Qətər ölkəmizin aqrar sektoruna investisiya qoymaq niyyətindədir
821 dəfə baxılıb
Mayın 11-də kənd təsərrüfatı naziri Heydər Əsədov ilə Qətər Dövlətinin İnvestisiya Qurumunun biznesin inkişafı idarəsinin müdiri Şeyx Abdul Əziz Bin Ali Al Taninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
“Sələf Xəbər”in AZƏRTAC-a istinadən məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, görüşün məqsədi Azərbaycanın investisiya mühiti ilə tanışlıq, ikitərəfli iqtisadi münasibətlərin və investisiya layihələrinin müzakirəsi olub.
Heydər Əsədov iki ölkə arasında siyasi əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, iqtisadi əlaqələrin, xüsusilə kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsinin məqsədəuyğun olduğunu diqqətə çatdırıb. Nazir son dövrlərdə ölkəmizdə kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar, ölkə rəhbərliyinin aqrar sektora göstərdiyi diqqət və qayğı, bu sahənin inkişafı ilə bağlı qəbul olunmuş qərar və sərəncamlar, həmçinin hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar barədə geniş məlumat verib və Azərbaycanda aqrar sahədə əlverişli investisiya mühitinin olduğunu qeyd edib.
Bildirilib ki, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları, xüsusilə meyvə-tərəvəz öz yüksək orqanikliyi və keyfiyyətinə görə seçilir. Ölkəmizdə meyvəçilik və tərəvəzçilik sahəsində ən müasir standartlara cavab verən istehsal və emal müəssisələri yaradılıb. Azərbaycandan ixrac olunan kənd təsərrüfatı məhsulları bütün vergilərdən azad olunub, ixracın stimullaşdırılması üçün subsidiyaların tətbiqi ilə əlaqədar dövlət tərəfindən geniş tədbirlər planı həyata keçirilib və son aylarda tərəvəz məhsullarının ixracı bir neçə dəfə artıb.
Nazir Qətərin iş adamlarını Azərbaycana dəvət edib və əlaqələrin genişlənməsi üçün nazirlik tərəfindən inverstorlara lazımi dəstək veriləcəyini vurğulayıb.
Səmimi görüşə görə təşəkkür edən Şeyx Abdul Əziz Bin Ali Al Tani Qətərin Azərbaycanla kənd təsərrüfatı sahəsində əlaqələrə, xüsusilə heyvandarlıq, südçülük, tərəvəzçilik, ərzaq məhsullarının istehsalı sahələrinə investisiya qoyuluşunda və Azərbaycanda kənd təsərrüfatı sahəsində layihə həyata keçirməkdə maraqlı olduğunu qeyd edib. Qonaq ölkəsinin Azərbaycanın kənd təsərrüfatı sahəsinə investisiya qoymaqla keyfiyyətli məhsul əldə etmək və bu məhsulları Qətərə ixrac etməyə maraq göstərdiyini diqqətə çatdırıb.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlərə də toxunulub və qarşılıqlı fikir mübadiləsi aparılıb.
Sələf Xəbər: Uca Allah buyurur: “(O mərhəmətli) Allah ki, göyləri və yeri yaratdı, göydən su endirib onunla sizin üçün (növbənöv) məhsullardan ruzi yetişdirdi, əmri ilə dənizdə üzmək üçün gəmiləri sizin ixtiyarınıza verdi və çayları sizə ram etdi, (Müəyyən edilmiş yolla) daim hərəkət edən günəşi və ayı sizə tabe etdi; gecəni və gündüzü sizə ram etdi. O sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur”. (Qurani-Kərim, “İbrahim” surəsi, 32-34-cü ayələr)
“Uca Allah ayədə bildirir ki, O, göylərin və yerin əhatəolunmaz ölçülərinə baxmayaraq, onların Vahid Xaliqidir. O, buludları yağış yağdırmağa məcbur edir və bunun sayəsində yer üzündə çeşidli bitkilər bitir. Bu bitkilər insanlar üçün yemək, ev heyvanları üçün isə yem kimi istifadə edilir. Allah insanlara gəmi düzəltməyi öyrətmiş, buna görə onlara güc və bacarıq bəxş etmişdir. O, gəmiləri dənizdə üzməyə məcbur edir ki, insanlar dəniz səyahətlərinə çıxa və uzaq ölkələrə ticarət yükləri və digər ağır yüklər apara bilsinlər. O, çayları yer üzərində axmağa məcbur edir ki, insanlar öz əkin sahələrini suvarsınlar, heyvanlarını sulaya bilsinlər və öz susuzluqlarını aradan qaldırmağı təmin etsinlər. Bununla yanaşı, O, günəşi və ayı yaratmışdır və onlar da bir an belə fasilə vermədən insanların mənafeyinə xidmət edir və öz orbitləri üzrə hərəkət edir. Bunun sayəsində qullar ilin hesabını bilir, öz sağlamlıqlarına baxır, öz heyvanlarının, əkinlərinin və meyvə bağlarının qayğısına qalırlar. Onlar gecələr istirahət edir, dan söküləndə isə Uca Rəbbin nemətlərini axtarmağa gedirlər.
Allah-Təala insanlara onların arzuladıqları və ehtiyac duyduqları hər şeyi vermişdir. O, onlara öz dilləri ilə xahiş etdikləri və ya şəraitin tələbi ilə nemətlər vermişdir. O, onlara müxtəlif və bol-bol hədiyyələr, çeşidli məmulatlar və digər nemətlər əta etmişdir. Əgər insanlar Rəbbinin onlara bəxş etdiyi nemətləri saymağa cəhd göstərsələr, bunu edə bilməzlər. Buna görə də onlar Allahın onlara bəxş etdiyi nemətlərə görə əvəz kimi minnətdarlıq edə bilməzlər. Həqiqətən, insan öz təbiəti etibarı ilə zalım və nankordur. Bu və əvvəlki ayələrdə Uca Allah qullarına əta etdiyi çoxsaylı nemətlər haqqında xəbər verir. O, həmçinin insanları Ona dua ilə müraciət etməyə, gecə-gündüz Ondan xahiş etməyə dəvət edir, çünki insanlar Onun nemətlərindən fasiləsiz olaraq zövq alırlar”. (Bax: “Təfsir Əs-Saadi”)