Süni qida və ailə büdcəsi
910 dəfə baxılıb
Sələf Xəbər” anasudu.az saytına istinadən 2014-cü ildə Azərbaycanda süni qida məhsullarına və qidalandırma ləvazimatlarına ailə büdcəsinin illik xərclərinin hesablama nəticəlirini təqdim edir.
Dünyanın müxtəlif ölkələrində ailənin bir körpə üçün süni qidaya olan illik xərcləri öyrənilmiş və ictimaiyyətə təqdim edilmişdir. Rəsmi mənbələrə görə Amerika Birləşmiş Ştatlarında süni qidaya olan xərclər hər bir körpəyə ildə $1,139-$1,188.00 (893-932 manat), Birləşmiş Krallıqda isə £368-£395 (454-487 manat) hesablanılmışdır.
Alınan rəqəmlər valideynlərə süni qida xərclərinin daha aydın mənzərəsini göstərir. Lakin Azərbaycan üçün bu rəqəm hesablanılmamışdır. Nəzərə alsaq ki, Azərbaycanda süni qida istehsal olunmur və satışda olan bütün məhsullar idxal olunur, bu rəqəm digər istehsalçı ölkələrdən dəfələrlə fərqlənməlidir.
Bu səbəbdən www.anasudu.az saytının təşəbbüsü ilə 2014-cü ildə Azərbaycanda süni qida məhsullarına və qidalandırma ləvazimatlarına ailə büdcəsinin illik xərcləri hesablanılmışdır.
Əczaxanalarda və ərzaq dükanlarında süni qidaların qiymətlərinə dair araşdırma aparıldı, nəticədə qiymətlər məlum oldu. Satışda mövcud olan ən ucuz süni qida-3.30 manat (Heinz) və ən bahalı-19.32 manat (Kabrita) müəyyən edildi.
Müəyyən olunmuş qiymətlərlə işləmək üçün aylar üzrə körpələrin nə qədər süni qida istehlak etdikləri araşdırıldı. Çünki, tələbat sabit deyil və inkişaf edən, böyüyən körpənin süni qidaya olan ehtiyacı aydan-aya artır. Süni qidalanan körpələr üçün aylar üzrə hazırlanan ümumi standartlara əsasən 1 il müddətində hər bir körpənin nə qədər süni qida tükətdiyi hesablanıldı.
Qeyd edək ki, 30 ml mayeyə 1 ölçü qaşığı süni qida əlavə edilir, hər bir ölçü qaşığının tutumu isə 4.5 qr-dir. Bütün bu ölçülər hesablamalarda nəzərə alınmışdır. Bildiyimiz kimi qida təhlükəsizliyini təmin etmək üçün hazırlanmış süni qida bir neçə saatdan sonra yenidən körpəyə yedizdirilə bilməz və atılmadır.
Hesablanma zamanı artıq qalan süni qida israfları nəzərə alınmamışdır. Beləliklə, nəticələrə görə bir körpə həyatının ilk birinci ili ərzində cəmi 277 kağız qutu və ya 138 dəmir bağlama süni qida istehlak edir.
Körpənin yaşı | Süni Qida müvafiq olaraq, kağız qutu və ya dəmir bağlama (ədəd) |
---|---|
0-3 həftə | 14 və ya 7 |
3 həftə-3 aylıq | 35 və ya 18 |
3-6 ay | 80 və ya 40 |
6-9 ay | 84 və ya 41 |
9-12 ay | 64 və ya 32 |
İstehlak olunan süni qidanın miqdarı və satış qiyməti məlum olduqdan sonra süni qidaya sərf olunan illik xərc hesablanmışdır. Məlum olmuşdur ki, Azərbaycanda orta statistik ailə yalnız süni qidaya ildə minumum 911, maksimum isə 2772 manat xərcləyir.
Həmçinin unutmaq lazım deyil ki, süni qidalandırılan körpənin yalnız qidasına maddi vəsait xərclənmir. Süni qidalandırmaq üçün müəyyən vasitələr və ləvazimatlara da ehtiyac var.
Keyfiyyətindən və istehsalçı ölkədən asılı olaraq:
- uşaq termosunun 3-7.50 manat;
- sterilizatorun 54-104 manat;
- əmizlikli şüşənin 5.60-17.60 manat;
- əmziyin isə qiyməti 1.20-10.8 manat arasında tərəddüd edir.
Həmçinin minimum hər 2-3 aydan bir əmzik və ildə ən azı 4 dəfə əmzikli şüşə gigiyena tələbatlarına uyğun olaraq dəyişdirilməsi nəzərə alınmışdır. İllik olaraq, bir körpənin ailəsi onun süni qidalanmasına minimum 974.44- 2911.5 və daha çox manat sərf edir.
Azərbaycan Statistika Komitəsinin verdiyi məlumata görə 2013-cü ildə 1 yaşına kimi süni qidalanan körpələrin sayı 107309 nəfər olmuşdur.
Bu faktı nəzərə alaraq deyə bilərik ki, Azərbaycanda olan süni qida distribüterlərinin potensial gəliri təxmini olaraq 97- 297 milyon manat arasında tərəddüd edir. Dövlət tərəfindən verilən statistik məlumatlara əsasən süni qidalanan körpələrin sayı ildən ilə artmaqdadır. Süni qida distribüterlərinin bu tendensiyada rolu və maraqları şübhəsiz və danılmazdır.
Müəllif: Mehriban İsrafilli, Səltənət Zülfüqarova
«Analar öz övladlarını tam iki il əmizdirməlidirlər. (Bu,) əmizdirməni tamamlamaq istəyənlər üçündür»
Qurani-Kərim, “Bəqərə” surəsi, 233-cü ayə