İslam İnkişaf Bankı kəndlərin kompleks inkişafını dəstəkləyir
882 dəfə baxılıb
Azərbaycanın Kənd Təsərrüfatı naziri Heydər Əsədov İslam İnkişaf Bankının nümayəndələri ilə görüşüb.
“Sələf Xəbər” APA-ya istinadən bildirir ki, Nazirlikdən verilən məlumata görə, görüşün məqsədi “Kənd Yerlərinin Kompleks İnkişaf Layihəsi”nin icrası ilə bağlı müzakirələrin aparılması olub.
H. Əsədov İslam İnkişaf Bankı ilə əlaqələri yüksək qiymətləndirərək bu layihənin ölkəmizdə həyata keçirilməsinə önəm verdiyini nəzərə çatdırıb. Görüşdə hər bir komponent ayrı-ayrılıqda müzakirə olunub, ümumilikdə layihənin fəaliyyətinin optimallaşdırılması üzrə nazir öz məsləhət və tövsiyələrini verib.
İslam İnkişaf Bankının nəzarət missiyanın rəhbəri Bahodir Mirzayev verilən səmərəli təklifləri təqdirəlayiq hesab edərək onların layihə fəaliyyətində nəzərə alınmasını məqsədəmüvafiq hesab edib.
Sələf Xəbər: Müsəlmanların sələmçilik elementindən azad banklar və müxtəlif maliyyə alətləri yaratmağa cəhd etmələri faktı, bütövlükdə, sevindiricidir. Lakin İslam bankinqi və İslam maliyyələri öz inkişafının hələlik ilkin mərhələsində olduğuna görə, bu və ya digər bank ilə hər hansı maliyyə əməliyyatı aparmazdan əvvəl, insan ayrıca bu əməliyyatın mahiyyətini anlamalı, sonra isə bu bankla və ya maliyyə institutu ilə iş aparmağın halal olduğuna qəti əmin olmaq üçün islami ticarət-maliyyə münasibətləri üzrə ekspertlə məsləhətləşməlidir.