Sələf Xəbər


İQTİSADİYYAT VƏ MALİYYƏ

 Son Xəbərlər

Sosial mənzillərin aylıq ödəniş haqqı 100-150 manat civarında olacaq

Aprel 13
18:24 2016

Aztəminatlı ailələrin mənzil problemi həllini tapır.

Prezident İlham Əliyev aprelin 11-də “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Fərman imzalayıb.

“Sələf Xəbər” Oxu.Az-a istinadən məlumat verir ki, prezidentin fərmanı ilə Mənzil İnşaatı Dövlət Agentliyi haqqında Əsasnamə və Agentliyin strukturu təsdiq edilib. Agentliyin işçilərinin ümumi say həddi 60 ştat vahidi müəyyənləşdirilib və tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyət yaradılıb.

Mənzil İnşaatı Dövlət Agentliyinə Cəmiyyətin sərəncamına verilən torpaq sahələrində inşa edilən çoxmənzilli binalardan vətəndaşların mənzilləri güzəştlərlə əldə etməsi qaydasına dair təklifləri iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.

Oxu.Az agentliyin yaradılmasında məqsəd və agentliyin mənzil bazarına təsirləri ilə bağlı məsələni araşdırıb.

“MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov hesab edir ki, Azərbaycanda mənzil tikintisini tənzimləyən vahid bir qurum olmalı idi:

“Hesab edirəm ki, Azərbaycan prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması iki zərurətdən yaranıb. Birinci zərurət ondan ibarətdir ki, Azərbaycanda mənzil tikintisini tənzimləyən vahid bir qurum olmalıdır.

Məsələn, tikinti standartları, tikinti normaları, tikintinin hansı ərazidə nə qədər aparılması, tələb və təklifin balanslaşdırılması vahid bir mərkəzdən idarə olunmalıdır. Ona görə də, bu qurumun yaradılmasına ehtiyac var idi.

İkinci zərurət ondan ibarət ola bilər ki, Azərbaycan prezidenti İlham Əliyev ölkədə sosial evlərin tikintisi ilə bağlı göstəriş verib. Sosial evlərin tikintisi, satılması, idarə edilməsi vahid bir qurum tərəfindən həyata keçirilməlidir. Yəqin ki, sosial evlərin tikintisi və idarəedilməsi də bu quruma tapşırılacaq”.

N.İbrahimov agentiyin mənzil bazarına təsirindən də danışıb:
“Bu agentliyin mənzil bazarına təsirini zaman göstərəcək. Yəqin ki, bu agentlik işə düşsə, bu sahədə olan çatışmazlıqları tədricən aradan qaldırmağa nail ola bilər”.

Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin sədri Ramil Osmanlı qeyd edib ki, agentliyin yaradılması sırf sosial mənzil fondunun yaradılması zərurətini nəzərdə tutur:

“Ötən il müşavirədə Azərbaycan prezidenti ölkədə sosial mənzil qurumunun yaradılması və sosial evlərin aztəminatlı ailələrə verilməsi ilə bağlı müvafiq tapşırıqlar, göstərişlər verib.

Orda agentliyin vəsaitlərindən istifadə satınalma yolu ilə həyata keçiriləcək. Bu isə o deməkdir ki, vəsaitlər məhz dövlət hesabına təmin olunacaq.

Yəni agentlik bu sahədə faəliyyət göstərən ayrı-ayrı Mənzil Tikinti Koorperativləri (MTK) arasında satınalma müqavilələri üzrə tenderlər təşkil edəcək. Həmin tenderlərin qalibləri sosial mənzillərin tikintisini həyata keçirəcəklər. Bu tikintinin də həyata keçirilməsi, təbii ki, Satınalmalar haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq aparılacaq. Hesab edirəm ki, belə bir agentliyin yaradılması məhz bu zərurətdən yaranıb”.

“Bir daha qeyd etmək istəyirəm ki, yeni yaradılan agentlik sahibkarlıq orqanı deyil, eyni zamanda bu agentliyin MTK və ayrı-ayrı şirkətlərin fəaliyyətinə müdaxiləsi və nəzarəti nəzərdə tutulmur.

