üzərində işlənilir: “Ancaq mallardan ƏDV-nin tutulması məsələsi bura daxil deyil. Yaxın günlərdə hansı xidmətlərin ƏDV-yə daxil edilməsi ilə bağlı siyahı və qaydalar ictimaiyyətə təqdim olunacaq”.
Elektron Ticarət İctimai Birliyinin idarə heyətinin üzvü Nicat Manafov qeyd edib ki, burada söhbət xidmətlərin ƏDV-yə cəlb olunmasından gedir: “18 faiz ƏDV xarici elektron ticarət zamanı alınan xidmətlərə aiddir. Bu xidmətlərdə aviabiletlər və otel rezervasiyaları istisnadır. Bura bulud xidmətləri, Google-dan aldığımız xidmətlər, Goolge Play-dən yüklədiyimiz oyunlar, Uber-də edəcəyimiz ödənişlər, Facebook və Google-da istifadə etdiyimiz reklam büdcələri, musiqi, film yükləmək kimi xidmətlər daxildir. 10 faizlik ƏDV isə xarici elektron pul kisələrindən tutulacaq.
Bu tutulmaları isə banklar özləri tənzimləyəcək. Hələlik isə bankların necə tənzimləyəcəyi dəqiqləşməyib. Hazırda banklar avtomatik yolla 18 faizlik ƏDV-ni tuturlar”.
İqtisadçı ekspert Natiq Cəfərli də deyib ki, hələlik nazirlik siyahını ictimaiyyətə tətbiq etməyib: “Ona görə də bu barədə dəqiq məlumat vermək hələ tezdir. Qaydalar da açıqlanmayıb. Müxtəlif versiyalar səsləndirilir. Ola bilər ki, bəlli bir məbləğə qədər ümumiyyətlə ƏDV tutulmasın. Və yaxud xidmətlərin növündən asılı olaraq da dəyişə bilər. Ancaq bunlar siyahı təqdim edildikdən sonra bəlli olacaq”.