Rusiyadan gələn böyük təhlükə
952 dəfə baxılıb
Azərbaycan hökuməti şimaldan başlayacaq qasırğaya hazır olmalıdır.
Rusiya iqtisadçıları ölkədə son 20 ilin ən ağır bank böhranının yaxınlaşdığını proqnozlaşdırırlar.
“Sələf Xəbər”in ANS PRESS-ə istinadən məlumatına görə, bu ölkədə çox sayda azərbaycanlı iş adamının və əmək miqrantının işlədiyi nəzərə alınarsa, bu, Moskvadan başlayan bu fırtınanın Azərbaycana da toxunacağını ehtimal etməyə imkan verir.
Bu fikrin müəllifləri içində German Qref kimi nüfuzlu iqtisadçının olması da vəziyyəti müəyyən qədər dramatikləşdirir. Hazırda Rusiya Mərkəzi Bankının tabeçiliyində olan “Sberbank”a rəhbərlik edən German Qref “iri miqyaslı bank böhranı” barədə danışır: “1990-cı illərin sonundan bu yana belə vəziyyət yarandığını xatırlamıram. Son 20 il ərzində ilk dəfədir ki, bu cür mürəkkəb və uzun çəkən böhran gəlir”.
Əslində, Rusiya Mərkəzi Bankının göstəriciləri vəziyyəti elə də ağır göstərmir. Problemli kreditlər ümumi kredit həcminin 7,6%-ni təşkil edir ki, bu da Dünya Bankının (DB) və Beynəlxalq Valyuta Fondunun (BVF) “böhran” həddi kimi müəyyən etdiyi 10%-dən aşağıdır. Həmçinin, dövlətin Əmanətlərin Sığortası Agentliyinə verdiyi vəsaitlər ümumi daxili məhsulun (ÜDM) 1,37%-inə bərabərdir ki, bu da DB və BVF-nin müəyyən elədiyi 2%-lik böhran həddindən xeyli aşağıdır.
Amma Moskvada fəaliyyət göstərən Makroiqtisadi Analiz və Qısamüddətli Proqnozlaşdırma Mərkəzinin aparıcı eksperti Mixail Mamonovun fikrincə, böhranı Rusiyanın bank biznesində olan potensial “dəliklər” yaradacaq. Məsələ bundadır ki, Rusiyada bank sektorunun oyunçularının böyük hissəsinin məxsusi kapitalla bağlı ciddi problemləri var. Bankların çoxu nizamnamə kapitalı ilə bağlı Mərkəzi Banka uydurma məlumatlar verirlər. 2013-cü ildə Elvira Nabiullina Mərkəzi Bankın rəhbəri təyin edilən zaman ölkədə mindən çox bank vardı. Yeni rəhbər bu cür bankların kütləvi təmizlənməsinə başladı və nəticədə Rusiya banklarının sayı 693-ə düşüb. Hazırda 78 banka əhalidən əmanət götürmək qadağan edilib. 151 bank Mərkəzi Bank qarşısında hər gün hesabat verir.
German Qref bu məsələni əsas götürərək böhranın qaçılmaz olduğunu düşünür: “Bank sisteminin hansı hissəsinin iflic, hansı hissəsinin təhlükəli yük olduğunu bilmək çox çətindir”. Son aylarda Rusiya banklarının gəlirlərinin aşağı düşməsi də bu fikri gücləndirir.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri, iqtisadçı alim Azər Mehdiyevin fikrincə, Rusiyada baş verəcək bank böhranı istənilən halda Azərbaycana təsir göstərəcək. “Orda çox sayda azərbaycanlı əmək miqrantı var. Bank böhranın olması əmək miqrantlarının gəlirlərini azaldacaq. Uyğun olaraq, Azərbaycana bu ölkədən gələn pul baratları da azalacaq. Bu isə çox sayda ailələrin dolanışığına təsir göstərəcək”, – deyə Azər Mehdiyev bildirib.
İqtisadçı alimin fikrincə, Rusiyada fəaliyyət göstərən azərbaycanlı iş adamları da bank böhranının təsiri altında qala bilərlər: “Böyük ehtimalla, onlar pullarını qorumaq üçün kapitalı xaricə çıxarmağa çalışacaqlar. Həmin pulların Türkiyə, Gürcüstan və Moldovaya getmək ehtimalı daha böyükdür. Hətta Ukraynanın qərbinə də gedə bilərlər. Elə etmək lazımdır ki, həmin pulların bir qismi Azərbaycana gəlsin. Bu bir çox sahələrdə dirçəlişə səbəb ola bilər”.
Azər Mehdiyevin fikrincə, bunun üçün Azərbaycan iqtisadiyyatında rəqabət mühiti yaratmaq lazımdır: “Hər şeydən öncə məmurların bizneslə məşğul olmasının qarşısı alınmalıdır. Yoxsa, bazarlarda süni yaradılmış inhisarçılıqdan xilas olmaq mümkün olmayacaq. Sərhədlərdə yaradılmış süni maneələr də aradan qaldırılmalıdır”.
Aydın görünür ki, Azərbaycan lazımi tədbirlər görsə, Rusiyada gözlənən böhrandan dəyə biləcək zərəri xeyli azalda bilər. Həmçinin, müxtəlif səbəblər üzündən şimala mühacirət etmiş Azərbaycan kapitalının bir qismini də geri qaytara bilər. Bu isə öz növbəsində ölkənin neftdən kənar sektorunda dayanıqlı genişlənmə ilə nəticələnə bilər.
Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanların mənəvi və dünyəvi vəziyyətini düzəltməyini diləyirik. Amin!