İlham Əliyev (Allah onu İslam üzərində sabit etsin) üç sərəncam imzaladı
946 dəfə baxılıb
“Sələf Xəbər” president.az saytına istinadən xəbər verir ki, dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev (Allah onu İslam üzərində sabit etsin) Goranboy rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən Goranboy Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılacaq.
Bundan öncə regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının yerinə yetirilməsi nəticəsində Goranboy rayonunda Gənclər Mərkəzi, Avtovağzal Kompleksi, 330 kV-luq “Goranboy” Paylayıcı Elektrik qurğusu, 45 ümumtəhsil məktəbi üçün binalar inşa edilmiş, Mədəniyyət Evi, 2000 yerlik şəhər stadionu, Dəliməmmədli şəhər xəstəxanası əsaslı təmir olunmuş, digər sosial yönümlü obyektlər istifadəyə verilmiş, yeni sənaye müəssisələri yaradılmış, avtomobil yolları çəkilmiş. Goranboy şəhərinin su və kanalizasiya sistemi yenidən qurulmuş, geniş abadlıq-quruculuq işləri görülmüşdür.
Maliyyə Nazirliyi sərəncamda nəzərdə tutulan maliyyələşməni təmin edəcəkdir. Prezident İlham Əliyevin dünən imzaladığı başqa bir sərəncam Naftalan şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqındadır.
Azərbaycanda müalicəvi turizmin inkişafında özünəməxsus yeri olan Naftalan şəhəri son illərdə yüksək səviyyəli sanatoriya-kurort mərkəzinə çevrilib. Burada yeni səhiyyə-kurort kompleksləri yaradılmış, o cümlədən 264 yerlik “Qarabağ” sanatoriyası, “Naftalan Hotel by Rixos”un 342 yerlik yeni korpusu inşa edilmiş, “Çinar” sanatoriyası yenidən qurulmuş, Əlillərin Bərpa Mərkəzi istifadəyə verilmiş, 12 hündür mərtəbəli yaşayış binası və 1500 yerlik şəhər stadionu əsaslı təmir olunmuş, parklar salınmış, avtomobil yolları çəkilmişdir.
Sərəncamda Naftalan şəhərinin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə Naftalan Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manatın ayrılacağı göstərilir.
Maliyyələşməni Maliyyə Nazirliyi təmin edəcəkdir.
Bundan əlavə dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları ölkənin bütün bölgələrində olduğu kimi Daşkəsən rayonunda da uğurla həyata keçirilir. Son illərdə rayonda bir sıra infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən Mərkəzi Rayon Xəstəxanası, Gənclərin Təlim və İstirahət Mərkəzi, Avtovağzal Kompleksi, əlil, şəhid
ailələri və qəzalı vəziyyətdə olan yaşayış evlərinin sakinləri üçün ümumilikdə 80 mənzilli 5 yaşayış binası, 13 ümumtəhsil məktəbi və digər sosial yönümlü obyektlər tikilərək istifadəyə verilmiş, Bayraq Meydanı yaradılmış, “Daşkəsən Filizsaflaşdırma” kombinatının fəaliyyəti bərpa olunmuş, avtomobil yolları çəkilmiş, geniş abadlıq-quruculuq işləri aparılmışdır.
Sərəncama görə, Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Daşkəsən Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılacaq. Maliyyə Nazirliyi sərəncamda nəzərdə tutulan maliyyələşməni təmin edəcəkdir.