Türkiyənin “Petkim” şirkəti xalis gəlirlərini 10 dəfə artırıb
925 dəfə baxılıb
Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) “APA-Economics”ə verilən məlumata görə, Türkiyədə sahib olduğu və Türkiyənin neft-kimya sənayesində yeganə xammal istehsalçısı olan “Petkim” şirkəti bu ilin birinci yarısında 55 mln. türk lirəsi (TL) həcmində xalis gəlir əldə edib.
Bu ötən ilin analoji dövrünün göstəricisindən 10 dəfə çoxdur.
“Petkim” ötən ilin birinci yarısında 5 mln. TL mənfəət əldə edib, ilin sonunda isə bu rəqəmi 49 mln. çatdırıb.
Bu ilin ilk altı ayı ərzində “Petkim”də istehsal 6% artaraq, 1 mln. 471 tona yüksəlib. Şirkətin istehsal gücünün istifadə əmsalı 9 bənd yüksələrək, 90%-ə çatıb.
“Petkim”in baş direktoru Sadəddin Qorqud neft-kimya bazarında şirkətin məhsullarına tələbatın artdığını bildirib. Bunu nəzərə alaraq etilen və PTA fabriklərində məhsuldarlığın artırılması, istehsalın illik həcminin 3,2 mln. tondan 3,6 mln. tona çatdırılması planlaşdırılır.
Yeni istehsal güclərinin yaradılması istiqamətində işlər də uğurla gedir. Gələn il istifadəyə veriləcək “Petlim” konteyner limanı logistika sahəsində gəlir gətirməyə başlayacaq. İlk fazası 2015-ci ilin sonunda işə salınacaq külək elektrik stansiyasının isə enerji istehsalı və çeşidliliyi artıracağı nəzərdə tutulur.