Agentlik sırf bu sahəyə ayrılacaq dövlət vəsaitlərinin satınalma yolu ilə idarəolunmasını nəzərdə tutur, həyata keçirəcək.

Agentlik kollegial idarəetmə qaydasında fəaliyyət göstərəcək. Ona görə düşünürəm ki, bu agentliyin mənzil bazarında hər hansı formada tikintiyə və digər məsələlərə ciddi təsiri olmayacaq”.

O həmçinin qeyd edib ki, sosial mənzil fondu tam olaraq yaradıldıqdan sonra, kirayə mənzil bazarında qiymət azalmaları müşahidə edilə bilər.

R.Osmanlı qeyd edib ki, aztəminatlı ailələrə veriləcək sosial mənzillər 20, 30, 40, 50 illik veriləcək, aylıq ödənişlər isə 100-150 manat civarında olacaq.

“Təbii ki, aztəminatlı əhalinin mənzil təminatının yaxşılaşdırılması da, eyni zamanda mənzilə olan tələbatı və tələbi aşağı sala bilər ki, bu da qiymət azalmasına gətirib çıxarar.

Aztəminatlı ailələrə sosial mənzillər 20, 30, 40, 50 illik veriləcək və həmin dövr üzrə aylıq minimal ödənişlər ödəniləcək. İlkin olaraq proqnozumuza görə, belə sosial evlərin aylıq ödəniş haqqı 100-150 manat civarında olacaq.

Burda artıq agentliyin hansı qiymət meyarını seçəcəyi o qədər də əhəmiyyətli deyil. Əsas olan aylıq ödənişlərin hansı səviyyədə olacağıdır”.

Birliyin sədri qeyd edib ki, belə sosial mənzillərin aylıq ödəniş haqqı 150 manatı aşmayacaq:

“Hazırkı iqtisadi şərait ilə əlaqədar və əsas məqsədin aztəminatlı ailələrin mənzil probleminin həlli olduğunu nəzərə alsaq, aylıq ödənişlərin həddi 150 manatdan yuxarı olmamalıdır. Sosial kirayə evlərində isə bu daha da az olmalıdır. Hesab edirəm ki, bu şəkildə bu layihənin sosiallığını qoruyub saxlamaq olar.

İlkin statistik rəqəmlərə görə, Azərbaycanda əhalinin 1/3-i evsizdir. Söhbət təsərrüfatlardan gedir.

Burda, təbii ki, Bakı şəhəri ilə yanaşı, Azərbaycanın regionlarında olan aztəminatlı ailələrin mənzil təminatının yaxşılaşdıırlması aktual olaraq qalır. Yəni konkret say demək olmaz. Amma ümumi əhalinin ümumi təsərrüfatların 1/3-i kifayət qədər böyük bir rəqəmdir.

Düşünürəm ki, qısa müddət ərzində bütün aztəminatlı ailələrin bu problemini həll etmək mümkün olmayacaq”.

“Buna ən azı 10 illik bir dövr lazımdır”, – deyə Osmanlı əlavə edib.

Sələf Xəbər: Uca Allah buyurur: “Allah evlərinizi sizə məskən (yaşayıb dincəlmə yeri) etdi, heyvanların dərilərindən həm köç vaxtı, həm də bir yerdə qaldığınız zaman (daşınması) sizin üçün yüngül (asan) olan evlər-çadırlar düzəltdi, onların yunundan, tükündən və qılından müəyyən vaxta qədər (ömrünüzün sonuna kimi və ya onlar köhnələnədək) istifadə edəcəyiniz ev əşyası (pal-paltar, xalça-palaz) və (satlıq) mal verdi”. (Qurani-Kərim, “əl-Nəhl” surəsi, 80-cı ayə)

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

XƏBƏR LENTİ

   

BİZ SƏLƏFİLƏR KİMİK?

📅1 Fevral, 2018🕔17:3031. 606 dəfə baxılıb

BİZİ TWİTTER-DA İZLƏYİN