Ramazanın son on günü və Qədr gecəsi – Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin)
2. 076 dəfə baxılıb
SelefXeber.az saytının YouTube kanalına abunə olun
Ramazanın sonuncu on günü çox fəzilətli günlərdir. Çünki Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bu günləri etikafda (ibadətə qapanmaqla) keçirərdi. Bu günlərin hər gecəsini namaza həsr edər, bu gecələrdə ailəsini də oyadardı.
Bu günlərdə min aydan xeyirli olan qədr gecəsi vardır. İnsan bu günlərini bazarlarda, orda-burda dolaşaraq, yaxud evdə boş-boşuna oyaq qalmaqla zay etməməlidir. Belə halda o çox xeyirdən məhrum olacaqdır.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) qədr gecəsinə müvəffəq olmaq üçün, əvvəlcə Ramazanın ilk on günlüyündə etikaf edirdi. Sonra ikinci on günlükdə etikaf etdi. Daha sonra ona qədr gecəsinin sonuncu on günlükdə olduğu vəhy edildi, o da möhtəşəm qədr gecəsinə müvəffəq olmaq üçün həmin günlərdə etikaf etməyə başladı.
Mən qardaşlarımı bu günlərdə imamın arxasında daha çox namaz qılmağa təşviq edir, imam namazı qılıb qutarana qədər davam etməyə çağırıram. Çünki bu halda onlar üçün gecə namazı qılmış kimi savab yazılır.
İnsanlar Məkkədə gecənin əvvəlində bir imamla, ikinci hissəsində isə digər imamla namaz qılırlar. Gecənin birinci hissəsində namaz qıldıran imam vitr namazını da qıldırır. Amma elələri olur ki, gecənin ikinci hissəsində də gecə namazı qılmaq istəyirlər. Bu halda onlar birinci imam vitr namazını qurtarıb salam verəndə, qalxıb bir rükət də qılsınlar, beləliklə rükətlərin sayı cüt olacaqdır. Belə etməkdə heç bir narahatçılıq yoxdur. Bu sanki yerli adamın müsafirin arxasında namaz qılması kimidir. Belə ki, müsafir imam salam verdikdən sonra, yerli adam qalxıb namazının qalan rükətlərini tamamlayır.
Gecənin birinci hissəsində təravih namazı qılan imamla vitri qılan kimsə əgər gecənin ikinci hissəsində gecə namazı qılmaq istəyirsə, imam vitrin sonuncu rükətini qılanda, o cüt qılacağına niyyət etsin. Sonra ikinci imamla gecənin axırında vitri tamamlayar.