Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

İlin sonunadək manat, dollar, mənzil və neft… – Proqnoz

Oktyabr 16
16:46 2017

Sentyarbın 25-də bir barrelinin qiyməti 60 dollara yaxınlaşan neft daha sonra dəyər itirsə də, oktyabrın 9-dan etibarən bahalaşıb.

Selefxeber.az-ın məlumatına görə, “Axar.az” xəbər verir ki, bu sözləri iqtisadçı alim Vüqar Bayramov neftin qiyməti və bir sıra vacib iqtisadi məsələləri dəyərləndirərkən qeyd edib. Ekspert bildirib ki, hazırda hər barrelinə 58 dollara yaxın pul ödənilən “Brent” markalı neftin gələcək qiyməti heç də nikbin görünmür:
“Bir tərəfdən şist neft, digər tərəfdən elektrik avtombillərin istehsalının genişləndirilməsi ilə bağlı planlar neftin qiymətinin orta müddətli dövrdə yüksəlməyəcəyindən xəbər verir. “Amazon effekti” adlandırılan texnoloji yeniliklər neft bazarına ciddi alternativ yaratmaqla “qara qızıla” olan tələbin azalmasına gətirib çıxarır. Xüsusilə də Çinin elektrik avtomobillərin istehsalı ilə bağlı planları növbəti 20 ildə neftin bir barrelinin qiymətinin 20 dollara qədər aşağı düşməsinə gətirib çıxara bilər. Bunu bəlkə də təsəvvür etmək çətindir, amma dünyada ən böyük avtomobil bazarına sahib olan Çinin bu istiqamətdəki gələcək planlarının necə reallaşması neftin qiymətinə birbaşa təsir göstərəcək. Bununla belə, bu proqnozlar növbəti dekada üçündür. Hələlik isə neftin bir barrelinin 50 dollar intervalında dəyişməsi daha çox bazar tarazlığına uyğundur”.

İqtisadçı avronun məzənəsi ilə bağlı da fikirlərini bölüşüb:

“Bir ay öncə dollara nisbətdə 1,20-dək bahalaşan avro ötən müddətdə müəyyən qədər ucuzlaşdı. Yenidən oktyabrın 11-də 1,186-dək bahalaşan avro dollara nisbətən yenə də cüzi dəyər itirməkdədir. Bu ayın sonunda Avropa Mərkəzi Bankının yığıncağı avronun perspektiv məzənnəsinin müəyyənləşdirilməsində həlledici olsa da, İspaniyada baş verənlər bu dönərli valyutanın dəyərinə təsir göstərir. Avrozonanın ən böyük dördlüyündəki ərazi bütövlüyü problemi Avropanın valyuta bazarına təsirsiz ötüşmür. Bütövlükdə isə növbəti günlərdə avronun məzənnəsi İspaniyada mərkəzi hökumət ilə separatçıları arasında razılıq əldə edilib-edilməsindən asılı olacaq. Potensial razılıq avronun dollara nisbətən 1,18-1,20 ətrafında stabilləşməsinə, qarşıdurmanın davam etməsi isə məzənnənin yenidən 1,16-dək azalmasına gətirib çıxara bilər”.

Manatın kursuna gəldikdə isə ekspert sentyabrda dollara tələbin yüksək olmadığını qeyd edib:

“Sentyabrda manatın dəyər itirəcəyi ilə bağlı bir sıra proqnozlara nisbətən əslində ötən ay valyuta bazarı üçün sakit oldu. Dollara tələbin azalması əslində gözlənilən idi. Ümumiyyətlə, avqustda idxalın artması səbəbindən dollara tələbin yüksəldiyini nəzərə alsaq, sentyabrda tələbin azalması gözlənilən idi. Çünki idxalçılar adətən böyük həcmli idxaldan sonra növbəti ay ölkəyə daha az məhsul gətirirlər. Nəticədə, sentyabrda Dövlət Neft Fondu valyuta hərraclarında 252,2 milyon dollar məbləğində vəsait satdı. Avqustda keçirilən valyuta hərraclarında Fond 292,6 milyon dollar satmışdı. Bu isə o deməkdir ki, avqust ayı ilə müqayisədə sentyabrda Fond tərəfindən satılan valyutanın həcmi 13,81% azalıb. Deməli, dollara tələbin azalması müşahidə edilib. Bununla belə, dekabrda dollara tələbin yenidən artacağı gözlənilir. Bu idxalın artması, dövlət və yerli müəssisələrin xarici borc öhdəliklərinin yerinə yetirilməsi və eləcə də xarici səfərlərin sayının artması ilə əlaqədardır. O baxımdan, manatın məzənnəsi üçün dekabr vacib aylardan hesab edilir. Dollara tələbin artmasının manatın məzənnəsinə necə təsir göstərəcəyi isə birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq”.

V.Bayramov dünya bazarında qızılın qiymətinin hazırkı durumundan da söz açıb:

“Son 1 ildə dünya bazarında 3,75 faiz bahalaşan qızılın 1 qramı hazırda 42 dollara yaxın təklif edilir. Bu, bir unsiyanın qiymətinin 1300 dollar olması deməkdir. Bu gün qızılın hər unsiyasında 2,5 dollar artım qeydə alınıb. Amma hələlik dünya bazarında qızılın qiymətində kəskin artımlar proqnozlaşdırılmır. Məhərrəmlik ayının başlaması ilə bağlı olaraq Azərbaycanın qızıl bazarında durğunluq müşahidə edilir. Bununla belə, güman olunur ki, növbəti ayın ortalarından başlayaraq, daxil bazarda qızıla tələb yenidən yüksələcək və bu da qiymət artımlarına gətirib çıxara bilər”.

Daşınmaz əmlak bazarındakı vəziyyətə nəzər salan iqtisadçı bildirib ki, evlərin qiymətinin artması və ya artacağı ilə bağlı açıqlamalara baxmayaraq, mənzil bazarında durğunluq davam edir:

“Xatırlayırsınızsa, yayda avqustda mənzillərin qiymətinin artacağı proqnozlaşdırılan zaman bunun real olmadığını yazmışdım. Reallıqda hələlik mənzil bazarında tələb aşağı olaraq qalmaqdadır. Evlərin qiyməti manatın hansı müddət stabil qalmasından birbaşa asılı olacaq. Əgər milli valyutamız ili stabil başa vura bilərsə, o zaman gələn ildən mənzil bazarında canlanmanın müşahidə edilməsi mümkündür. Bu halda xarici valyutada olan yığımların bir qisminin daşınmaz əmlak bazarına yönəldiləcəyi gözləniləndir”.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3030. 466 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN