Metroda yeniliklər – FOTO
1. 018 dəfə baxılıb
Bakı Metropolitenində vaqonların əsaslı təmir olunması ilə bərabər, modernləşdirilməsi də təşkil edilir.
“Sələf Xəbər” Milli.az-a istinadən bildirir ki, Bakı Metropoliteni QSC-dən verilən məlumata görə, metropolitenin yeganə elektrik deposunda müvafiq şərait, ümumiyyətlə, respublikamızda elektrik qatarlarının əsaslı təmiri üçün uyğun müəssisə olmadığından bu tədbirlər yalnız ölkə xaricində yerinə yetirilir. Bu mənada keçmiş SSRİ məkanında bir neçə ölkəni seçmək imkanı olsa da, mahiyyət və məzmun etibarı ilə eyni işlər yerinə yetirildiyindən, həm də iqtisadi cəhətdən daha səmərəli olduğundan, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi sıx əlaqələr qurulmuş Moskva elektrik qatarlarının təmiri zavodunun Tbilisi filialı ilə bu sahədə əməkdaşlıq edir.
Yeri gəlmişkən, onu da əlavə edək ki, “Dərnəgül” elektrik deposu mövcud iki xəttin əsaslı təmir deposu olacaq və onun layihələndirilməsində əsaslı təmirin tələblərinə uyğun texnoloji prosesin təşkili nəzərdə tutulub. Bu isə müəssisədə həm də dəmir yol hərəkət tərkiblərinin əsaslı təmir edilməsinə şərait yaratmaqla, Bakı metropoliteninin istehsal gücünü artıracaq.
Mövcüd şəraitdə bu günə qədər Tbilisidə əsaslı təmir edilməklə, modernləşdirilmiş 4 qatar Bakı metrosunda rahatlıqla şütüyür. Onlardan ikisi 2014-cü ildə – biri (Leninqrad Yeqorov adına zavodun 1988-ci ildə istehsal etdiyi 81-714.5 tipli baş vaqon nömrəsi 8847-8861 olan qatar) iyul ayında, digəri isə (“Metrovaqonmaş”ın 1989-cu ildə buraxdığı 81-717/81-714 tipli baş vaqon nömrəsi 0178-0179 olan qatar) noyabrda yeniləşmiş siması ilə sərnişinlərə xidmət göstərməyə başlayıb. Müşahidələrə əsasən, sərnişinlər bu yeniləşmədən tam məmnundurlar. Bu günlərdə daha bir qatar Gürcüstan paytaxtında iki ay ərzində büsbütün təzələnərək, “Nərimanov” elektrik deposuna gətirilib. “Metrovaqonmaş”ın 1992-ci il istehsallı baş vaqon nömrəsi 0288-0289 olan qatar son sazlama, yoxlama və sınaq işlərindən sonra fevralın 16-da tam müasirləşmiş görkəmi ilə xəttə çıxarılıb.
Həm bu, həm də ötən il əsaslı təmir edilərək zahiri görünüşü və tərtibatı ilə fərqlənən qatarların xəttə buraxılması sərnişinlərin hiss edəcəyi ilk yeniliklərdəndir. Dekabr ayında gətirilmiş qatarlar isə “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun təklifinə əsasən, açıq çalarlı boyalarla rənglənib. Açıq boz, süd rənginə uyğun hər vaqonun üzərində metropolitenin yeni loqotipi maraqlı dizaynda həkk olunub.
Sərnişinlərin daha çox hiss edəcəyi yeniliklər sırasında sərnişin salonunda odadavamlı materiallarla təchiz edilmiş döşəmə və tavanın müasirləşməsini, paslanmayan dəmirlə əvəzlənmiş tutacaqların daha gözəyatımlı olmasını, antivandal, lakin yumşaq materialdan hazırlanmış oturacaqların rahatlığını qeyd etmək olar. Eyni zamanda, qatarların nəfəslikləri də yeni formada olmaqla, ondan istifadə olunması xeyli asanlaşdırılıb. Tavandakı havalandırma sistemi bütünlüklə yenilənərək, səthi xüsusi şəbəkə ilə örtülüb ki, bu da salonun estetik görkəminə yenilik gətirib. Bu kimi yeniliklər sərnişin salonunun plastikasını xeyli fərqli etməklə, vaqonun erqonomik cəlbediciliyinə əsaslı təsir göstərib. Bu mənada, salonun görünüşünə əsas təsir göstərən faktor işıq diodlu lampaların lüminisent analoqlarını əvəzləməsidir.
Əvvəlki dövrdə modernləşdirilmiş vaqonlardan fərqli olaraq, ötən il yeniləşdirilmiş qatarlarda həm də onların vintli sotor-kompressoru da yeni nəsil analoqu ilə əvəzlənib. Xidməti asan olmaqla, onun ən üstün cəhəti məhsuldarlığında və səssizliyindədir.
Söz yox ki, yeni nəsil texnologiyalarının tətbiqi qatarların istismarını, qulluğunu, cari təmirini həm xeyli asanlaşdırıb, həm də bu prosesləri sadələşdirib. Nəticədə, qatar parkının əsaslı şəkildə yenilənməsi ilə yanaşı iş şəraitinin, əməyin mühaifzəsinin və təhlükəsizlik texnikasının ən yüksək səviyyədə təminatına şərait yaranıb.
Modernləşdirilməklə əsaslı təmir edilmiş qatarların xətlərdə özünü tam doğrultmasını nəzərə alaraq, “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi bu prosesi davam etdirmək qərarını verib. Cəmiyyətin sədri Zaur Hüseynovun əmrinə əsasən, baş vaqonları (8857-8858 nömrəli) 1988-ci, aralıq vaqonları isə (0555-0556-0557 nömrəli) 1989-cu ilin istehsalı olan qatar da Tbilisi Elektrik Qatarlarının Təmiri Zavodunda əsaslı təmir edilərək, modernləşdiriləcək. Hazırda “Nərimanov” elektrik deposunda qatarın yola salınması üçün müvafiq hazırlıq işlərinə başlanılıb.
Sələf Xəbər: Xatırladaq ki, Uca Allah 1400 il əvvəl Quranda, indiyədək bəşəriyyətə məlum olmayan müxtəlif nəqliyyat növlərinin meydana çıxması barədə bizə xəbər verib. Uca Allah buyurur: “Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır”. (Qurani-Kərim, “Ən-Nəhl” surəsi, 8-ci ayə)
Nüfuzlu Quran təfsirçisi, mərhum Əbdurrəhman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Uca Allah, həmçinin, xəbər verir ki, Quran nazil edildikdən sonra da insanların bilmədiyi çoxlu şeylər yaradılacaqdır. İnsanlar quruda, dənizdə və havada istifadə ediləcək müxtəlif əşyalar icad edəcəklər. Onlar bu ixtiraları öz maraqları üçün tətbiq edəcək və onlardan faydalanacaqlar.